Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:24

AŞ PA çeçen icmasının Azərbaycanda daha çox ayrı-seçkiliyə məruz qaldığını bildirir


Qurum Azərbaycan, Ermənistan və Gürcüstanda qaçqınlar və məcburi köçkünlərin vəziyyətinə dair məruzə hazırlayıb
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan, Ermənistan və Gürcüstanda qaçqınlar və məcburi köçkünlərin vəziyyətinə dair məruzə hazırlanıb.

Qurumun yaydığı qətnamə layihəsində deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş cəhdlər hələ də bir nəticə verməyib, ancaq Azərbaycan və Ermənistanın bu yöndə işi davam edir. Assambleya iki ölkə arasında itkin düşən şəxslərin taleyi üzrə əməkdaşlığın kifayət qədər olmamasından təəssüflənir.


AŞPA həmçinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində saysız-hesabsız minaların insanları yaralaması və öldürməsi faktına diqqət çəkir.


Qurum Avropa Şurası üzvlərini bu üç ölkəyə qaçqın və köçkünlərin vəziyyətinə kömək məqsədilə maliyyə yardımı göstərməyə çağırır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov deyir ki, bu qətnamə layihəsinin müzakirəsində bəzi iradlarını bildirəcəklər: «İradlar daha çox sənədin balans naminə hər üç Cənubi Qafqaz respublikasını əhatə etməsiylə bağlıdır. Yəni, Azərbaycan tərəfi öz qaçqınlarıyla bağlı ayrıca məruzə hazırlanmasını istərdi».


O ki qaldı, sənədin əhəmiyyətinə, millət vəkilinin sözlərinə görə, qətnamənin qəbulundan sonra qaçqınların vəziyyətilə bağlı Avropa Şurası daha çox monitorinq keçirəcək, onların durumu ilə tanış olacaq.


Rafael Hüseynov: «AŞPA-da Dağlıq Qarabağla bağlı bir alt-komitə də var, ancaq biz xəyallara qapılmırıq ki, bu qurum problemin həllilə bağlı kəskin bir iş görəcək».


Məruzədə Azərbaycanda xarici mənşəli qaçqınların- iranlıların, iraqlıların, əfqanların olması bildirilir: «Ancaq Azərbaycanın öz qaçqınları çox olduğundan, xarici mənşəli qaçqınlara ikinci dərəcəli maraq göstərilir».


Sənədə görə, Azərbaycanda sayca çox olan çeçen icması daha çox ayrı-seçkiliyə məruz qalır. Bu qaçqınların uşaqları Azərbaycan ərazisində doğulduğu üçün əslində, vətəndaşlıq hüququ var, ancaq onlara hətta doğum haqqında şəhadətnamə belə verilməyib.


Millət vəkili Rafael Hüseynovsa deyir ki, Azərbaycan insan haqlarına hörmət edərək çeçen qaçqınlarını qəbul edib və qanunun aliliyi, beynəlxalq hüquq çərçivəsində onlar üçün mümkün işləri görüb.


Azərbaycan, Ermənistan və Gürcüstanda qaçqınlar və məcburi köçkünlərin vəziyyətinə dair məruzəni Miqrasiya, Qaçqınlar və Əhali üzrə məruzəçi, Latviyadan olan deputat Boris Kileviks hazrılayıb. Qətnamənin AŞPA-nın aprel sessiyasında qəbul ediləcəyi gözlənilir.


XS
SM
MD
LG