Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:18

Trump bütün Çin kommunistlərinə səfər qadağanı qoya bilər


ABŞ prezidenti Donald Trump-ın administrasiyası Çin Kommunist Partiyasının bütün üzvlərinə və onların ailələrinə Birləşmiş Ştatlara səfər qadağanı qoyulması məsələsini götür-qoy etməkdədir.

Reuters agentliyi məsələ ilə tanış mənbələrə istinadən bildirir ki, ABŞ-ın vəzifəli rəsmiləri bu barədə xüsusi prezident fərmanının mətni üzərində işləyirlər.

Bu da bildirilir ki, ABŞ-Çin münasibətlərini şübhəsiz daha da pisləşdirəcək bu qadağan üzərində iş hələ erkən mərhələsindədir.

Adının çəkilməsini istəməyən rəsmi Reuters agentliyinə deyib ki, sənəd hələlik prezidentə təqdim olunmayıb.

Bu müzakirələrin getdiyi barədə ilk dəfə New York Times qəzeti xəbər verib.

Qəzetin dərc etdiyi məqalədə deyilir ki, bəzi ekspertlər on milyonlarla Çin kommunistinə səfər qadağanının qoyulmasını “misli görünməmiş hadisə” adlandırır və yeni Soyuq Müharibəyə bənzədirlər.

ABŞ maraqları ziyan görə bilər

Əgər belə bir qadağan tətbiq olunarsa, o Çin Kommunist Partiyasının sıravı üzvlərindən tutmuş liderlərinədək hamıya şamil edilməlidir.

Reuters yazır ki, belə bir hərəkət Pekini cavab addımları atmağa sövq edəcək və beləliklə də Çinə səfərlər edən amerikalılar üçün əngəl olacaq.

Söhbət təkcə diplomatlardan yox, həm də biznes rəhbərlərindən gedir və belə bir addım potensial baxımdan ABŞ-ın Çindəki maraqları üçün ziyanlı ola bilər.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying bildirib ki, belə bir niyyət əgər həqiqətən də varsa “divanəlikdir”.

ABŞ dövlət katibi Mike Pompeo bu xəbərləri tam təsdiq etməsə də, deyib ki, “administrasiya Çin Kommunist Partiyasına qarşı tədbirlər üzərində iş aparır”.

Ağ Evin mətbuat katibi Kayleigh McEnany müxbirlərə deyib ki, “söhbət Çindən gedəndə bütün variantlar masa üstündədir”.

Dünyanın iki böyük iqtisadiyyatı arasında münasibətlər Çinin koronavirus epidemiyası ilə bağlı erkən mərhələdəki davranışına, onun Honq Konq siyasətinə və Cənubi Çin dənizi hövzəsindəki fəaliyyətlərinə, habelə Sintzyanda insan haqlarının pozulmasına görə son bir ildə xeyli gərginləşib.

Kimin kommunist olması nədən bilinəcək?

ABŞ rəsmiləri çoxsaylı nazirliklərin xətti ilə Kommunist Partiyası üzvlərinin övladlarının Amerika Universitetlərinə gəlməsini əngəlləyən qaydaların tətbiqi üzərində düşünürlər.

Reuters diqqəti həm də belə bir məqama çəkir ki, hazırda Trump və onun 2020-ci il seçkisində potensial rəqibi olacaq demokrat Joe Biden Çinə qarşı sərt mövqe tutmaq vədlərində yarışa giriblər.

Trump administrasiyası Çinin dünya boyunca “ziyanlı davranışlarına” görə Çin Kommunist Partiyasını ittiham edir. Buna baxmayaraq Trump hələki “dostum” adlandırdığı Çin prezidenti Xi Jinping-in birbaşa tənqidindən çəkinib.

Sözü gedən mənbə deyib ki, Trump bəzi fərdləri və kateqoriyaları nəzərdə tutulan qadağandan istisna edə bilər.

Mənbə bildirib ki, bu məsələdə ən çətin məqam Çin vətəndaşlarından kimin kommunist olmasının necə yoxlanacağıdır.

XS
SM
MD
LG