Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 16:10

Suriyadakı Rusiya qüvvələrinə ‘yanacaq verən’ şirkətə sanksiya qoyulur


Rusiyanın An Il-20 elektron kəşfiyyat təyyarəsi Hmeymim bazasından qalxır (Foto arxivdəndir)
Rusiyanın An Il-20 elektron kəşfiyyat təyyarəsi Hmeymim bazasından qalxır (Foto arxivdəndir)

Birləşmiş Ştatlar iddia edildiyinə görə sanksiyalardan yan keçmək üçün yaradılmış sxemdə iştirak edən Rusiya şirkətinə, üç fərdə və beş gəmiyə sanksiyalar qoyub.

Bunların Suriyada prezident Bashar al-Assad rejiminə dəstək verən Rusiya qüvvələrini aviasiya yanacağı ilə təchiz etdiyi bildirlir.

ABŞ Xəzinədarlığı bu sanksiyaları sentyabrın 26-da elan edib. Həmin gün Rusiya mediası xəbər verirdi ki, Moskva Suriyadakı Hmeymin hərbi hava bazasını genişləndirir.

ABŞ Xəzinədarlığının antiterror üzrə direktor müavini Sigal Mandelker deyib:

"Assad-ın zülmkar rejimi günahsız Suriya vətəndaşlarına qarşı kimyəvi silahlardan istifadə etdiyinə görə beynəlxalq nəzarət altındadır və buna görə də onlar hakimiyyətdə qalmaq üçün bu cür qanunsuz şəbəkələrdən istifadə edirlər”.

Xəzinədarlığın bəyanatında deyilir ki, yenicə sanksiyalanmış Moskva qeydiyyatlı Maritime Assistance LLC şirkətindən OJSC Sovfracht şirkəti üçün pərdə kimi istifadə olunub.

Vaşinqton OJSC Sovfracht şirkətinə hələ 2016-cı ilin sentaybrında Ukraynadakı əməliyyatlarına görə sanksiyalar qoyub.

ABŞ habelə Sovfracht şirkətinin iddia edildiyinə görə sanksiyalardan yayınma sxemində iştirak etmiş üç menecerini sanksiya siyahısına salıb.

Sanksiyalanmış 5 gəminin isə Transpetrochart Co. Ltd şirkətinin “dondurulmuş mülkiyyəti” olduğu bildirilir. Bu şirkətə də Sovfracht firması ilə işlədiyinə görə əvvəllər sanksiya qoyulub.

Rusiya xarici işlər nazirinin müavini Sergei Vershinin deyib ki, “Rusiyaya qarşı birtərəfli sanksiyalar köhnə Amerika siyasətinin davamıdır və tamamilə yolverilməzdir”.

Bu arada Rusiyanın xəbər agentlikləri Rusiya Müdafiə Nazirliyinə istinadən bildirirlər ki, Rusiyanın Suriyadakı Hmeymim bazasında ikinci eniş zolağının yenidən qurulmasına başlanıb.

Bu da deyilir ki, təyyarələrin dron hücumlarından müdafiəsi üçün əlavə strukturlar tikilir.

Moskva və Tehran Suriya prezidenti Bashar al-Assad-a ölkədə 2011-ci ilin martından bəri davam edən vətəndaş qarşıdurmasında həlledici dəstək veriblər.

XS
SM
MD
LG