Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Avqust, çərşənbə, Bakı vaxtı 18:21

Ağstafanın keçmiş icra başçısının həbsi uzadıldı


N.Quliyev

Ağstafa rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyev iyulun 10-da məhkəmə qarşısına çıxarılıb. Səbail Rayon Məhkəməsində onun barəsindəki həbs-qətimkan tədbirinin müddətinin yenidən uzadılması üçün verilən təqdimata baxılıb.

Sabiq icra başçısının ibtidai istintaq dövründə həbsdə saxlanma müddətinin uzadılması məsələsinə hakim Rəna Qafarova qapalı məhkəmə iclasında baxıb.

N.Quliyevlə eyni vaxtda həbs olunmuş birinci müavini Ramiz Tatarov da hakim önündə onunla birlikdə olub. Onların hər ikisi barəsində həbs-qətimkan tədbirinin müddətinin başa çatmasına az qalsa da, istintaq yekunlaşmayıb. Ona görə də həbsdə saxlama müddətinin uzadılması üçün məhkəməyə təqdimat verilib.

AzadlıqRadiosunin əldə etdiyi məlumata görə, sabiq məmurların vəkilləri onların barəsində həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına etiraz ediblər.

Amma hakim bu barədə təqdimatı təmin edib və keçmiş icra başçısı ilə onun birinci müavininin həbsdə saxlanma müddətini daha üç ay uzadıb.

Ağstafadan öncə Goranboy rayonunun icra başçısı olmuş N.Quliyev və birinci müavini R.Tatarov 2019-cu ilin dekabrında həbs olunub. İcra başçılarının silsilə həbsi Ağstafadakı əməliyyatla başlamışdı.

Onlara qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma kimi ittihamlar irəli sürülüb.

N.Quliyev və R.Tatarov haqqında ilk dəfə seçilmiş 4 aylıq həbs-qətimkan tədbirinin müddəti apreldə daha 3 ay uzadılmışdı. Bu, onlar barəsində ikinci uzatma qərarıdır.

Keçmiş icra başçısı və müavininin ittihamlara münasibəti bəlli deyil.

XS
SM
MD
LG