Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 21:20

ABŞ Özbəkistan və Tacikistanla niyə danışıqlar aparır?


Entoni Blinken Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilovla
Entoni Blinken Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilovla

ABŞ dövlət katibi Entoni Blinken iyulun 1-də Özbəkistan və Tacikistanın xarici işlər nazirləri ilə görüş keçirib.

Bu görüşün gündəliyində Əfqanıstanın əsas məsələ olduğu xəbər verilir.

ABŞ qoşunlarının Əfqanıstanı tərk etdiyi bir vaxtda, Vaşinqton sözü gedən Mərkəzi Asiya ölkələri ilə bir sıra məsələlər barədə müzakirə aparır.

Bu görüş Vaşinqtonda keçirilir. Əfqanıstandan alınan xəbərlərdə deyilir ki, Taliban ölkənin bir sıra mühüm məntəqələri və bölgələri üzərində nəzarəti ələ ala bilib.

Bu, həm də Əfqanıstanın Qərb tərəfindən dəstəklənən hökumətini narahat edir. Qərb Kabuldakı hökumətin Taliban tərəfindən devrilə biləcəyindən narahatdır.

Talibanın ələ keçirdiyi bölgələrdən bəziləri Özbəkistan və Tacikistanla həmsərhəddir.

Tacikistan rəsmiləri Əfqanıstandan mümkün qaçqın axınına hazırlaşır, Özbəkistan isə sərhəd boyunca hərbi təlimlər keçirir.

Entony Blinken (sağda) və Sirociddin Muhriddin
Entony Blinken (sağda) və Sirociddin Muhriddin

Blinken Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilovla birgə keçirdiyi mətbuat konfransında deyib:

“Regionda, xüsusən də Əfqanıstanla bağlı təhlükəszilik məsələsində bizim güclü ortaq maraqlarımız var”.

Ayrıca olaraq Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddinlə görüşü zamanı Blinkenin Əfqanıstanı müzakirə etdiyi və ABŞ-ın Tacikistanın təhlükəsizlik, stabillik və ərazi bütövlyünü dəstəklədiyini” bildirdiyi etdiyi deyilir.

Şayiələr

ABŞ qoşunlarının Əfqanıstanı tərk etməsinə baxmayaraq, Birləşmiş Ştatlar bu ölkənin seçkili hökumətinə dəstəyi davam etdirəcəyini bildirib.

Vaşinqton bu dəstəkdə Talibana hava zərbələrini də nəzərdə tutduğunu deyir.

Son həftələrdə The New York Times və The Wall Street Journal qəzetləri də daxil media xəbər verirdi ki, ABŞ Taliban və əl-Qaedanı nəzarətdən kənar qoymamaq üçün Özbəkistan və Taciksitanda müəyyən qüvvələr yerləşdirmək istəyir.

Bəzi ABŞ rəsmilərinin sözlərinə görə, söhbət bu iki ölkədəki baza və başqa hərbi obyektlərdə qoşunların, dronların, bombardmançı təyyarələrin, kəşfiyyat postlarının yerləşdirilməsi mümkünlüyündən gedir.

Lakin burası da var ki, ABŞ-ın Mərkəzi Asiyada qoşun yerləşdirmək planları Rusiya və Çinin müqaviməti ilə qarşılaşa bilər.

9 minədək əfqan

Bu da xəbər verilir ki, ABŞ habelə Mərkəzi Asiya ölkələrində Əfqanıstanı tərk edəcək 9 minədək əfqanının müvəqqəti yerləşdirilməsini istəyir.

Bunlar əsasən Əfqanıstandakı ABŞ qoşunlarında və ya onlar üçün sürücü, inşaatçı, tərcüməçi və sair kimi işləyən əfqanlardır.

Vaşinqton onlara Taliban tərəfindən divan tutula biləcəyindən narahatdır.

Bloomberg yazır ki, ABŞ bu məqsədlə Qazaxıstan, Tacikistan və Özbəkistana müraciət edib.

Dövlət Departamenti bu barədə hər hansı şərh verməkdən imtina edib.

Bundan əvvəl iraqlılarla bağlı…

Bundan əvvəl belə situasiyalarda, məsələn, İraqda, ABŞ onlara kömək edən yerlilərə öz ərazisində sığınacaq vermiş, daha sonra isə onlara Birləşmiş Ştatlarda yaşama hüququ verən yaşıl kart təqdim etmişdi.

Lakin əfqanlarla bağlı vəziyyət fərqlidir. Konqres xüsusi miqrasiya vizalarının verilməsini xeyli məhdudlaşdırıb.

Blinken deyib ki, o sözü gedən limitin 8 minədək artırılması üçün artıq Konqresə müraciət edib.

Bloomberg yazır ki, ABŞ müttəfiq əfqanların məhz həmin müddətdə müvəqqəti olaraq Mərkəzi Asiyada yerləşdirilməsinə çalışır.

Dövlət Departamentinin sözçüsü Ned Prays bundan əvvəl demişdi ki, ABŞ-la əməkdaşlıq etmiş əfqanların və ailələrinin başqa ölkələrə köçürülməsi ABŞ qoşunlarının Əfqanıstandan çıxışınadək başa çatdırılacaq.

XS
SM
MD
LG