Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Qocaman müəllimlər pensiya yolunda


Hələlik ortada konkret bir təklif, yaxud layihə yoxdur
Hələlik ortada konkret bir təklif, yaxud layihə yoxdur
Yaşı 65-ə çatmış müəllimlər təqaüdə göndərilə bilər. Artıq bu məsələ təhsil sisteminin ən yüksək dairələrində müzakirə olunmaqdadır.

Təhsil naziri Misir Mərdanov bu barədə jurnalistlərə açıqlamasında deyib ki, müəllimlərə dövlət qulluqçusu statusu veriləndən sonra belə bir yaş məhdudiyyəti tətbiq oluna bilər. Onun fikrincə, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi onların maaş və təqaüdə çıxma vaxtı kimi məsələlərə təsir edəcək.

Təhsil sistemində məsləyə münasibət fərqlidir. Yaxşı təqaüdlə müəllimlikdən vaxtında getməyi üstün tutanlar da var, «qocaman müəllim» anlayışının ortadan qalxma ehtimalını narazılıqla qarşılayanlar da.

HƏLƏLİK ORTADA LAYİHƏ YOXDUR

Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə deyir ki, hələlik ortada konkret bir təklif, yaxud layihə yoxdur. Ancaq onun fikrincə, dövlət təhsilin inkişafına xüsusi diqqət yetirdiyi üçün bu istiqamətdə həyata keçirilən bütün tədbirlər həm də müəllimlərin marağı nəzərə alınmaqla həllini tapır:

«Bu, təhsil sisteminin inkişafına, yaşlı müəllimlərin sosial təminatının yaxşılaşmasına xidmət edəcək. Yəqin ki, burada ilk növbədə təqaüdlərin yüksək səviyyədə olması da nəzərdə tutulur. Amma hələlik konkret bir şey deyə bilmərəm».

Bakının Sabunçu rayonu 72 saylı məktəbin 50 yaşlı tarix müəllimi Aydın Allahverdiyev dövlətin bu addımını müsbət dəyərləndirir. Amma əlbəttə ki, vacib saydığı bəzi məsələlərin nəzərə alınması şərti ilə. O hesab edir ki, ilk növbədə müəllimlərə onları layiqincə yaşada biləcək təqaüd verilməlidir. Bu məsələlər həllini tapsa, təbii, müəllimlərin də müəyyən bir yaş həddi var ki, ondan sonra artıq dincəlməlidirlər.

«YAŞLI NƏSİL DƏYİŞİKLİKLƏRƏ ÖYRƏŞƏ BİLMİR»

«Hazırda bu sahədə dünyada çox ciddi və sürətli dəyişikliklər gedir. Bizim təhsil sistemimiz də bu proseslə ayaqlaşmalıdır. Məsələn, kurikulum sistemi və sairə. Yaşlı nəsil bu dəyişikliklərə öyrəşə bilmir.
Azərbaycanda 60-70-80-ci illərin müəllimləri ən keyfiyyətlilər sayılır
Bu, onların səhhətinə, əsəblərinə mənfi təsir edir. Yəni yaranan güclü stereotiplər də onları sıxır, əzir. Bu baxımdan həmin dəyişikliklərə uyğunlaşa bilməyən yaşlı müəllimlərin təqaüdə getməsi normaldır və getməlidirlər».

A. Allahverdiyev istisna etmir ki, öz üzərində işləyən, yeniliyə uyğunlaşan yaşlı müəllimlərin birdən birə kənarlaşdırılması həmin müəllimlərə və gənc nəslin öyrədilməsi baxımından təhsilə zərbə ola bilər. Ancaq ciddi təhlükə ola bilməz. Çünki adətən 65 yaşdan yuxarı yeniliklərə uyğunlaşmaq hər müəllimin işi deyil. Amma onun fikrincə, bu məsələyə də həssas yanaşmaq olar.

Təhsil naziri Misir Mərdanov deyir ki, hazırda Azərbaycanda 65 yaşı ötmüş 30 minə yaxın müəllim işləyir. Bəzi mütəxəssislər isə hesab edirlər ki, bu ölkə müəllimlərinin təxminən 20 faizi deməkdir. Özü də əksəriyyəti qadın müəllimlərdir.

Füzuli rayonu Qayıdış qəsəbə 4 saylı orta məktəbin 54 yaşlı ədəbiyyat müəlliməsi Təbərrük Əsgərxanova isə təxminən 10 ildən sonra sevdiyi peşəsindən əl çəkməli olacağını dəhşətli hadisə hesab edir. Hətta ən yaxşı təqaüdlə təmin olunsa belə.

BƏZİ YAŞLI MÜƏLLİM DƏYƏR MİN CAVANA

«Mənim də iş yoldaşlarım arasında yaxşı təqaüdlə müəllimlikdən getməyə hazır olduqlarını deyənlər var. Onlar yaşlılığı səhhətində hiss edən və dərslərin öhdəsindən gələ bilməyənlərdir. Amma mən deməzdim. Biz insanıq. Təkcə maddi təminatla yaşamırıq axı. Bu yaxınlarda mənim bir açıq dərsim olub. Bu, interaktiv təlim üsullarından istifadə olunan bir dərs idi. Onun videodiski də var. İstəsəniz göndərə də bilərəm. Baxıb görərsiniz ki, yaşlı müəllim müasir təlim üsullarının səmərəli olanlarını seçib necə istifadə edir».

Üstəlik, T. Əsgərxanova və A. Allahverdiyev yeni nəsil müəllimlərin bilik və bacarığından o qədər də razı deyillər.

Etibar Əliyev
«21-ci əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə deyir ki, müəyyən ediləcək təqaüd və onun tətbiqi ədalətli olarsa, bu proses heç bir ciddi narazılığa səbəb olmayacaq:

«Tutaq ki, müəllimin əməkhaqqı iş stajından asılı olaraq 300-600 manat arasında müəyyənləşəcəksə və bu, təqaüdə çıxanlara da aid ediləcəksə, bu heç bir narazılığa səbəb olmayacaq. Amma məncə, paralel olaraq bunlar istəyirlər ki, 65 yaşdan yuxarı müəllimləri təqaüdə çıxardıb sonradan müəllimlərə dövlət qulluqçusu statusu verilməsi haqqında müzakirələr aparsınlar. Bu isə pedaqoji heyət üçün çox ziyanlı məsələdir».

E. Əliyev deyir ki, 65 yaşlı müəllimlər 1960-cı illərin məzunlarıdır. Onun fikrincə, Azərbaycanda 60-70-80-ci illərin müəllimləri ən keyfiyyətlilər sayılır.

«İNDİKİ MÜƏLLİMLƏR AZ BAL TOPLAYIRLAR»


O qeyd edir ki, indi müəllim peşəsinə yeyələnənlər əsasən 200-300 bal toplayan abituriyentlərdir. Yəni bir növ müəllim ixtisasına üz tutanlar özləri aşağı qiymət alanlardır.

E. Əliyevin hesab edir ki, Azərbaycan təhsilinin indiki vəziyyətində yaşlı nəslin müəyyən hissəsini məktəblərdə məsləhətçi qismində də olsa saxlayıb, onlardan bəhrələnmək daha məqsədəuyğun olardı.

Prezident İlham Əliyev aprelin 20-si dövlət büdcəsindən maliyyələşən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncam imzalayıb.
XS
SM
MD
LG