Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:24

ABŞ Qarabağ münaqişəsinin həllində 'yeni imkanlar axtarışındadır'


Z.Əlizadə
Z.Əlizadə

«Bəzi işarələr göstərir ki, Qərb, xüsusən də ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında, Cənubi Qafqazda fəallaşmaq niyyətindədir, yeni imkanlar axtarışındadır», - siyasi şərhçi Zərdüşt Əlizadə münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin oktyabrın 29-dan bölgəyə başlayan səfərindən gözləntiləri şərh edərkən deyir.

Söhbət hansı işarələrdən gedir?

«(ABŞ-ın milli təhlükəsizlik müşaviri) Boltonun səfəri, (ABŞ) prezidenti Donald Trampın Azərbaycan və Ermənistan rəhbərlərinə məktubu... göstərir ki, nəsə etmək istəyirlər. Bu zaman Ermənistandakı dəyişiklikləri də nəzərə alırlar», – deyə Əlizadə izah edir.

Amma əlavə edir ki, buna Rusiya nə dərəcədə imkan verəcək, bilinmir.

«Bütün kozırlar Rusiyanın əlindədir. İstəsə elə edər ki, Qərb Cənubi Qafqazda cınqırını çıxara bilməz. Ermənistan və Azərbaycan üzərində onun nəzarəti 100 faizdir. Rusiyanın da oyunu var, nədəsə güzəştə gedə, əvəzində nəsə ala bilərlər, bu da hələlik, bilinmir», – Z.Əlizadə deyir.

«Yavaş-yavaş növbə Ermənistanla Azərbaycana çatdı»

Regionda nə baş verir ki, ABŞ münaqişənin nizamlanmasına maraq göstərir? Siyasi şərhçinin qənaətincə, adətən, Rusiyanın mövqeyi zəifləyəndə Qərb və ya ABŞ onun nəzarətindəki ölkələri öz nəzarətinə keçirməyə çalışır.

«Tarixi meylə baxaq. 1990-cı ildən bəri Rusiya mütəmadi zəifləyir, Qərbin güclənməsi gedir. Bu güclənmə ona gətirir ki, Şərqi Avropanı, Pribaltikanı Qərbi Avropaya qatandan sonra, Gürcüstanla Ukraynanı öz təsiri altına alandan sonra yavaş-yavaş növbə Ermənistanla Azərbaycana çatıb. Rusiyanın bostanına girir, Qərb burda da öz mövqelərini gücləndirmək istəyir, vəssalam, mənim gördüyüm mənzərə budur», – Z.Əlizadə söyləyir.

R.Mehrabyan
R.Mehrabyan

«Müəyyən müsbət irəliləyişlərin möhkəmləndirilməsinə dəyərdi»

«Mənim təəssüratım budur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində indiki halda həlledici nəsə gözlənilmir. Ancaq müəyyən müsbət irəliləyişlər var və onların möhkəmləndirilməsinə dəyərdi». Ermənistanın beynəlxalq münasibətlər və təhlükəsizlik institutunun eksperti, politoloq Ruben Mehrabyan AzadlıqRadiosuna deyir.

Politoloq möhkəmləndirilməsi gərəkli olan hansı «müsbət irəliləyişləri» nəzərdə tutur?

«Söhbət atəşkəs rejiminə əməl olunması ilə bağlı vəziyyətin yaxşılaşmasından gedir. Son zamanlar, baş nazir Nikol Paşinyanla prezident İlham Əliyev arasında razılaşmadan sonra cəbhə xəttində, sərhəddə insidentlərin sayı kəskin azalıb. Düşünürəm ki, bu, pozitiv irəliləyişdir. Ancaq yenə də düşünürəm ki, indiki halda konfliktin idarə edilən məcradan çıxmaması məqsədilə onun menecmentinin yaxşılaşdırılması haqqında danışmaq lazımdır. Düşünürəm ki, həmsədrlər bölgəyə budəfəki səfər zamanı rəsmi şəxslərlə təmasda məhz bu yöndəki məsələlərə toxunacaqlar».

«Nəticəsiz səfər olacaq»

Ermənistanda olduğu kimi, Azərbaycanda da bəzi politoloqlar münaqişənin həllində ciddi dəyişiklik gözləmirlər. Əvvəla, indiki halda Ermənistan dekabrda keçiriləcək parlament seçkilərinə köklənib, yalnız bu seçkilərdən sonra yeni hökumət formalaşacaq və Dağlıq Qarabağ münaqişəsi yalnız bir neçə aydan sonra gündəmə gələ bilər.

E.Şahinoğlu
E.Şahinoğlu

«Seçkilərin nəticələri bəlli olmadan, yeni hökumət formalaşmadan Ermənistan heç bir addım atmayacaq», – «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu söyləyir. Onun qənaətincə, məsələ təkcə seçkilər deyil, eyni zamanda, həmsədrlərin passiv olduqlarını düşünür: «Həmsədrlər özləri də fəallıq göstərmirlər. Bir amerikalı həmsədrı çıxmaq şərtiylə, nə fransalı, nə də rusiyalı həmsədr Dağlıq Qarabağın və ətraf 7 rayonun boşaldılmasını tələb edirlər. Bunu amerikalı diplomatlar deyir, digərləri demirlər. Ümumi planı da Ermənistana qəbul etdirməyəcəklər».

Buna görə də o, həmsədrlərin səfərinin nəticəsiz olacağını düşünür.

«Azərbaycanın istək və tələbləri bəllidir. Əsas addımı Ermənistan atmalıdır. Ermənistanda isə bu gün Qarabağ məsələsi müzakirə predmeti deyil. Paşinyan ancaq seçkidə qələbə haqqında düşünür», – Şahinoğlu bildirir.

Erməni politoloq: «Baxışlar köklü şəkildə fərqlənir»

Ermənistanli politoloq R.Mehrabyan parlament seçkilərindən sonra da ciddi dəyişiklik gözləmir. «Buna səbəb tərəflərin məsələnin həllinə baxışlarının köklü şəkildə fərqlənməsidir», -politoloq söyləyir.

Ancaq parlament seçkilərindən sonra danışıqlar prosesinin aktivləşməsini istisna etmir: «Eyni zamanda, tərəflərin yaxınlaşmasına daha bir cəhd edilə bilər. Daha sonrasını isə, necə deyərlər, yaşayarıq, görərik».

Z.Əlizadənin də qənaətincə, Ermənistan cəmiyyəti, hakimiyyəti, ordusu, iqtisadiyyatı indilik dəyişikliklərə hazır deyil. O deyir ki, ilk növbədə Ermənistan «mental qəfəs»dən çıxmalı, «Qarabağ bizimdir» düşüncəsindən azad olmalıdır.

E.Qədirli
E.Qədirli

Erkin Qədirlinin gördükləri

Bugünlərdə Almatıda beynəlxalq konfransda olan REAL Partiyasının təmsilçisi, hüquqşünas Erkin Qədirli öz müşahidələrini Facebook sosial şəbəkəsində bölüşüb: «Paşinyanın konfransdakı adamları səmimidirlərsə, gerçəkdən onun mövqeyini əks etdirirlərsə, bizim üçün önəmli tarixi şansdır. Adamlar «Madrid Prinsipləri»nə qarşı olduqlarını açıq söyləyirlər (pərdəarxası yox, konfransdakı çıxışlarında deyirlər). Bu prinsiplərin sıradan çıxarılması bizim üçün də faydalıdır. Ermənilər bu prinsipləri öz təşəbbüsüylə dağıda bilsələr, dolayısıyla bizim də əl-qolumuzu açmış olacaqlar. Üstəlik, adamlar inanılmaz dərəcədə inadkardırlar. Nəinki Qarabağı, hətta ətraf 7 (!) rayonu da qaytarmayacaqlarını deyirlər. Onların belə mövqeyi ölkəmizin yararınadır, ondan ağıllı istifadə edə bilsək».

«Madrid prinsipləri» münaqişənin mərhələli şəkildə həllini təklif edir.

E.Şahinoğlu deyir ki, Ermənistan mərhələli həll planını heç vaxt qəbul etməyib: «Onlar bir halda bunu qəbul edəcəklərini deyirlər ki, Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsi sənədə salınsın, buna da Azərbaycan razılaşa bilməz. Erkin Qədirlinin iştirak etdiyi konfransda rəsmilər iştirak etmir. Ola bilsin, erməni ekspertlər açıq fikirlərini ifadə etmirlər. Amma Ermənistan rəsmiləri heç zaman «Madrid prinsipləri»nin əleyhinə getmirlər. Bunu desələr, həmsədrləri qarşılarına almış, Ermənistanın mövqeyini zəiflətmiş olacaqlar».

Bu gündən – oktyabrın 29-dan ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərləri başlayır. Bu zaman Azərbaycan və Ermənistan xarici işlər nazirinin görüşlərinin də müzakirə olunacağı deyilir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlərin əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif etdikləri bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG