Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:41

ABŞ və Qərb Lukaşenkanın prezident seçilməsini legitim saymır


ABŞ dövlət katibinin müavini Stephen Biegun
ABŞ dövlət katibinin müavini Stephen Biegun

Birləşmiş Ştatlar sentaybrın 11-də bəyan edib ki, Vaşinqton bir neçə gün ərzində Belarus rəsmilərinə qarşı yeni sanksiyalar elan etməyə hazırlaşır.

AFP agentliyi bildirir ki, ABŞ Minsk və onun müttəfiqi olan Moskvanı etirazçılara qarşı repressiyaları dayandırmağa çağırıb.

ABŞ dövlət katibinin müavini Stephen Biegun deyib ki, Birləşmiş Ştatlar fərdlərin, habelə ixracat qaydalarının sanksiyalanması üçün Avropa İttifaqındakı müttəfiqləri ilə məsləhətləşmələr aparır:

"Mən ehtimal edirəm ki, biz bir-iki gün ərzində əlavə sanksiyalar siyahısının tərtibini qətiləşdirəcəyik. Bu, Avropa İttifaqının qoyduğu sanksiyalara parallel sanksiyalar olacaq”.

Bundan əvvəl ABŞ dövlət katibi Mike Pompeo da Belarus rəsmiləri üzərinə sanksiyaların qoyulacağını elan etmişdi.

Təkrar seçki olmalıdır

Belarusda 9 avqust prezident seçkisi keçiriləndən bəri yüz minlərlə insan paytaxt Minsk və başqa şəhərlərin küçələrində ölkəyə 26 ildir ki, rəhbərlik edən Alyaksandr Lukaşenkanın istefasını tələb edən aksiyalara çıxıb.

Bu seçkidə müxalifətin namizədi olmuş Svyatlana Tsixanauskayanın qalib gəldiyi iddia edilir.

Biegun ötən ay Litvada keçirilən görüşdə Tsixanauskayaya dəstək bildirmişdi.

Müxalifətçi Litvaya Belarus hakimiyyət orqanlarının təzyiqi altında qaçmağa məcbur olub.

Biegun bildirib ki, Birləşmiş Ştatlar müxalifətçinin təkrar olaraq “azad və ədalətli” seçki keçirilməsi, bütün siyasi məhbusların azad olunması və hökumət qüvvələrinin etirazçılara qarşı cinayətlərinin araşdırılması tələbini dəstəkləyir.

Beləliklə də ABŞ dövlət katibinin müavini Belarus seçkisinin nəticələrini legitim saymadığını ifadə edib.

“Əgər Kreml bu yoldan dönməsə…”

Biegun Rusiyanın belə bir rejimi necə dəstəkləməsini sual edib, Belarusda insan haqlarının kobud şəkildə pozulmasını pisləyib:

"Əgər Kreml bu yolu tutmaqda davam edərsə, Moskva, Rusiyaya qarşı heç bir kin-küdurəti olmayan belarusları özünə qarşı qaldıra bilər”.

AzadlıqRadiosu yazır ki, Biegun-un Avropa İttifaqı ilə koordinasiyaya ümidlərinə baxmayaraq avropalılar arasında Belarusa qarşı sanksiyalar məsələsində fikir ayrılığı var.

Avropa İttifaqının Belarusa qarşı sanksiyaları ittifaqın üzvü Kipr tərəfindən bloklanıb.

Kipr Avropa İttifaqından eyni zamanda Aralıq dənizindəki fəaliyyətlərinə görə Türkiyə üzərinə də sanksiyalar qoyulmasını tələb edir.

ABŞ dövlət katibi Mike Pompeo Kiprə sentaybrın 12-də səfər etməlidir.

ABŞ indiyədək Belarusun 17 vəzifəli rəsmisinə qarşı sanksiyalar elan edib. Onların arasında Lukaşenka da var.

Vışeqrad dördlüyü

Bu arada Avropa İttifaqında Vışeqrad dördlüyü kimi tanınan ölkələrin – Polşa, Çexiya, Slovakiya və Macarıstandan ibarət qrupu Lyublində keçirilən görüşdə Belarusdakı vəziyyəti müzakirə edib.

Bu ölkələrin liderləri bildiriblər ki, Avropa İttifaqının növbəti sammitinə tədbirlər paketi təqdim edəcəklər.

Bə tədbirlərin arasında Belarus vətəndaşlarına Avropa İttifaqına vizasız gediş-gəliş imkanının verilməsi də nəzərdə tutulub.

Çexiyanın baş naziri Andrej Babiš Belarusda təkrar prezident seçkisinin keçirilməsinə çağırıb.

Bununla belə Babiš Polşanın, Belarus müxalifət lideri Svyatlana Tsixanauskaya ilə görüşmək təklifini qəbul etməyib.

Bundan əvvəl Litva parlamenti Tsixanauskayanı Belarusun legitim prezidenti elan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG