Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:41

ABŞ İranla bağlı Azərbaycandan nə istəyir


D.Tramp və C.Bolton
D.Tramp və C.Bolton

Son günlərdə ABŞ rəsmilərinin Cənub Qafqaza səfərləri intensivləşib. Ötən həftə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent gəldi, bu həftəsonu isə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun səfəri gözlənir. Bu səfərlərdə məqsəd nədir?

Azərbaycanlı ekspertlər əmindir ki, Vaşinqton İrana sanksiyalardan öncə Azərbaycan, Gürcüstan və Ermənistanla bəzi məsələləri razılaşdırmaq istəyir.

«Kent Yerevanda jurnalistlərlə səfərdə deyib ki, səfərin başlıca məqsədi Cənubi Qafqazda İranın rolu və bunun qarşısının alınmasıdır. O deyib ki, Ermənistan İrandan asılıdır, ticarət əlaqələri böyükdür və bunu da anlayırlar, amma Vaşinqton bunu istəməzdi. Çox güman, eyni şeyi Kent Bakıdan da istəyib», – «Turan» xəbər agentliyinin redaktoru Şahin Hacıyev deyir.

«Eyni zamanda, Vaşinqtonun Ermənistanın Rusiyadan asılılığını minimuma endirmək niyyəti var», – o, sözlərinə əlavə edir.

R.Musabəyov
R.Musabəyov

«Azərbaycan heç bir halda buna yol verməz»

Deputat Rasim Musabəyov da ABŞ rəsmilərinin səfərinin İran və Rusiya ətrafında baş verənlərlə bağlı olduğunu düşünür: «Məqsəd Rusiya və İran kontekstində Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərliyinə mesajları çatdırmaqdır. Düşünmürəm, ABŞ-ın təhlükəsizlik üzrə köməkçisi başqa məsələylə bağlı bölgəyə gəlsin».

Deputat Bakı, Tbilisi və Yerevanın Vaşinqtonun bütün istəklərinə gözüyumulu razılıq verməyəcəyini qeyd edir, səbəbini də təhlükəsizlik amili ilə izah edir: «ABŞ bölgədən çox uzaqdadır, okeanın arxasındadır, bizsə burda coğrafi baxımdan Rusiya və İran arasındayıq. Gürcüstanla Ermənistan özü bilər, Azərbaycan heç bir halda ondan qonşularına qarşı istifadə edilməsinə yol verməz».

«Vaşinqtonun razılığı olmadan Azərbaycan nəsə etsə...»

Ş.Hacıyevə görə, məsələ o qədər də bəsit deyil. «Böyük meydana qarşı meydan sulamaq olmaz» deyən redaktor bu durumda Azərbaycanın odla su arasında qaldığını düşünür: «Noyabrda ABŞ-ın İrana qarşı sanksiyaları qüvvəyə minəcək. Bu o deməkdir ki, İranla münasibəti olan şirkətlər, dövlətlər və hətta şəxslər sanksiya altına düşəcəklər. Azərbaycan da sanksiya altına düşə bilər. «Total» kimi nəhəng neft şirkəti İrana gəlsə də, məcbur qalıb bu ölkədən getdi. Bu o deməkdir ki, Vaşinqtonun razılığı olmadan Azərbaycan nəsə etsə, sanksiyalarla mütləq üzləşəcəyik.

Ş.Hacıyev
Ş.Hacıyev

Məsələn, Cənub Qaz Dəhlizi də sanksiyalara düşə bilərdi, istəsəydilər, bundan istifadə edə bilərdilər. Burda incə diplomatiya aparılmalıdır. İndi Vaşinqtonu inandırmaq lazımdır ki, söhbət strateji əməkdaşlıqdan yox, məcburi əməkdaşlıqdan gedir, həmçinin, müxtəlif faktorlar var, İranda azərbaycanlıların yaşaması, sərhəd amili var və s.».

«Azərbaycana sanksiya tətbiq etməklə nə əldə edəcək?»

Deputat R.Musabəyov sual edir: «Azərbaycana sanksiya tətbiq etməklə nə əldə edəcək?». Bununla belə o, bəzi nüansların nəzərə alınacağını da qeyd edir:

«Azərbaycan bəzi xəbərdarlıqları nəzərə alacaq, məsələn, İran neftinin alınmasına qadağa qoyulubsa, sabah o, Azərbaycan nefti adı altında bazara çıxarılmayacaq. Əvvəllər də İran sanksiya altında olub. Təbii, bu dəfə də ikitərəfli münasibətlərdə məhdudiyyətlər olacaq. Ən azı, ticari dövriyyədə dollarla ticarət aparmaq mümkün olmayacaq. Ancaq biz İrandan silah almırıq, dəmiryolu layihəsi ilə bağlı bütün ödənişlərin isə aparıldığını düşünürəm, olmasa da, avroyla aparıla bilər. Azərbaycan bu layihədə maraqlıdır. Fərz etmirəm ki, biz ABŞ-ın istəyi ilə bunu qurban verək. Macarıstan olaraq İranla münasibətləri dayandırmaq asandır, amma Azərbaycan üçün bu itkilərdir və üstəlik də qonşuyuq».

Bəs demokratiya?

Ş.Hacıyevə görə, ABŞ-ın istədiyi olmasa, insan haqları, demokratiya sahəsindəki problemlər yada düşəcək. Razılaşma baş tutacağı halda bu sahədəki problemlərə göz yumulacaq?.. Axı, uzun illərdir Azərbaycanda vətəndaş cəmiyyəti ABŞ-ın insan haqları problemlərinə göz yumduğunu iddia edərək narazılığını gizlətmir.

İ.Qəmbər
İ.Qəmbər

«Aydın məsələdir ki, mürəkkəb dünyamızda insan haqları, demokratiya, vətəndaş cəmiyyətinin problemlərinə təhlükəsizlik və enerji məsələləri ilə eyni səviyyədə baxılmır. Bu, bizim xoşumuza gəlsə də, gəlməsə də reallıqdır», – Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər söyləyir.

«Ancaq bir önəmli məqama diqqət yetirilməlidir. Bunu hamımız qeyd edirik ki, beynəlxalq birlik insan haqları, demokratiya məsələsinə yetərincə diqqət göstərmir, prinsipiallıq nümayiş etdirmir, haqlı olaraq deyirik. Amma əksəriyyət bu həqiqəti unudur. Heç olmasa, beynəlxalq birlik, ABŞ, az da olsa, bunu müəyyən həddə qədər deyirlər, diqqəti cəlb edirlər. Amma Çin kimi böyük dövlət, bizim qonşularımız olan İran və Rusiya nəinki dilə gətirmir, bəlkə də Azərbaycanda bu cür qüsurların olmasından faydalanırlar. Azərbaycana təzyiqlər göstərmək, istədiklərini ala bilmək üçün sui-istifadə edirlər», – o, sözlərinə əlavə edir.

İ.Qəmbərin sözlərinə görə, beynəlxalq birlik dünyadakı çətinliklərdən yorulub, ona görə də «vəziyyəti addım-addım müsbətə doğru dəyişmək» yolunu seçib.

«Bu gün hədəfdə olan əsas istiqamət Rusiyadakı rejimi beynəlxalq birliyin normalarını qəbul etməyə sövq etməkdir. O istiqamətdə iş gedir. Rusiya ilə bağlı siyasətdə, təbii ki, bu dövlətin ətrafında olan dövlətlərlə münasibətlər də nəzərə alınır», – o vurğulayır.

Hər halda, ABŞ-ın təhlükəsizlik müşaviri Con Boltonun bölgəyə səfəri zamanı veriləcək mesajlar daha dəqiq danışmağa imkan yaradacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG