ABŞ hərbiyyəsi və bu ölkədə NATO-nun başçılığı altında xidmət edən koalisiya bildirib ki, yanvarın 27-də Əfqanıstanın şərqində Amerika təyyarəsi qəzaya uğrayıb.
Bu da xəbər verilir ki, təyyarənin düşmən atəşi ilə vurulduğunu göstərən əlamətlər yoxdur.
Əfqanıstandakı ABŞ qüvvələrinin sözçüsü, polkovnik Sonny Leggett deyib ki, hərbi Bombardier E-11A təyyarəsinin Qəzni vilayətində qəzaya uğramasının səbəbləri araşdırılır.
Sözçü qəzanın detalları və itkilər barədə məlumat verməyib.
Bundan əvvəl Talibanın sözçüsü Zabihullah Mujahid ABŞ təyyarəsinin Qəzni vilayətində qəzaya uğradığını bildirmişdi.
Mujahid iddia edirdi ki, qəzada çox sayda ABŞ hərbçisi həlak olub.
ABŞ hərbiyyəsi Bombardier E-11A təyyarəsindən elektron müşahidə aparılması üçün istifadə edir.
Bu təyyarə bir növ Əfqanıstandakı ABŞ qoşunları üçün “səmada Wi-Fi” rolunu oynayır.
Yanvarın 27-də Əfqanıstan rəsmiləri AzadlıqRadiosuna demişdilər ki, ölkənin Ariana Airlines hava şirkətinin sərnişin təyyarəsi Talibanın nəzarətində olan Qəzni vilayətində qəzaya uğrayıb.
Vilayətin qubernatoru Wahidullah Kalimzai AzadlıqRadiosuna bildirmişdi ki, bu təyyarədə 83 nəfər olub.
Buna baxmayaraq Əfqanıstanın dövlət hava yolları şirkəti öz təyyarəsinin qəzaya uğradığı barədə xəbərləri təkzib edib.
AzadlıqRadiosu bildirir ki, bir-birinə zidd xəbərləri aydınlaşdırmaq hələlik mümkün olmayıb.