Keçid linkləri

Təcili xəbərlər
2020, 06 İyul, Bazar ertəsi, Bakı vaxtı 10:35

ABŞ Rusiyadan tələb edir ki…


Christopher Robinson

Birləşmiş Ştatlar Rusiyanı 2014-cü ildə Malayziya Hava Yollarının MH17 reysi ilə uçan təyyarənin vurulmasında şübhəli bilinənlərin təslim edilməsinə çağırıb.

Bu faciə nəticəsində təyyarədə olan 298 nəfərin hamısı həlak olub.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Christopher Robinson martın 2-də AzadlıqRadiosuna deyib:

“Rusiyanın bu hadisə haqqında bildiklərini açmasının və bu iş üzrə adları çəkinlənləri təslim etməsinin vaxtı çoxdan çatıb”.

Niderland prokurorları Boeing 777 təyyərəsinin vurulması ilə bağlı Rusiya vətəndaşları Igor Girkin, Oleg Pulatov, Sergei Dubinsky və Ukrayna vətəndaşı Leonid Kharchenko-ya qarşı ittiham irəli sürüblər.

Təyyarənin Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazidən Rusiya istehsallı Buk raketi ilə vurulduğu bildirlir.

Sözü gedən adamların martın 9-a təyin edilmiş ilk dinləmədə iştirak edəcəkləri ağlabatan görünmür.

Putin israr edib

Beşinci şübhəli, Ukraynanın şərqində davam edən münaqişə zamanı ələ keçmiş Volodymyr Tsemakh-ı sentyabrın 7-də keçirilən son məhbus dəyiş-düyüşü zamanı Kiyev Rusiya tərəfinə təhvil vermişdi.

Bundan başqa Niderlandın rəhbərlik etdiyi Birgə Təhqiqat Qrupu bu nəticəyə gəlib ki, Buk raketlərini Ukraynaya Rusiyanın 53-cü Hava Hücumundan Müdafiə Raket Briqadası gətirib və hadisədən sonra qalan raketləri geri qaytarıb.

Robinson deyib ki, ictimaiyyət üçün açıq olan informasiyalardan MH17 reysinin Rusiyanın nəzarətində olan ərazinin üzərində vurulduğu görünür.

Rusiya bu hadisə ilə hər hansı əlaqəsini inkar edir.

ABŞ rəsmisi deyib ki, Rusiya təcavüzlə məşğul olmaqdan başqa, həm də həqiqəti gizlədir, yalan və dezinformasiya yayır.

Birgə Təhqiqat Qrupu Ukrayna prezidenti Volodymyr Zelenskiy-dən Tsemakh-ı Rusiyaya təhvil verməməyə çağırmışdı.

Lakin bəzi məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin məhbusların dəyişdirilməsi üçün Tsemakh-ın verilməsinin şərt olduğunda israr edib.

MH17 reysi ilə uçan təyyarə 2014-cü il, iyulun 17-də Amsterdamdan Kuala Lumpura gedirdi. Təyyarədə həlak olanların üçdə ikisi Niderland vətəndaşları idi.

Seçki müdaxiləsi, Whelan-ın həbsdə saxlanması

Robinson bunu da deyib ki, Birləşmiş Ştatlar Rusiyadan onun seçkisinə müdaxilə etməməyi tələb edib.

ABŞ habelə hazırda casusluq şübhəlisi kimi Moskvada həbsxanada olan keçmiş dəniz piyadası Paul Whelan-ın azad olunmasını tələb edib.

ABŞ xüsusi prokuroru Robert Mueller 2019-cu ilin martında bu nəticəyə gəlmişdi ki, Rusiya 2016-cı ildə ABŞ seçkisinə geniş müdaxilə kampaniyası həyata keçirib.

The New York Times və Washington Post qəzetlərinin yazdığına görə ABŞ kəşfiyyat orqanları ötən ay Trump administrasiyasına və demokrat namizəd Bernie Sandersə Rusiyanın onların xeyrinə seçkiyə müdaxiləyə cəhd göstərdiyini deyiblər.

Bununla belə, kəşfiyyat Rusiyanın seçkiyə necə müdaxilə etdiyi barədə heç bir məlumat verməyib və dəlil göstərməyib.

Rusiya habelə başqa ölkələrin seçkilərinə də müdaxilədə ittiham olunur. Kreml bu ittihamları da qəbul etmir.

Robinson deyib:

“Rusiya təkcə ABŞ-a qarşı deyil, dünya boyunca ziyanlı fəaliyyətlərə öz dəstəyini dayandırmayınca ABŞ-Rusiya ikitərəfli münasibətlərində heç bir yaxşılaşmadan söhbət gedə bilməz”.

Rusiya Whelan-ı 2018-ci ilin dekabrında Moskvada həbs edib. Yerli medianın yazdığına görə onun üstündən içində dövlət sirləri olan fleşkart çıxıb.

Whelan bildirir ki, bu kartı ona bir rusiyalı tanışı, görünür elə onu tutdurmaq üçün verib.

XS
SM
MD
LG