Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:18

ABŞ Rusiyanı Liviyaya döyüş təyyarələri gətirməkdə ittiham edir


Liviyaya gətirildiyi iddia edilən təyyarələrdən biri
Liviyaya gətirildiyi iddia edilən təyyarələrdən biri

ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığı mayın 26-da Moskvanın Liviyadakı Rusiya muzdluların dəstəklənməsi məqsədilə bu yaxınlarda bu ölkəyə döyüş təyyarələri gətirməsi barədə bəyanatla çıxış edib.

Liviya münaqişəsində Rusiyanın muzdlu əsgərləri beynəlxalq aləm tərəfindən tanınmış, Qərb və Türkiyə tərəfindən dəstəklənən Tripoli hökumətinə qarşı döyüşən general Khalifa Haftarın qoşun birləşmələrinin tərəfində döyüşürlər.

Amerika komandanlığının saytında Rusiya təyyarələri olduğu iddia edilən döyüş maşınlarının fotoları da verilib.

Bəyanatda deyilir ki, təyyarələr Rusiyadakı hərbi-hava bazalarının birindən əvvəlcə Suriyaya gətirlərək burada Rusiya aviasiyasına aid nişanların gizlədilməsi məqsədilə rənglənib və daha sonra Liviyaya göndərilib.

ABŞ ordusu Afrika komandanlığının rəhbəri general Steven Townsend deyib ki, Rusiya Liviya münaqişəsinə müdaxilə etdiyini uzun müddətdən bəri gizlədirdi, lakin indi “bunu gizlətməməyi qərara alıb”.

Rusiyanın “muzdlu” pilotları?

General vurğulayıb ki, nə Haftarın başçılıq etdiyi “Liviya Milli Ordusunun”, nə də ki, Liviyada Rusiyanın Vagner özəl hərbi şirkətinə məxsus muzdluların ixtiyarında indiyədək dördüncü nəsil döyüş təyyarələri olmayıb.

Amerika generalının sözlərinə görə “Rusiyanın muzdlu pilotları Rusiyadan göndərilmiş bu təyyarələrlə liviyalıları bombalayacaqlar”.

Bəyanatda xəbərdarlıq edilir ki, Rusiyanın hərəkətləri Liviya münaqişəsinin uzanması və qurbanların artması ilə nəticələnə bilər.

Moskvanın uzaqgedən planı

Bu da qeyd edilir ki, general Haftarı dəstəkləməklə Rusiya uzunmüddətli strateji məqsədlər güdür.

ABŞ generalı bildirir ki, Rusiyanın məqsədi Liviyanın sahil zolağında möhkəmlənmək və burada gəmilərin yan almasını və manevr etməsini məhdudlaşdıran sistem qurmaq və beləliklə də Avropaya cənubdan hədə yaratmaqdır.

Qeyd edilir ki, Rusiyanın Liviyadakı hərəkətləri Avropaya miqrant axının artması ilə nəticələnə bilər.

Rusiyanın müdafiə nazirliyi hələlik bu bəyanatla bağlı şərh verməyib.

Türkiyəni hədələyən Haftarın arxasında kim dayanır?

Liviyaya səkkiz hərbi təyyarənin gətirildiyi barədə Bloomberg agentliyi də xəbər vermişdi.

Agentlik iddia edirdi ki, bu təyyarələr Suriyadakı Hmeymim bazasından gətirilib. Bu baza Rusiyanın nəzarətindədir. Bloomberg yazırdı ki, sözü gedən təyyarələr qiyamçı general Khalifa Haftarın tərəfində döyüşməlidir.

Haftarın özü Türkiyənin dəstəklədiyi hökumət qoşunları tərəfindən ağır məğlubiyyətə uğradıqdan sonra bəyan etmişdi ki, o “Liviyanın tarixində ən böyük hava döyüşünə” hazırlaşır və Türkiyənin bu ölkədəki mövqe və maraqları “qanuni hədəf” hesab ediləcək.

Bəlkə də Belarus?

Lakin The Drive təhqiqat saytı peyk fotolarının təhlili əsasında Liviyaya gətirilmiş təyyarələrin Rusiyaya məxsus olmasını şübhə altına alıb.

Sayt xəbər verir ki, Liviyaya azı 6 MiG-29 qırıcısı və iki Su-24 hücum təyyarəsi gətirilib.

The Drive iddia edir ki, təyyarələri Haftara Birləşmiş Ərəb Əmirlikləri verə bilərdi. Bu da vurğulanırdı ki, təyyarələr Rusiyadan yox, Belarusdan alınıb. Onların Misirdən gətirildiyi də istisna edilmir. Bu ölkələr Khalifa Haftarı dəstəkləyirlər.

Haftarın hədələrinə baxmayaraq hələlik Liviyadakı döyüşlərdə sözü gedən təyyarələrin iştirakı müşahidə edilməyib.

Bundan əvvəl Türkiyə mətbuatı Rusiya muzdlularının təcili qaydada Liviyadan çıxarıldığını xəbər vermişdi.

Xatırlatma

2011-ci ildə Liviyada diktator Muammar Gaddafi devrilib. Onun ikinci oglu Saif al-Islam Liviyanın keçid hökumətinə qarşı müqavimətə rəhbərlik edib.

O bundan az sonra Nigerə qaçmaq istəyərkən ələ keçib və ölkənin şimal-qərbindəki qüvvələr tərəfindən həbsxanada saxlanıb.

O 2015-ci ildə ölüm cəzasına məhkum edilsə də, hökm indiyədək icra edilməyib.

Gaddafi devrildikdən sonra ölkədə vahid hökumətin təşkili mümküm olmayıb. 2011-2014-cü illər arasında yeni hökumətlə keçmiş rejimin tərəfdarları arasında müntəzəm olaraq toqquşmalar baş verib.

2014-cü ilin mayında toqquşmalar tammiqyaslı vətəndaş münaqişəsinə çevrilib. Hazırda ölkənin qərbində paytaxt Tripoli də daxil, Milli Barışıq Hökuməti bərqərar olub.

Bu hökumət BMT tərəfindən tanınıb. Hökumətə baş nazir Faiz Sarraj başçılıq edir. Onun hökuməti Qərb ölkələri və Türkiyə tərəfindən dəstəklənir.

Ölkənin şərqi və cənubu Liviya Nümayəndələr Palatasının nəzarətindədir. Bu hökuməti sözü gedən hərbçi Khalifa Haftarın qoşunları dəstəkləyir.

Öz növbəsində bu hökumətə Misir, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya dəstək verir.

Haftar bundan əvvəl bir neçə dəfə Moskvada Rusiyanın siyasi və hərbi rəhbərliyi ilə danışıqlar aparıb.

Rusiya Haftarı rəsmi olaraq dəstəklədiyini inkar edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG