Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:50

AB ilə tərəfdaşlıq Azərbaycana nə verəcək?


Azərbaycan-AB
Azərbaycan-AB

Azərbaycanla Avropa Birliyi (AB) arasında sazişin imzalanması gözlənilir. Tərəflər əksər məsələlərin razılaşdırıldığını söyləsələr də, sənədin imzalanması hələlik yubanır.

Avropa Birliyi ilə əməkdaşlıq Azərbaycana nə vəd edir, o, hansı üstünlüklər əldə edəcək? AzadlıqRadiosu belə bir suala iqtisadçılardan, siyasi şərhçilərdən cavab almağa çalışıb.

M.Əliyev: «Dövləti siyasi-iqtisadi böhranlardan qoruyur»

«Dövləti siyasi-iqtisadi böhranlardan qoruyur, sabitliyi daha çox gücləndirir», - «Turan» xəbər agentliyinin direktoru Mehman Əliyev deyir. Onun fikrincə, AB ilə əməkdaşlıq cəmiyyətin özünün və dövlətin dayaqlarının möhkəmlənməsinə, inkişafına gətirir: «Azad cəmiyyət formalaşır, cəmiyyət fəallaşır, insanlar bütün istiqamətlərdə öz potensialını realizə etməyə başlayır. Monopoliya, korrupsiya aradan qalxır, azad, sərbəst imkanlar verilir, kimi biznes, kimi mətbuat sahəsində və ya başqa sahələrdə özünü göstərir».

M.Əliyev
M.Əliyev

M.Əliyev fikrini əsaslandırmaqdan ötrü AB ilə illər öncə assosiativ saziş imzalamış Gürcüstanda iki sahədə dəyişiklikdən söz açır: «Gürcüstan mediasının reklam bazarı, durumu əvvəlki illərdən fərqlidir, yaxşılaşıb, inkişaf edir. Həm çap, həm də elektron media güclənib. Və ya turizmi götürək. Gürcüstan Rusiyadan gələn turistlərin sayına görə birinci yerdədir. Bizdə belə axın var? Yox. Nəyə görə gedirlər ora? O cəmiyyət azaddır, orda qalmaq, onun ab-havası daha xoşdur, totalitar ölkələrdən daha çox ora gedirlər, məsələn, İran, Türkiyə, Rusiya, Azərbaycandan».

Deputat Rasim Musabəyov Azərbaycanla AB arasında əməkdaşlığın dərinləşməsinin «strateji xətt» olduğunu bildirir:

«Azərbaycanın birinci tərəfdaşı elə Avropa Birliyidir. Azərbaycanın ticarət dövriyyəsində Avropanın payı 41-42 faiz təşkil edir. Avropa Azərbaycan üçün yeni texnologiya, texnika mənbəyidir. Yeni menecment, təhsil, elm, mədəniyyət deməkdir. Bunlar daha çox Avropa ilə əməkdaşlıq sayəsində inkişaf edib. Bu baxımdan, Bakının Avropa Birliyi ilə əməkdaşlığa strateji sənəd əsasında davam etməsi Azərbaycanın maraqlarına tam cavab verir. Bu, rəsmi mövqedir».

N.Cəfərli: «Avropa Birliyi böyük bazardır»

REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan sözügedən sazişi imzalamaqla iki şey əldə edir: böyük bir iqtisadi bazar və insan azadlıqlarının təminatı.

N.Cəfərli
N.Cəfərli

İqtisadçının sözlərinə görə, bu gün Azərbaycan Avropaya daha çox neft-qaz ixrac edir və o, həmin məkandakı dövlətlərlə iqtisadi əlaqələrin nə qədər münasib olduğunu bilir: «Avropa Birliyi böyük bazardır. Saziş imzalanarsa, bu, Azərbaycana yeni imkanlar yaradacaq. Azərbaycan AB ilə ticarət münasibətlərində yeni mərhələyə qədəm qoyacaq. İlkin illərdə Azərbaycanın qeyri-neft sektoru məhsullarının güzəştli qiymətlərlə Avropa bazarlarına ixracı nəzərdə tutulur. Bu da özlüyündə ciddi məsələdir. Azərbaycan biznesinin Avropa bazarına öyrəşməsi baxımından faydalıdır. İkincisi, normal, keyfiyyətli, beynəlxalq standartlara cavab verəcək məhsulların istehsalına imkan yaranacaq».

N.Cəfərli bir məqama da diqqət yönəldir, Azərbaycan qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırılmalıdır, xüsusən də Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan ötrü vergi və gömrük qanunvericiliyi qurumun qaydalarına uyğunlaşdırılmalıdır.

Nəhayət, iqtisadçı deyir ki, insan haqları məsələsi baxımından vətəndaş cəmiyyəti, xalq, müxalifət böyük fürsətlər qazanacaq: «AB ilə müqavilə imzalayan ölkələrin keçdiyi yola baxsaq görəcəyik ki, orda son illər saxta seçkilər keçirilməyib. Ermənistanın imza atdığı sənəd digərlərinin imzaladığı sazişdən iki pillə aşağıdır. Amma hər halda, orda da son parlament seçkiləri normal keçdi və sivil toplum, media üçün yeni imkanlar açıldı. Bu baxımdan sazişin imzalanması, Azərbaycanın öhdəliklər götürməsi ölkənin sivil dünyaya həm siyasi, həm iqtisadi, həm sosial, həm də humanitar baxımdan inteqrasiyasını sürətləndirə bilər».

E.Şahinoğlu: «...assosiativ sazişə görə rahat şəkildə Avropaya gedə bilirlər»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, sazişin imzalanması Avropa standartlarının mənimsənilməsi, vətəndaş cəmiyyətinin inkişafı baxımından xeyirli olardı: «Ən adi misal, Gürcüstan və Ukrayna vətəndaşları assosiativ sazişə görə rahat şəkildə Avropaya gedə bilirlər. Amma biz Avropa ölkələrinin səfirliklərinin qarşısında həftələrlə gözləməyə, hansısa sənədləri gətirməyə məcburuq».

E.Şahinoğlu
E.Şahinoğlu

E.Şahinoğlunun qənaətincə, Azərbaycan bu əməkdaşlıqda maraqlı olmalıdır: «Əvvəla ona görə ki, onun ticarət tərəfdaşları Avropadadır, ikincisi, «Şərq Tərəfdaşlığı» Proqramının üzvüdür. Üçüncüsü, qazımızın əsas ünvanı Avropadır. Haradan baxsan, Avropaya inteqrasiya bizim maraqlara cavab verir. Bunu hakimiyyət də anlayır. Ona görə sazişin imzalanmasını çox da uzada bilməzlər. Nazir də sazişlə bağlı məsələlərin 90 faiz razılaşdırıldığını deyir. Ərazi bütövlüyümüzü tanıyırlar. İnsan haqları və demokratiya məsələlərinə gəlincə, gərək saziş imzalansın ki, üzərimizə öhdəlik götürək. Bu sənədlər, öhdəliklər bizə lazımdır ki, islahatları dərinləşdirək».

M.Əliyev hesab edir ki, Bakı illərdir sözügedən problemlərin həllindən qaçmaqla ölkəni böhrana gətirib. O, yenidən Gürcüstanı misal çəkir, bu ölkənin hamıdan əvvəl AB ilə saziş imzaladığını, bunun sayəsində xeyli imtiyazlar əldə etdiyini söyləyir:

«Bu ölkədə vətəndaş cəmiyyəti, azad biznes, xarici siyasət, ümumiyyətlə, hər bir sahədə azadlıqların verilməsi, qanunun aliliyinin təmin edilməsi gürcü cəmiyyətinin çiçəklənməsinə, dövlətin güclənməsinə gətirib çıxardı. Tbilisi təkidlə tələb edir ki, niyə Gürcüstanı digər dövlətlərə bağlayırlar? Azərbaycan kimi ölkələr bu məsələdə tormoza çevrilir. Ukraynadakı son seçkilər göstərdi ki, bu ölkədə daha dərin islahatlar gedir. Bu gün hakimiyyətə yeni gələn qüvvələr orda Gürcüstan modelini tətbiq edəcəklər. Demokratiya, azad seçim varsa, deməli, başqa sahələrdə də islahatlar gedəcək, kim bu mərhələni keçirsə, inkişaf edir».

Mütəxəssislərin, siyasi şərhçilərin dediyi kimi, AB ilə əməkdaşlıq Azərbaycana böyük bazar qazandıracaqsa, sahibkarlıq inkişaf edəcəksə, o zaman Bakı sənədi imzalamağa niyə tələsmir?

R.Musabəyov: «AB-dən gələcək qəpik-quruşa görə...»

Deputat R.Musabəyov isə hesab edir ki, əməkdaşlığın hansı kontekstdə davam etməsi, bir çox məsələlərin həlli razılaşma tələb edir. Onun sözlərinə görə, Gürcüstan, Ukrayna, Moldova, Ukrayna və Ermənistanın Avropa Birliyinin verdiyi yardımlara böyük ehtiyacı olsa da, Azərbaycanın «AB-dən gələcək qəpik-quruşa görə riskə getmək fikri yoxdur».

R.Musabəyov
R.Musabəyov

«Avropa Birliyi Moldova, Ukrayna, Gürcüstanla yuxarıdan aşağıya doğru əlaqələr qursa da, bu onların ərazilərindəki münaqişələrin həllinə kömək etmədi. O əməkdaşlıq ki, dövlətləri Avropanın bir əlavəsinə, əlaltısına çevirir, bu həmin ölkələrdə ilk növbədə Rusiya tərəfindən riskləri artırır. Bizim üçün risklər həm də İran tərəfdən var. Biz həmin risklərin müqabilində Avropa ilə münasibətlərin hansı şəkildə qonşuları neytrallaşdırmasını düşünməliyik. Yox, əgər neytrallaşdırmırsa, düşünməliyik neyləyək ki, cənubdan, şimaldan gələn qısqanclıq artmasın və qazancı üstələməsin», – R.Musabəyov bildirir.

Deputatın qənaətincə, Azərbaycan elə bir vəziyyətdə deyil ki, Brüsseldə nə desələr, gözüyumulu «hə» desin və hər hansı sənədə razılıq versin: «Biz Avropa Birliyi ilə ideoloji yox, praqmatik şəkildə münasibətlər qurmaq istəyirik. Bizim AB ilə çox böyük layihələrimiz var. O layihələr bizi Avropaya bağlayır. Bir rəqəm deyim. Şərq Tərəfdaşlığı çərçivəsində 3 ilə 6 ölkəyə ayrılan vəsait 18 milyard avrodur. Azərbaycanın isə avropalı investorlarla reallaşdırdığı Cənub Qaz Dəhlizinin həcmi 40 milyard dollara bərabərdir. Mən demək istəyirəm ki, AB ilə əməkdaşlığımızın əhəmiyyəti «Şərq Tərəfdaşlığı» Proqramından maliyyə tutumuna, əhəmiyyətinə, çəkisinə görə daha əhəmiyyətlidir».

R.Musabəyovun sözlərinə görə, indiki məqamda sənəd iqtisadi məsələlərə görə yubanır, ÜTT üzvü olmayan Azərbaycan iqtisadi bölməni AB ilə razılaşdırmağa məcburdur: «Avropa Birliyinin Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı müəyyən tələbləri var. Həmin nüanslar, məsələn, kənd təsərrüfatı ilə bağlı daxili bazarın qorunması, bank, sığorta sektoruna aid, gömrük dərəcələrinə aid həssas məsələlər hələlik razılaşdırılmayıb. Ancaq inanmaq istərdim ki, AB ilə Azərbaycan arasında dövriyyəni nəzərə alıb razılaşma əldə edəcəklər».

«Turan» xəbər agentliyinin direktoru M.Əliyevin ehtimallarına görə, AB Bakı qarşısında ciddi tələblər qoyur. O bu tələblərin daha çox demokratik islahatlarla, Avropa standartlarına uyğunlaşmaqla bağlı olduğunu düşünür. M.Əliyev Azərbaycan hakimiyyətinin sənədin imzalanmasında maraqlı olmadığını və buna görə müxtəlif bəhanələrlə vaxtı uzatdığını deyir.

XS
SM
MD
LG