ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini David Hale Helsinkidə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb.
Onlar Rusiya-ABŞ münasibətlərini, Avropada yaranmış problemləri, habelə Yaxın Şərq və Asiyadakı vəziyyəti müzakirə ediblər.
Hale iyulun 10-da vurğulayıb ki, Birləşmiş Ştatların Rusiya ilə əməkdaşlığı gücləndirmək məqsədilə iki ölkə arasında fikir ixtilafını aradan qaldırmağa çalışdığı bir vaxtda Moskvanın ziyanlı fəaliyyətləri bu münasibətlərə maneə yaratmaqda davam edir.
Ryabkov deyib ki, onlar bu görüş zamanı başqa məsələlərlə yanaşı Venesueladakı vəziyyəti də müzakirə ediblər.
Ryabkov bildirib ki, Venesuelada heç bir Rusiya qoşunu yoxdur, lakin Moskva ara-sıra bu ölkəyə özünün hərbi ekspertlərini göndərir.
O bildirib ki, Rusiya bu məsələni Vaşinqtonla müzakirə etməyə lüzum görmür.
Bu da xəbər verilir ki, tərəflər Venesuela məsələsində ortaq məxrəcə gələ bilməyiblər.
Rusiya Venesuelada hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Nicolas Maduronun əsas dəstəkçisidir.
Moskva üç ay bundan əvvəl Venesuelaya 100 hərbi ekspert göndərmişdi.
ABŞ bu vətəndaş qarşıdurmasında müxalifət lideri Juan Guaido-nun tərəfindədir və prezident Trump onu Venesuelanın keçid prezidenti kimi tanıyıb.
Ryabkov binu da deyib ki, onlar Rusiyada həbsdə olan keçmiş ABŞ dəniz piyadası Paul Whelan-ın məsələsini də müzakirə ediblər.
O bildirib ki, Moskva onu ABŞ-da həbsdə olan rusiyalılarla dəyişmək niyyətində deyil.
Whelan ona qarşı Rusiyada elan edilmiş ittihamları rədd edir.