Abşeron rayonunun baş memarı və daha bir vəzifəli şəxs həbs olunub.
Bu məlumatı bugün, iyunun 23-də Baş Prokurorluq yayıb.
Məlumata görə, Azərbaycan baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161–Qaynar xətt” əlaqə mərkəzinə Abşeron rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin əməlləri barədə daxil olmuş müraciətlər araşdırılıb.
Açıqlamada Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev və Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovla bağlı iddialardan bəhs edilir.
Baş Prokurorluq bildirir ki, Akif Əliyev bugün, iyunun 23-də Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib:
“Ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub, Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib”.
İddiaya görə, Murad Əhmədov isə iyunun 20-də 1000 manat məbləğində pulu vətəndaşdan alarkən tutulub:
“Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib”.
Açıqlamaya görə, hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Amma bu açıqlamaya, hələlik, həbs edilən sözü gedən şəxslərdən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Ötən il və bu il ölkənin bir sıra icra hakimiyyətlərinin əməkdaşları ilə bağlı oxşar əməliyyatlar keçirilib, həbslər olub.
Həmin əməliyyatları əsasən Dövlət Təhlükəsizlik Xidməti keçrib.Bu əməliyyatlarda icra başçıları, onların müavinləri və başqa vəzifəli şəxslər həbs edilib.
Onlar əsasən, səlahiyyət həddini aşmaqda və mənimsəmədə ittiham edilirlər. İttihamlarla bağlı həbs edilənlər və onların vəkilləri ictimaiyyətə, hələlik, ayrıca açıqlama verməyiblər. Amma onlardan bəziləri həbs qərarından apellyasiya şikayəti verib, şikayətlər təmin edilməyib.
Sonuncu belə əməliyyat mayın 5-də İmişli Rayon İcra Hakimiyyətində keçirilmişdi.