Türkiyəninn müdafiə naziri Hulusi Akar avqustun 16-da deyib ki, Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması və idarə edilməsi üzrə müştərək ABŞ-Türkiyə əməliyyat mərkəzi gələn həftədən tam gücü ilə işə başlayacaq.
Reuters agentliyi xəbər verir ki, Birləşmiş Ştatlar və Türkiyə Suriyanın şimal sərhədi boyunca təhlükəsizlik zonasının yaradılması məqsədilə birgə əməliyyatlar mərkəzinin qurulması barədə razılaşma əldə ediblər.
Agentlik əlavə edir ki, sözü gedən zonanın ölçüləri və əməliyyat mərkəzinin komanda strukturu barədə detallar verilməyib.
Bu həftənin əvvəllərində ABŞ nümayəndə heyəti sözügedən mərkəzin qurulması məqsədilə Türkiyənin cənubuna səfər etmişdi.
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Türkiyə dronları təhlükəsiz zona yaradılması nəzərdə tutulan ərazi üzərində müntəzəm uçuşlara başlayıb.
Akar deyib ki, Ankara və Vaşinqton arasında əldə edilmiş razılaşmaya görə Suriya kürdlərinin Xalq Müdafiə Birlikləri – YPG döyüşçüləri və ağır silahlar bu bölgədən çıxarılacaq.
İndiyədək YPG kürd qüvvələri ABŞ və Türkiyə arasında anlaşılmazlığın əsas mənbəyi idi.
YPG İslam Dövləti ekstremist təşkilatı ilə mübarizədə ABŞ-ın əsas müttəfiqidir, Türkiyə isə YPG-ni terrorçu hesab etdiyi PKK-nın bir qolu sayır.
Akar Anadolu agentliyinə deyib ki, “başlanğıc yaxşıdır, lakin hələ çox işlər görülməlidir”.
Anadolu agentliyinin məlumatına görə Ankara və Vaşinqton habelə regionun hava məkanına nəzarət və koordinasiya barədə də razılığa gəliblər.