Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

ABŞ Çinin Hyustondakı konsulluğunu bağlayır


Çinin Hyustondakı konsulluğundan tüstü çıxdığına görə bura iyulun 22-də yanğınsöndürənlər çağırılmışdı
Çinin Hyustondakı konsulluğundan tüstü çıxdığına görə bura iyulun 22-də yanğınsöndürənlər çağırılmışdı

Birləşmiş Ştatlar Çinin Hyuston şəhərindəki konsulluğunun bağlanması barədə qərar qəbul edib.

Associated Press agentliyi yazır ki, prezident Donald Trump noyabr seçkisi ərəfəsində Pekinin üzərinə təzyiqlərini artırır və dünyanın iki ən böyük iqtisadiyyatı arasında münasibətlər getdikcə gərginləşir.

Pekin Vaşinqtonun iyulun 22-də qəbul etdiyi qərarı “hiddət doğuran” adlandırıb və bildirib ki, bu qərar dəyişdirilməzsə, buna çox kəskin cavab addımı atılacaq.

Hyustondakı konsulluq Çinin ABŞ-dakı altı diplomatik missiyasından biridir.

ABŞ və Çin arasında münasibətlər Pekinin koronavirus pandemiyası ilə bağlı davranışına və Honq Konqa qarşı görülən sərt divantutma tədbirlərinə görə son aylarda pisləşməkdə davam edirdi.

Vaşinqton habelə Çinin Cənubi Çin dənizindəki hərbi fəallığının artmasını və Sintzyan vilayətində etnik və dini azlıqların insan hüquqlarının pozulmasını tənqid edir.

Konsulluqdan çıxan tüstü

Trump administrasiyası bundan əvvəl Pekinə qarşı Çin rəsmiləri, tələbələri və alimlərinə səfər qadağanları da daxil, bir sıra məhdudlaşdırıcı tədbirlər həyata keçirib.

Administrasiya bildirib ki, Çinin Cənubi Çin dənizindəki bütün dəniz sərhədi iddialarını qəti şəkildə rədd edir.

ABŞ-da koronavirus epidemiyası tüğyan edir və Trump bu şəraitdə pandemiyanın başlanmasına görə Çinin tənqidini daha da kəskinləşdirib.

AP xəbər verir ki, ABŞ Dövlət Departamenti Hyuston konsulluğunun bağlanması üçün 72 saat vaxt verib.

Dövlət Departamenti Çin casuslarını Hyustondakı Texas A&M tibb sistemləri şəbəkəsindən və Texas Universiteti Anderson Xərçəng Mərkəzindən data oğurluğu cəhdində ittiham edir.

AP yazır ki, konsulluğun yır-yığış etdiyini göstərən əlamətlər var. Beləki iyulun 21-də gecədən başlayaraq konsulluğun binasından tüstü qalxır. Bu, missiyada diplomatik sənəd və məktubların yandırılmasına görə ola bilər.

Casusluq və oğurluq ittihamları

Dövlət Departamentinin sözçüsü Morgan Ortagus deyib ki, konsulluğun bağlanması “Amerikanın zehni mülkiyyətinin və amerikalıların qorunması” məqsədilə həyata keçirilir:

“Birləşmiş Ştatlar Çinin bizim suverenliyimizi pozmasına və insanlarımızı təhdid etməsinə dözməyəcəkdir. Biz bugünədək Çinin ədalətsiz ticarət praktikalarına, Amerika iş yerlərinin oğurlamasına və başqa pis davranışlara da dözümlülük göstərməmişik”.

Dövlət katibinin müavini Stephen Biegun iyulun 22-də Konqresə ifadə verərkən deyib ki, iki ölkə arasındakı münasibətlər kommersiya casusluğu, intellektual mülkiyyət oğurluğu, ABŞ diplomatlarına, biznesmen və jurnalistlərinə qarşı nəzakətsiz və kobud davranış da daxil bir sıra narazılıqlara görə pisləşməkdədir.

O Senatın Xarici Münasibətlər Komitəsində etdiyi çıxışda iddia edib ki, bütün bunlar Trump-ı sərt addımlar atmağa vadar edib.

ABŞ Ədliyyə Nazirliyi iyulun 21-də iki çinli hakerə qarşı ABŞ-ın koronavirus araşdırmaları ilə bağlıəczaçılıq sirlərinin oğurlanmasına cəhd ittihamı ilə cinayət işi qaldırıb.

ABŞ artıq bir müddət idi ki, Hyuston konsulluğu da daxil Çinin diplomatik missiyalarının Birləşmiş Ştatlarda ziyanlı fəaliyyətlərlə məşğul olduğunu iddia edirdi.

Bununla belə, ABŞ rəsmiləri bildirirlər ki, hakerlərə qarşı ittihamların irəli sürülməsi ilə Çin konsulluğunun bağlanması arasında heç bir əlaqə yoxdur.

Çin sərt reaksiya verib

Pekin ABŞ-ın Hyuston şəhərindəki Çin konsulluğunun bağlanması qərarına sərt reaksiya verib və hadisəni iki ölkə arasındakı münasibətlərə qarşı “təxribat” adlandırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Wenbin deyib ki, konsulluğun bağlanması misilsiz addımdır və əgər qərar dəyişdirilməsə Pekinin əks-tədbirləri də sərt olacaq.

Wang öz növbəsində ABŞ-ı oktyabr ayından başlayaraq Çinin diplomatik bağlamalarının icazəsiz aşılmasında, diplomatik mülkiyyətin qanunsuz müsadirə olunmasında və Çin diplomatlarına qarşı məhdudiyyətlər qoyulmasında ittiham edib.

Hyustonda yanğınsöndürənlər konsulluqdan çıxan tüstüyə görə çağırış alsalar da, onları missiyanın ərazisinə buraxmayıblar.

Hyustonun meri Sylvester Turner deyib ki, böyük bir ehtimalla Çin konsulluğu sənədləri və başqa kağızları missiyanın içəri həyətində yandırır.

Bu da xatırladılır ki, Rusiyanın San Fransiskodakı konsulluğu da 2017-ci ildə bağlanarkən sənədləri yandırmışdı.

ABŞ Vuhandakı konsulluğunu təkrar açmayacaq

Hyustondakı Çin konsulluğunun bağlanması ABŞ-ın cənubunda yaşayan Çin vətəndaşları üçün xeyli çətinliklər yaradacaq.

Eyni çətinliyi Çinə səfər üçün viza almaq istəyən amerikalılar da yaşayacaqlar.

Çinin Vaşinqtondakı səfirliyindən və BMT-dəki daimi missiyasından başqa, ABŞ-ın Nyu York, Çikaqo və Los Anceles şəhərlərində konsulluqları var.

Bu arada Dövlət Departamenti bildirib ki, ABŞ yanvar ayında koronavirus pandemiyasına görə Vuhan şəhərində bağladığı konsulluğu təkrar açmamaq qərarına gəlib.

Hazırda bütün dünyada 15 milyon insana yoluxmuş koronavirus məhz Çinin bu şəhərindən qaynaqlanıb.

ABŞ-ın isə Vuhandakı konsulluqdan başqa Çinin Şanxay, Quançjou, Çenqdu və Şenyanq şəhərlərində konsulluqları, habelə paytaxt Pekində səfirliyi var.

ABŞ-ın bir sıra biznes dairələri Hyustondakı Çin konsulluğunun bağlanmasından məyusluq ifadə ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG