Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:10

«Azadlıq»ın susdurulması azadlığı yaxınlaşdıracaq


101.7 FM-də "Azadlıq" radiosunun yayımı yanvarın 1-də gecəyarısı dayandırılıb
101.7 FM-də "Azadlıq" radiosunun yayımı yanvarın 1-də gecəyarısı dayandırılıb

Publisist Məmməd Süleymanov: «Azadlıq»a bütün xalq qulaq asırdı. Taksi sürücülərindən başlamış evdar qadınlara qədər. Artıq elə bu, “Azadlıq”ı qapatmaq üçün dəlil idi. Başqa harada alternativ fikir eşitmək olardı ki?»

Məmməd Süleymanov Bizim yol qəzetində dərc olunan məqaləsində yazır ki, "Azadlıq" radiosu son Azadlıq adacığı idi. "O, azad sözün son Bastiliyası idi. Və hakimiyyət bu Bastiliyanı da aldı. Müqavimətsiz. Asanlıqla".

Müəllifin fikrincə, Azərbaycanda heç nəyin adı onun məğzinə uyğun gəlmir. "Və kütlə də bilir - kimdənsə qanuna riayət tələb edirlərsə, deməli özlərinə tabe olmayanı cəzalandırmaq istəyirlər. Qanuna qalsaydı, bu hakimiyyət yox olmalıydı. Ancaq...
Ancaq Mussolini İtaliyasında mafiya yox idi. Çünki hakimiyyət özü mafiyaydı.

Bu ölkədə qanunçuluğu kimi məhv etmək istəyirlərsə, onun gözünə soxurlar. Böyük canilər ölkəni qanunsuzluq yuvasına çevirib. Və hamını da bu kor dalana çağırırlar."

Məməd Süleymanov hesab edir ki, “Azadlıq” radiosunu bağlamaqda motiv - tənqidi sözü boğmaqdır:
"Ancaq formal olaraq hakimiyyət haqlıdır - xarici radiostansiyanın yerli tezliyi ola bilməz. Nə vaxtsa bu hakimiyyət özü “Azadlıq”a təklif etmişdi - yerli tezliklə yayımlanın. Bu günsə deyirlər - olmaz. Bir sözlə, boğazadək çirkabda olanlar başqalarını qaydaları pozmaqda suçlayır. Qaydalar isə qanunla yox, bütün diktaturalarda olduğu kimi, bir (uzağı bir neçə) nəfərin iradəsi ilə tənzim olunur."

Müəllif hesab edir ki, bundan sonra hədəf İnternet və bloqlar olacaq.

"...Başsağlığı verməyin zamanıdır - bütün xalqa. Çünki, “Azadlıq”a bütün xalq qulaq asırdı. Taksi sürücülərindən başlamış evdar qadınlara qədər. Artıq elə bu, “Azadlıq”ı qapatmaq üçün dəlil idi. Başqa harada alternativ fikir eşitmək olardı ki? Proseslər o istiqamətdə gedir ki, sabah hakimiyyət internetə və bloqlara qarşı dirənəcək. Çünki müstəqil düşüncə üçün başqa meydan qalmayıb."

Məmməd Süleymanovun fikrincə, radionun FM tezliyində yayımını dayandırmaqla onun geniş kütləyə xidmətini məhdudlaşdırmaq cəhdi hakimiyyət üçün gözlənilməz nəticələr verə bilər.
Hakimiyyət əlindən gələni edir ki, xalq anlasın - bu siyasi sistemi orta əsrlərin zibilliyinə tullamağın zamanıdır. Xalq isə susur. Odur ki, “Azadlıq”ın qapanması tək-tək adamlar üçün faciədirsə, əksəriyyət (o cümlədən, “Azadlıq”ı dinləyənlər) üçün adidən adi hadisədir.
Ancaq əsas nəticə unudulur. Ki, bütün mürtəceliklər unudulmur, sadəcə toplanır, kumulyasiya olunur. Və bir gün mütləq bu hakimiyyətin başında çatlayacaq.

“Azadlıq”la vidalaşıram. Ancaq Azadlıqla yox. “Azadlıq”ın qapadılması Azadlığı yaxınlaşdıracaq. Bu, o haldır ki, şərin müvəqqəti uğurları onun özünün aqoniyasını yaxınlaşdırır...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG