Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 12:22

ABŞ rəsmisi Bakıda ənənəni pozdu


F.Riker
F.Riker

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Cənubi Qafqaz ölkələrində səfərdədir. O, iyunun 8-də Bakıda vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb.

"Yaxşı haldır ki..."

Həmin görüşün iştirakçılarından biri də Bakı İnsan Hüquqları Klubunun həmtəsisçisi Rəsul Cəfərovdur. Onun AzadlıqRadiosuna dediyinə görə, vətəndaş cəmiyyətinin nümayəndələri ilə ölkədə insan haqlarının vəziyyəti, Qarabağ müharibəsindən sonra birgəyaşayış və sülh məsələləri müzakirə olunub, hətta təkliflər də verilib:

R.Cəfərov
R.Cəfərov

"İfadə azadlığı, sərbəst toplaşmaq azadlığı, birləşmə azadlığı ilə bağlı məsələlər müzakirə olundu, xüsusən QHT qanunvericiliyi ilə bağlı bir neçə təkliflərimiz oldu. Həmçinin, postmünaqişə dövrünün problemlərini, o cümlədən birgəyaşayış və sülh məsələlərini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində necə gördüyümüzlə bağlı fikirlərimizi səsləndirdik".

Hüquq müdafiəçisi ABŞ rəsmisinin ilk növbədə məhz vətəndaş cəmiyyətinin fəalları ilə görüşməsini müsbət addım kimi dəyərləndirir: "Yaxşı haldır ki, birinci görüş vətəndaş cəmiyyəti ilə olub, rəsmi görüşlər bundan sonra başlayır".

Yeri gəlmişkən, bir neçə gün qabaq görüş haqqında məlumat yayan Dövlət Departamenti səfərin məqsədinin həm də ABŞ-ın bütün bölgədə demokratik və iqtisadi inkişafa dəstəyini ifadə etmək olduğunu bildirmişdi.

E.Nəsirov
E.Nəsirov

Elman Nəsirov: "ABŞ-n narahat olduğu məsələ..."

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, ABŞ-ın yeni administrasiyası xarici siyasət kursunu formalaşdırmaqdadır və ənənəvi olaraq Vaşinqton Cənubi Qafqaz regionuna strateji əhəmiyyətli region kimi baxır.

Deputat qeyd edib ki, F.Rikerin səfərindən öncə - aprelin 28-də Dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti ilə telefon danışığı olmuşdu: "Mayın 17-də isə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan da prezident İlham Əliyevlə telefonla danışmışdı. Həmin telefon danışıqlarından aydın olur ki, Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edir, Azərbaycanın xüsusilə də beynəlxalq və regional təhlükəsizliyin təminatında, Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirir".

Paşinyanın sərhədlə bağlı təklifini Azərbaycan və ABŞ-da ekspertləri dəyərləndirir
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Komitə üzvü vurğulayıb ki, bu kontekstdə ABŞ-ın narahatlığı müharibə bitdikdən sonra yaranmış reallıqda həllini gözləyən məsələlərlə bağlıdır. E.Nəsirovun fikrincə, ABŞ həmsədr dövlət olaraq tənzimləmə prosesindəki rolunun azalmasını başa düşür və fövqəldövlət olaraq bu prosesdə birbaşa iştirak etmədiyini də dərk edir: "Ona görə də, ABŞ ali siyasi rəhbərliyi Cənubi Qafqaz regionunda fəallığını artırmaq və Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında, həlli gözləyən demarkasiya və delimitasiya prosesində kənar müşahidəçi statusunda deyil, Rusiya ilə bərabər fəal şəkildə bu prosesdə iştirakçı olmaq niyyətindədir".

ABŞ sülhməramlıları gələ bilərmi

Yeri gəlmişkən, Azərbaycanda bir sıra ekspertlərin fikrincə, ABŞ rəsmisi ölkəsinin bölgəyə sülhməramlı missiya göndərməsini də təklif edə bilər. Onlar bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın mayın 27-də sərhədin mübahisəli sektorunda beynəlxalq müşahidəçilərin yerləşdirilməsi haqda çağırışı ilə əsaslandırırlar. N.Paşinyan bildirib ki, sərhədin mübahisəli hissələrində Rusiya və ya ATƏT-in Minsk qrupuna həmsədr olan daha iki ölkənin - ABŞ və ya Fransanın müşahidəçiləri yerləşdirilə bilər.

Deputat Elman Nəsirov isə bunu daha çox Ermənistanın təşəbbüsü hesab edir: "Paşinyan bir neçə dəfə məsələ qaldırıb ki, Rusiya ilə yanaşı, digər həmsədr ölkələrin müşahidəçiləri sərhəd boyunca yerləşdirilsin. Amma həmin ideyanın reallaşması istiqamətində nə mexanizmlər var, nə danışıqlar gedir".

Bu gün, iyunun 8-də F.Rikerin Azərbaycanda rəsmi şəxslərlə görüşü gözlənilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG