Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:15

ABŞ ‘Rusiyanı çəkindirmək’ üçün sualtı gəmidə taktiki nüvə silahı yerləşdirir


ABŞ-ın sualtı gəmilərindən biri (Foto arxivdəndir)
ABŞ-ın sualtı gəmilərindən biri (Foto arxivdəndir)

ABŞ hərbi dəniz donanması sualtı gəmilərindən birində taktiki nüvə başlıqlı ballistik raket yerləşdirilib.

Ekspertlər deyirlər ki, bu addım Rusiya kimi rəqibləri çəkindirmək üçün atılıb.

Taktiki nüvə silahlarının dağıdıcılıq qüvvəsi strateji nüvə silahları ilə müqayisədə xeyli azdır.

ABŞ müdafiə nazirinin müavini John Rood fevralın 4-də bəyan edib ki, belə silahlardan istifadə ABŞ-ın genişləndirilmiş çəkindirici vasitələrə üstünlük verdiyini göstərir.

Prezident Donald Trump-ın administrasiyası W76-2 taktiki nüvə silahını yerləşdirmək niyyətini 2018-ci ilin fevralında elan etmişdi.

O vaxt ABŞ-ın hərbi qüdrətinə dair hesabat ölkənin çəkindirici arsenalında boşluqların olduğunu göstərmişdi.

Nüvə Siyasəti İcmalı (The Nuclear Posture Review) adlı bu hesabatda deyilirdi ki, Rusiya özünün “de-eskalasiya üçün eskalasiya” strategiyası ilə tanınır.

Kremlin bu strategiyası ABŞ və NATO-nu taktiki silahlarla hədələməklə Avropada geri oturtmaq məqsədi güdür.

Rusiya silahın taktiki olduğunu bilməsə...

Nümayəndələr Palatasındakı demokratlar W76-2 silahının yerləşdirilməsini “təhlükəli” addım kimi tənqid ediblər.

Onlar habelə gileyləniblər ki, Pentaqon bu silah barədə Konqresin suallarına cavab verməkdən boyun qaçırır.

Nümayəndələr Palatası Silahlı Xidmətlər Komitəsinin sədri Adam Smith deyib:

“Bu silahın yerləşdirilməsi Amerikanı daha təhlükəsiz etmir, əksinə hər hansı böhran zamanı mümkün səhvlərin baş verməsinə yol açır”.

Tənqidçilər deyirlər ki, Rusiya atılan raketin taktiki olub-olmadığını dərhal müəyyən edə bilməyəcək.

Hirosimaya atılan bombadan 3 dəfə zəif

ABŞ Alimləri Federasiyasının təxminlərinə görə W76-2 təqribən 5 kiloton partladıcılıq gücünə malikdir. Bu partladıcılıq gücü 90 kilotonluq W76-1 silahında olduğundan xeyli azdır.

Müqayisə üçün bildirilir ki, Hirosimaya atılan atom bombası 15 kilotonluq idi.

Federasiya bildirir ki, Birləşmiş Ştatların hazırda təyyarələrdən atıla bilən 1000-dək taktiki raketi var.

Taktiki silahın sualtı gəmidə yerləşdirilməsinin müdafiəçiləri bildirirlər ki, ABŞ təyyarələri Rusiyanın hava məkanına girmək imkanında olmaya bilər.

Federasiya bunu da qeyd edir ki, taktiki silahın Rusiyanı çəkindirmək məqsədi elan edilsə də, əsas hədəflərin Şimali Koreya və İran olduğu daha ağlabatandır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG