Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:29

Cabbar Qaryağdıoğlunun 150 illik yubileyi qeyd olundu


“Mənim dərs aldığım və gördüyüm böyük xanəndələr hər zaman Cabbar əmidən əlçatmaz bir ustad kimi danışardılar”

Bu sözləri aprelin 23-də Cabbar Qaryağdıoğlunun Beynəlxalq Muğam Mərkəzində keçirilən yubiley gecəsində xalq artisti Arif Babayev dilə gətirdi. Onun sözlərinə görə, Cabbar Qaryağdıoğlu elə bir məktəb qoyub gedib ki, illər, əsrlər keçsə də xatırlanacaq.

CABBAR ƏMİNİN RUHU ŞADDIR


Arif Babayevin sözlərinə görə, Cabbar əminin ruhu indi şaddır. “O heç vaxt yaddan çıxmır. Onun qoyub getdiyi məktəb davam etdirilir.Yəqin ki, indi yubileyi keçirilən Muğam Mərkəzinin olduğunu görüb sevinərdi. Azərbaycanda beynəlxalq və yerli muğam müsabiqələri keçirilir. Gənc xanəndələrin üzə çıxması üçün münbit şərait var”.

CABBAR ƏMİNİ 5 YAŞIMDA GÖRMÜŞƏM

Yubiley gecəsinə toplaşan xanəndələr Cabbar Qaryağdıoğlu barəsində fikirlərini bölüşdülər. Onların arasında Cabbar əmini həyatda görən bir nəfər – tanınmış xanəndə Əlibaba Məmmədov da vardı. “5-6 yaşım olardı. Maştağada yaşayırdıq. Bir də gördüm hazırlıq görürlər kı, Cabar əmi bizə qonaq gələcək. Əmim xanəndə idi, Cabbar əmini də o qonaq çağırmışdı”.

BİR SƏBƏT ŞANI...


Əmisinin bağlarında C.Qaryağdıoğlunu çox təntənə ilə qarşıladığını deyən Əlibaba müəllim kiçik olduğuna baxmayaraq həmin günü yaxşı xatırlayır: “Hər şeyə fikir verirdim.Ona olan hörmətdən hiss edirdim ki, böyük adamdır. Arıq, bəstəboy bir kişi idi. Həyətdə xalça-palaz döşənmişdi. Samovar-filan. Əmimlə orada oturub yeyib-içdilər, xeyli söhbət etdilər. Gedəndə də əmim bağımızdakı üzümlərdən bir səbət yığıb Cabbar əmiyə pay verdi. Dedi, məxsusi sənin üçün saxlamışam”.

Cabbar Qaryağdıoğlu
SAMOVAR ALMIŞAM SİLƏNİM YOXDUR...


Yubiley gecəsinin iştirakçıları olan xanəndələr- Qəndab Quliyeva, Səkinə Ismayılova, Mələkxanım Abdullayeva, Zabit Nəbizadə və b. Cabbar əminin mahnılarını ifa etdilər. Ünlü xanəndənin özünün bəstələdiyi mahnıların hamısı həyatının bir parçası olmuş, sonralar uzun illər xalq mahnısı adı ilə oxunmuşdu. Məsələn, “İrəvanda xal qalmadı”, “Uca dağlar”, ”Ay ana, bu yarım niyə gəlməz oldu” və s. Mərasimin aparıcısı Hafiz Quliyevin dediyinə görə, sonuncu mahnını Cabbar əmi ömür-gün yoldaşı Səlmi xanımın 42 yaşında dünyasını dəyişməsindən sonra bəstələyib:
Samovar almışam silənim yoxdur,
Bir dərdə düşmüşəm bilənim yoxdur,
Gedənim gedibdir, gələnim yoxdur...
Ay ana, bu yarım niyə gəlməz oldu,
Aşdı uca dağları görünməz oldu?...

QARYAĞDILAR SOYADININ ƏN KİÇİYİ DƏ SƏHNƏYƏ ÇIXDI


Cabbar Qaryağdıoğlunun sonbeşiyi Şəhla xanım Muğam Mərkəzində
Yubiley gecəsində Cabbar əminin sonbeşiyi Şəhlaya bəstələdiyi iki mahnı ilk dəfə ifa olundu. Şəhla xanım özü də yubiley mərasimində idi. Salonda Cabbar əminin nəticələri, kötükcələri də var idi. Nəticənin minnətdarlıq sözü söylədiyini görən 5-6 yaşlı kötükcənin qəflətən səhnəyə çıxması və səhnədən düşmək istəməməsi mərasimə xüsusi ovqat qatdı.


İLK DƏFƏ ŞUŞADA...

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Şərq musiqisinin peyğəmbəri” kitabının müəllifi professor Zemfira Səfərova da görkəmli xanəndənin musiqi tarixindəki əvəzsiz rolu barədə fikirlərini bölüşdü.

İlk dəfə Şuşada 1897-ci ildə “Məcnun Leylinin məzarı önündə” səhnəsində Məcnun obrazında-- başında quş yuvası səhnəyə çıxan Cabbar Qaryağdıoğlunun şərəfinə bu ölməz operadan bir parça da göstərildi.

FOYEDƏ SƏRGİ TƏŞKİL OLUNMUŞDU

Yubileyə gələnləri Muğam Mərkəzinin əzəmətli foyesində Cabbar əminin həyatını əks etdirən sərgi qarşılayırdı. Tədbirin rejissorları Hafiz Quliyev və Kəmalə Musazadə idi

YÜKSƏK RÜTBƏLİ RƏSMİLƏR GÖZƏ DƏYMİRDİ...


Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi yubiley tədbirində yüksək rütbəli rəsmilər yox idi. Bu, həmin gün “Üns” teatrının 5 illik mərasiminin keçirilməsi ilə də bağlı ola bilərdi. Yeri gəlmişkən, yubiley tədbiri keçirilən bu iki məkan qonşu olduğundan, Dənizkənarı Milli Park ərazisində təhlükəsizlik tədbiri görüldüyü açıq hiss olunurdu. Ətrafda ciddi polis nəzarəti var idi. Bakı Şəhər BaşPolis İdarəsinin rəhbəri də gecə saat 22 radələrində bu ərazidə idi. Amma onun Cabbar əminin yubileyi üçün gəldiyi heç ağlabatan deyildi.
XS
SM
MD
LG