Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:22

ABŞ-da TikTok və WeChat qadağan olunacaq


Sentyabrın 20-dən Birləşmiş Ştatlarda AppStore və Google Play də daxil tətbiq bazalarında TikTok və WeChat tətbiqlərinin yayılması və dəstəklənməsi qadağan olunacaq.

Bu barədə məlumatı sentyabrın 18-də ABŞ Ticarət Nazirliyi verib.

Nazirlik bildirir ki, bu tətbiqlər Çinin xüsusi xidmətləri ilə əməkdaşlıq edir, ABŞ vətəndaşları barədə məlumat toplayır və bu səbəbdən də ölkənin milli təhlükəsizliyinə hədə yaradır.

Nazirliyin bu barədə bəyanatında deyilir:

“Bugünkü addım göstərir ki, prezident Trump ixtiyarındakı bütün imkanlardan milli təhlükəsizliyimizin və amerikalıların Çin Kommunist Partiyasından müdafiə edilməsi üçün istifadə edəcək”.

Eyni zamanda sentyabrın 20-dən ABŞ-da WeChat daxilində ödənişlərin edilməsi qadağan olunacaq.

Qadağan habelə WeChat əlavəsi üçün hostinq və kontentin çatdırılmasına da şamil ediləcək.

Noyabrın 12-dən bu qadağan həm də TikTok tətbiqinə aid olacaq.

TikTok qərardan şikayət verəcək

TikTokun mətbuat xidmətindən Rusiyanın RBK agentliyinə deyiblər ki, onlar fəaliyyətlərinin tam şəffaflığının təminatı üçün ABŞ orqanları ilə əməkdaşlığa hazırdırlar.

Şirkət ABŞ Ticarət Nazirliyinin qərarı ilə razılaşmadığını və bu qərarı məhkəmə səviyyəsində mübahisələndirəcəyini deyib.

Prezident Donald Trump-ın avqustun 6-da imzaladığı fərmanda deyilirdi ki, TikTok və WeChat tətbiqləri 45 gün ərzində ABŞ şirkətləri tərəfindən alınmasa onların ABŞ ərazisində fəaliyyəti qadağan olunacaq.

Prezident fərmanı Çinin ByteDance şirkəti ilə ABŞ şirkətlərinin hər hansı işbirliyini də qadağan edir. TikTok bu şirkətin mülkiyyətindədir.

Eyni qadağanlar Çinin Tencent texnoloji şirkətinə də aiddir.Bu şirkət WeChat tətbiqinin sahibidir.

Trump bildirir ki, Çin şirkətləri tərəfindən işlənmiş tətbiqlər ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına hədə yaradır.

Prezidentin fikrincə Çin bu tətbiqlər vasitəsilə ABŞ rəsmiləri və vətəndaşları barədə məlumatlar toplayır.

O bildirir ki, Pekin bu məlumatlardan ABŞ-ı şantaj etmək üçün istifadə edə bilər.

XS
SM
MD
LG