ABŞ prezidenti Donald Trump martın 19-da elan edib ki, sənayeni koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər etmək məqsədilə üzərinə fövqəladə səlahiyyətlər götürə bilər.
Özünü “müharibə zamanının prezidenti” adlandıran Trump bu addımı atmaq üçün 1950-ci ildə Koreya müharibəsi ilə bağlı qəbul edilmiş qanuna əsaslanıb.
“Müdafiə İstehsalatı Aktı” adlanan bu qanun ABŞ prezidentinə ölkənin həyati zərurət təşkil edən ləvazimat və cihazlar – məsələn, ağız maskaları, süni tənəffüs aparatları və dərman preparatları ilə təchiz edilməsində fövqəladə səlahiyyətlər verir.
Amma Trump əlavə edib ki, bu qanunun səlahiyyətlərindən ABŞ-da koronavirus pandemiyası ilə bağlı vəziyyət mürəkkəbləşərsə istifadə edəcək.
O Twitter-də yazıb ki, “buna ehtiyac olmayacağına ümid edir”.
Current Time saytının yazdığına görə Trump koronavirusla mübarizəni müharibəyə bənzədib və gözlənilən “ümummili qurbanlar” barədə xəbərdarlıq edib.
ABŞ prezidenti bunu da bildirib ki, onun administrasiyası koronavirusla mübarizə çərçivəsində Meksika ilə sərhədi qanunsuz keçmiş miqrant və qaçqınları öz ölkələrinə deportasiya edəcək.
Bununla belə Trump deyib ki, ölkə sərhədini bağlamaq niyyətində deyil.
Amerikalılara paylanmaq üçün 500 milyard dollar ayrılır
Bu arada ABŞ Maliyyə Nazirliyi koronavirusla mübarizə şəraitində iqtisadiyyata dəstək paketini açıqlayıb.
Bu paketdə başqa tədbirlərlə yanaşı epidemiyadan dəymiş ziyanın aradan qaldırılması üçün amerikalılara pul yardımının göstərilməsi nəzərdə tutulur. Bu tədbirə görə ümumilikdə 500 milyard dollar nəqd pulun ayrılacağı bildirilib.
Bu məqsədlə aprelin 6-da 250 milyard dollar ayrılacaq. Elə bu qədər pul mayın 18-dən başlayaraq ikinci tranşla ödənəcək.
Nazirliyin bəyanatında qeyd olunur ki, maliyyə dəstəyi hər bir amerikalıya onun aylıq maaşına uyğun məbləğdə veriləcək.
Bundan başqa iqtisadiyyata dəstək məqsədilə 1, 3 trilyon dolların ayrılacağı bildirilir.
Bu, keçmiş prezident Barack Obamanın 2008-2009-cu illərin maliyyə böhranı zamanı ayırdığı vəsaitdən qat-qat çoxdur.
ABŞ-da indiyədək koronavirusa 9 min yoluxma qeydə alınıb. 139 nəfər vəfat edib.