Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Kənan Hacı "Sonsuz kişinin qızı" (Hekayə)


Ey kimsəsizlər kimsəsi,
Mən bikəsin ol bir kəsi!..

Bikəs


Mən əsgərlikdən gələn günün axşamı Seyfi dayı bu fani dünyayla haqq-hesabını çürüdüb axirət evinə yollanmışdı.

Seyfi dayı dövranını sürmüşdü; sinni səksənə yethayetdəydi, di gəl, yeddinci onluğun axırına çıxmağa nəfəsi çatmadı.

Dəfni sakitcə keçdi- ağlayan, vay-şivən qoparan olmadı.

Kimi vardı ki, ağlayası... Bütün ömrü boyu kəndin xeyrinə-şərinə yarayan, kasıb-kusuba, yetim-yesirə arxa duran Seyfi dayı ölənəcən subay qaldı.

Anam danışırdı ki, kənd sovetinin sədri işləyən vaxtlarda kəndin ərlik qızları ondan sarı dəli-divanə idi.

Amma rəhmətlik ağır, namuslu kişi idi, iş dalınca gələn qız-gəlinə gözünün ucuyla da baxmazdı. Daim işdə-gücdə olan bir adamın vaxtı hardaydı belə işlərə?

Ağlayan bircə Təranəydi- elə hey gözünün qorasını sıxırdı... Baxışlarımız toqquşdu:
- Sonsuz getdi bu dünyadan Seyfi dayı,-dedi,- qədir-qiyməti bilinmədi.

O kənddə ki, kişilər övladlarının fər-fərasətiylə öyünürdülər, amma Seyfi dayının övladı yoxudu...

İndi Seyfi kişi bu dünyasından olmuşdu və kənd qəbristanının şefi Məşədi Cəbi sıx qəbirlər arasında ona xudmani bir “mənzil” ayırmışdı ki, dünyanın sonsuz kişisi yer üzündə özündən bircə nişanə belə qoymadan həyatın qapısını üzünə çəkib öz “mənzil”ində əbədi yuxuya getmişdi.

***

Axşam evdə anamdan eşitdim ki, Seyfi dayı evini Təranəyə bağışlayıb.

Haqq üçünə, Təranə kişinin qayğısını çox çəkmişdi; ömrünün son illərində Seyfinin ayaqları sözünnə baxmayanda bazarlığını, biş-düşünü eləmişdi, qocanın sınıq qəlbini ovutmuşdu, qoymamışdı ki, kişi dərdin, tənhalığın əlində əsir-yesir qalsın.

Bir dəfə bu nəvazişdən kövrələn qoca damarları çıxmış titrək əlini Təranənin saçlarında gəzdirmişdi. – Sən mənim qızımsan!- demişdi.

Ata-anasını çoxdan itirmiş Təranə onun sinəsinə sığınmaqla dediyi sözü təsdiqləmişdi. Və son gününəcən sədaqətli övlad kimi qulluğunda durdu.

Təranə Seyfinin ömrünün son və yeganə təsəllisiydi. Evini ona bağışlaması da təbii və gözlənilən idi.

Təranə mənim dayım arvadı idi- baxmayaraq ki, dayım onu çoxdan “qısır” olduğu üçün boşamışdı, bununla belə, baldızıyla- mənim anamla indi də çox mehribandılar və o, bizdən ayağını kəsməmişdi.

Mənimlə də çox yaxın olduğundan böyük dayımın kiçik qızını artıq mənim üçün gözaltıladıqlarını birinci ondan eşitdim. Təəccübləndiyimi görüb o da təəccübləndi:

- Bəs anan sənə deməyib?

- Yox...

- Bu gün axşam yüz faiz deyəcək, görərsən.

Bu söhbət əsgərlikdən qayıtdığımın ikinci günü Seyfi dayının evində camaat dağılışıb gedəndən sonra ikimizin arasında olmuşdu.

Axşam doğrudan da, Təranənin dediyi kimi oldu- anam öz “sirrini” mənə açdı:

-Şükür, evlənməyinçün hər şeyin var. Səidə də gözümüzün qabağında böyüyüb, öz balamdı o da, gül kimi qızdı.

Laqeydcəsinə əlimi yellədim. Anam səsini azca qaldırdı:- Bura bax, ədə, ondan yaxşısını tapıceysən?

Quşu yuvasından tutarlar, indiki qızlar qızdu bəgəm, gözləri açılan kimi başlayırlar çöldə-bayırda alış-verişə, göz-başları qaynayır, özlərində-sözlərində olmurlar.

O cür qız sən hardan tapıceysən? Şadlığına şitlik eləməginən. Allaha şükür, atovun mal-qarası, qoyun-quzusu var, pis dolanmırıq.

- Evlənəndən sonra da məni atam saxlamayacaq ki,- dedim,- bir də ki, evlənmək söhbətini birdəfəlik yığışdır getsin. Mən hələ evlənən döyüləm.

Anamın əli üzündə qalmışdı. Eybi yox,- dedi,-aton sənin başuva ağıl qoyar.
Atam heç evdə-eşikdə tapılırdı ki... Bütün gününü çöldə-bayırda keçirib axşam evə ancaq yatmağa gəlirdi.

Təranə zəng vurmuşdu, telefonda səsi avazımışdı:

- Sən Allah, axşam gəl, oturaq, söhbətləşək, təkliyə dözə bilmirəm. Gecələr evin divarları elə bil üstümə gəlir, xoflanıram.

Astanada məni görcək üz-gözü işıqlandı:

-Gör nə yaxşı vaxtda gəlmisən, qaynanan səni çox istəyir,- qabağıma yüyürdü- bilirdim gələcəksən, yaxşı bozbaş asmışam.

-Nə zəhmət çəkmisən...- mızıldandım.

- Gic-gic danışma ədə, o nə sözdü deyirsən?- sözlərimi mən deyən tərzdə təkrarlayıb ağzımı əydi,- sən bu evdə qonaq deyilsən, bildin?

Təranə sinidə bozbaş dəsgahını gətirəndə fikrimdən keçdi ki, axırıncı dəfə bozbaşı əsgərlikdən qabaq yemişəm.

Elə bil ürəyimi oxudu, sinidəkiləri süfrəyə düzə-düzə soruşdu:- Əsgərlikdən gələli bozbaş yemisən heç? Yox,- dedim,- yeməmişəm. Aralığa sükut çökdü.

Özü də gəlib oturdu. Buğlanan bozbaşın ətri məni məst eləmişdi.

Üzümə baxıb tərəddüdlə:- içmək istəyirsən?- deyə soruşdu. – Varındı?- suala sualla cavab verdim.

- Dayan, Şəfinin oğluna birin aldırtmışam.- Soyuducudan araq gətirdi. Uzunsov şüşənin üzərindəki zərli etiketin üzərində “İmperial” yazılmışdı.- Uşaq üzümə elə təəccüblə baxırdı ki... Heç soruşmadı kiminçün alırsan bu arağı.

-Mənim gəlişimə xüsusi hazırlaşmısan deyəsən.

Gözləri kölgələndi, tutaş kirpikləri titrəşdi, yüngülcə köks ötürdü:- Eh, kimim var ki...

Mən də bu dünyadan Seyfi dayı kimi izsiz-nişanəsiz köçəcəyəm... Yanıb-yaxılırlar ki, Seyfi dayı niyə evini bu doğub-törəməzə verdi?

Bəs mən Seyfi dayının uşaq kimi nazını çəkəndə, xəstə vaxtlarında yastığının qırağından çəkilməyəndə harda itib-batmışdız, hə?! Heç cınqırınız da çıxmırdı.

Həmin Seyfi kişidir ki, birinizin işi bir balaca əyiləndə gəlib ayağına yıxılırdınız:

“Seyfi dayı, amanın günüdür, bizi bəladan qurtar!”

“Seyfi qədeş, oğlumu üç kilo xiyarın üstündə tutub basıblar dama, təzəlikcən evlənib, qurbanın olaq, bu işə bir əl yetir!”

Seyfi dayı da gələnləri hər dəfə təmkinlə dinləyirdi, sonra stol arxasına keçib telefonun dəstəyini qaldırırdı, lazımi adama zəng vurub işi yoluna qoyurdu. Dağdan ağır zəhmi vardı, sözü böyüklərin də yanında keçirdi. Birdimi, ikidimi, hansını deyim? Nə tez unutdunuz bu yaxşılıqları? Hansınızdan təmənna ummuşdu ki, qəbir qazmaq üçün pul istədiz? Kəfən, mürdəşir, molla, ehsan xərci, daha nə bilim nə. Heç biriniz pulsuz yola vermədiniz. Axı o sizin Seyfi dayınız idi, hər birinizi öz övladı bilirdi... İndi o köhnə ev tez gözlərinə girir.

Təranənin dərdi açılmışdı,yarası qaysaqlanmışdı; yemirdi-içmirdi, elə hey danışırdı, səsi tavadakı yağ kimi cızıldayırdı.

- Sən yeməyəndə mənə də nuş olmur,- dedim,- xörəyi niyə soyudursan?- Elə bil ev yiyəsi mən idim, qonaq o idi. Qaşığı könülsüz əlinə aldı. Arağın ağzını açdım.
- Sənin sağlığına!- dedim. Kədərli-kədərli gülümsədi.

- Deyilən sağlığa!- əlavə elədi və o da iri, çappa stəkana özüyçün süzdüyü şirədən bir qurtum aldı.

- Bilirsən o qızın canında nələr var?- səsini uzada-uzada dedi.

- Hansı qızın?- maraqla soruşdum. Acıqla:- dayın qızının!- dedi.- Getmə ha onlara, cadu-zad eliyərlər sənə, hayıfsan.- Artırmaya çıxdı, çaydanı plitənin üstünə qoyub qayıtdı. Bu arada beynimə min cür fikir gəldi, görəsən niyə belə deyir?

- Anası orda-burda qeybətimi qırmaqdan yorulmur, ona deyən gərək ki, ay qancıx, mən birinə gedib ayrılmışam, daha sənin kimi, hər yetənin altına yıxılmamışam ki!
Dözmədim:- Yaxşı, sən Allah. Söz tapmadın danışmağa? Onun anası qəhbə-zad deyil.- dedim.

Təranə xəfifcə güldü:- Dayın arvadını çox istəyirsən deyəsən.

- İstədim-istəmədim, xalxın arvadına niyə qara yaxırsan?- dedim.

-Eeeh,- başını buladı,- sən hələ uşaqsan, bala. Hər sözü sənə demək istəmirəm.
Amma yox, gərək deyəm. Qoy biləsən ki, dayın arvadı hansı yuvanın quşudur.
İkinci badəni ötürdüm. Bu dəfə sağlıqsız.

- Biz dayınla xoşbəxt yaşayan vaxtlarda- deyə sözə başladı,- sən ye, araq içirsən, mənə baxma, bunların arası yox idi, iki qardaş qanlıbıçaq idilər. Bu həyasızın əri onda qaz vurub qazan doldururdu, gəlhagəliydi deyin, arvad forsdan yırtılırdı, boyun-boğazı qızıl-brılyant içində alışıb yanırdı, ədası yerə-göyə sığmırdı. Bir gün eşitdik ki, kişi ilişib, bazarda güclü yoxlamalar gedir. Elə kabinetindəcə qollarını qandallayıb maşına basıblar. Ramiz axşam evə gələndə gördüm ki, rəngi boğulub, necə olsa da, qardaşıydı axı. Dedi ki, Təriş, bilirsən, Rafiqi tutublar. Elə təlaşla dedi ki, soruşdum nə məsələdi, bilmirsən? Dedi ki, yeyinti haqq-hesabıdı. Yuxarılarda adam qalmadı, hamısının yanına getdi, heç kim yaxın durmadı. Yaxın duranlar da küllü miqdarda pul istəyirdilər ki, o pul da Ramizdə yox idi.

Bir gün səhər dükandan çörək alanda satıcı arvad qayıtdı ki, ağəz, qaynıvı buraxıblar ki!

Ola bilməz, dedim, buraxsaydılar, biz bilərdik. Əlini yellədi. Yatmısız fil qulağında,- dedi,- Gülnisə buraxdırıb e, bircə dəfə rəisin kabinetinə girib çıxmaqla açıb buraxıblar.- Axırıncı cümləni deyəndə mənalı-mənalı qımışdı.
Axşama kimi evdə yumurtası tərs düşmüş toyuq kimi vurnuxdum.

Axır ki, Ramiz gəlib çıxdı, elə qapıdan girən kimi qoymadım ağzını açsın. Qardaşını buraxıblar!- dedim. Key-key üzümə baxdı, sonra arxayınlıqla pencəyini soyuna-soyuna:- əşşi, hardan buraxıblar, sən də,-deyib divana sərələndi. –İnanmırsan?- dedim,- bütün kənd bilir, sənin xəbərin yoxdu. Nə cür buraxıblar, onu da bilirlər. Eşitdiyimi danışdım.

Hirsləndi, yeddimərtəbə söyüşlərlə ikisini də bir-birinə qatdı.- Qardaşımın gözünü pul elə tutub ki, arvadının hoqqalarını görə bilmir.- dedi. Sonra deyilənlər özünü doğrultdu. Neçə dəfə dayın arvadını rəisin qara “Volqa”sından düşən yerdə görmüşəm, Allah haqqı!

Vaxt gəldi, yetişdi, həmin rəisi də tutub damladılar, öz bağında dayın arvadıyla biabırçı vəziyyətdə tutmuşdular onu. Xoşqeyrət dayın yenə onu qəbul elədi.

Təranə nəfəsini dərdi. Araq şüşəsi boşalmışdı. Şüşəni qapıb evin divarına çırpdığım yadımdadı.

Ayılanda hiss elədim ki, evimizdə deyiləm.Qalxıb geyindim, həyətə çıxdım. Təranə həyətdə Seyfi dayının döşəklərini çırpıb səliqəyə salırdı ki, hüzr yerinə aparsın. Gecəni Seyfi dayının çəpərin o üzündəki evində yatmışdı. Baş sağlığına gələnlər yumşaq döşəkçə üstə oturub mərhuma rəhmət oxuyacaqdılar.

-Ehsanını necə lazımdı, verəcəyəm, qırxını da, ilini də verəcəyəm, qəbrini də düzəltdirəcəyəm.-deyirdi.

Birdən gözü mənə sataşdı. – Ayılmısan?- deyə soruşdu.

-Bilirsən yuxuda nə görmüşəm? –dedim.

-Nə görmüsən? –maraq dolu gözlərini üzümə zillədi.

-Görürəm ki, sənin oğlun olub, çarpayıda uşağı elə hey atıb-tutursan.- Hiss etdim ki, diksindi. Döşəkçələr əlindən sürüşüb düşdü, titrək səslə:- doğrudan elə gördün?- deyə soruşdu.

- Hə...

***

Mən şəhərə oxumağa gedən gün Təranəyə elçi gəlmişdilər. Elçilərin qarşısına özü çıxmışdı; başqa kimi vardı?!

Universitetdə birinci kursun son imtahanlarını verib istirahət üçün kəndə qayıdanda anamdan xoş bir xəbər eşitdim:

- Təranənin oğlu olub!

Təranənin evində ilk və son dəfə gecələyərkən gördüyüm yuxunu xatırladım.
Allah Seyfi dayını qəni-qəni rəhmət eləsin!

8 dekabr, 2003

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG