ABŞ İran millət vəkillərindən birinin prezident Donald Trump-ı öldürəcək hər hansı şəxsə mükafat elan olunması barədə təklfini “axmaqlıq” adlandırıb və bunun İran rejiminin terrorçu təbiətindənxəbər verdiyini deyib.
ABŞ-ın Tərksilah Konfransındakı daimi nümayəndəsi Robert Wood bunları yanvarın 21-də İran millət vəkillərindən Ahmad Hamzeh bu ayın əvvəllərində öldürülmüş general Qasem Soleimani-nin qisasını alacaq şəxsə 3 milyon dollar mükafat elan etdikdən sonra deyib.
General-mayor Qasem Soleimani-yə yanvarın 3-də prezident Trump-ın əmri ilə Bağdad yaxınlığında dron zərbəsi endirilib.
Buna cavab olaraq Tehran İraqda Amerika hərbçilərinin yerləşdiyi iki bazaya raket zərbələri endirmişdi.
İranın yarırəsmi ISNA agentliyinin verdiyi xəbərə görə Hamzeh deyib ki, o “Kirman ostanının əhalisi adından prezident Trump-ı öldürəcək hər hansı şəxsə 3 milyon dollar mükafat elan edir”.
Çox az tanınan millət vəkili Hamzeh Soleimani-nin ana yurdu olan Kirman ostanında Kahnuj adlı kiçik bir vilayəti təmsil edir.
Millət vəkili bu mükafatı kimin verəcəyini və ona ruhani hakimiyyət tərəfindən xeyir-dua verilib-verilmədiyini deməyib.
Cenevrədə müxbirlərin suallarına cavab verən Wood deyib ki, İran millət vəkilinin bu ideyası təkcə “axmaqlığı” ilə fərqlənmir, həm də İran rejiminin davranışının dəyişdirilməsinə ehtiyac olduğunu göstərir.