Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:02

Mixail Noeymə "Böyüklər" (Hekayə)


Gecədən xeyli keçməsinə baxmayaraq Əbu Rəşid və Ummu Rəşid oyaq idilər.

Çox mühüm bir məsələni müzakirə etsələr də, bir qərara gələ bilmirdilər.

“Müəllim” xəbər göndərmişdi ki, sabah xırmanı bölüşdürmək üçün onlara gələcək. Odur ki, ənənəvi nahar hazırlamaq lazım idi.

Amma nə hazırlasınlar? “Müəllim”in mərhum atası elə onların özləri kimi savadsız idi, geyimi, hərəkətləri, danışığı sadə idi. Hər dəfə, yayın sonlarında xırmanı bölüşdürmək üçün gələndə, elə yerdəcə, xırmana yaxın palıd ağacının altında oturardı.

Ummu Rəşid də samandan düzəldilmiş yekə məcməyidə yeməyi gətirərdi.

Qadın naharı nə qədər təntənə ilə hazırlasa da, o, qovurmanın üstünə vurulmuş bir neçə yumurta, bir qədər turş qatıq, bir az soğan və xiyar, bolluca yumuşaq çörək və bir az da baldan -əgər bal tapılmışsa- ibarət olurdu.

“Müəllim”in atası keçən qış Allahın rəhmətinə getdi. Onun vəfatilə bütün əmlakı oğluna qaldı. Əmlakla birlikdə şəriklər də miras qaldı, o cümlədən Əbu Rəşid.

Bu şəriklərdən ataya ən yaxın və sevimli olan da elə Əbu Rəşid idi.

“Müəllim” özü vəkil idi, şəhərdə “böyüklər” kimi yaşayırdı, arvadı da “böyük kişinin” qızı idi.

Bunların Rəşidlə yaşıd – yəni ömrünün yeddinci baharını yaşayan bircə qızları var idi.

Çox güman ki, “müəllim” onlara tək gəlməyəcəkdi. Arvadı, qızı, qulluqçu və sürücüsünü də özüylə gətirəcəkdi.

Bəs, Əbu Rəşidlə Ummu Rəşid onları necə qarşılasın? Ağac gövdələri və budaqlarından tikilmiş daxmalarında harada otuzdursunlarlar? Döşəklərin üstündəmi?

Bəlkə öz yorğanlarını təklif etsinlər oturacaq kimi? Bəs yeməyə, içməyə nə təqdim etsinlər? Necə təqdim eləsinlər?

Onlar “böyük adamlardır”, ancaq çəngəl-bıçaqla və çini qablarda xörək yeyirlər. Axı Əbu Rəşidin ailəsində belə şeylər yoxdur. Hətta stolları belə yoxdur.

Bir neçə dəmir qab, gil dolça və bir neçə taxta qaşıq, bir də kiçik “stolcuq”ları var sadəcə.

Bunlar idi bu gecə vaxtı ər-arvadın yuxusunu qaçıran. Bir çarə tapırdılar, ardınca başqa bir əngəl çıxırdı.

Bu şəkildə əvvəl qərara aldılar ki öz dəcəl oğlaqlarını kəssinlər. Amma elə ki oğulları Rəşid bu sözü eşitdi, dəli oldu, ağlayıb çığırmağa başladı.

Çünki bu oğlaq dünyada onun üçün ən əziz varlıq idi. Nəticədə oğlaq “qurtuldu”. Xoruzu ona “qurban etdilər”.

Ailənin yalnız bir xoruzu, üç dənə də toyuqları var idi. Bu fikrə də Rəşid üzüldü və elə ağlamağa başladı ki, atası ona bir şey olacağından qorxdu.

Bu qırmızı xoruz onun sevimlisi idi, onu öz əlilə yedizdirir, çiyninə alır, onun gözəlliyi və nəğməkar səsindən həzz alırdı.

Beləcə valideynlər xoruzun da “qətlindən” əl çəkəsi oldular.

Rəşid göz yaşları ilə balışını isladanədək ağladı, sonra yuxuya getdi. Axırda valideynlər üç toyuqdan birini kəsmək qərarına gəldilər.

Ər-arvad bu məsələyə son qoyanda Ummu Rəşidi qəm bürüdü və ürək yanğısıyla dedi:

- Canım oğlum! Boğazında qəhər yuxuya getdi. Səhər durub görəndə ki biz toyuğu kəsmişik təzədən kədərlənəcək, axı o toyuqların üçünü də çox sevir.

Əbu Rəşid dedi:

- Bir az ağlayacaq, sonra yadından çıxacaq. Nə edək bəs? “Müəllim” ilk dəfədir ki, bizə gəlir, qulluğunda durmayaq?

- Yaxşı görək, a kişi! Oğlumun bir damla gözyaşı onun bütün əmlakına bərabərdir mənim gözümdə. Yadından çıxıb ki, üç qardaşı tələf oldu, əlimizdə ancaq Rəşid qalıb? Ondan başqasına da ümidimiz yoxdur? Onun dırnağını dünyaya dəyişmərəm.

- Arvad, sən də yaddan çıxarma ki, biz şərikik və torpağın sahibinə üç min quruş borcumuz var. Bizim üçün yaxşı olar ki, onu xoş qarşılayaq və ziyafət verək. Bilsəydik ki, o da atası kimi bizə dost olacaq vəziyyət daha yumşaq olardı, amma biz onun tanımırıq hələ.

- Allah atasına rəhmət eləsin. Bizdən ancaq illik faizi istəyirdi.

- Hə, hə, Allah ona qəni qəni rəhmət eləsin. Çox yaxşı ürəyi vardı. Ancaq, arvad, zaman çox sürətlə dəyişir, zamanla birlikdə insanlar da, hardan bilək ki, oğlu ilə taleyimiz necə olacaq.

- Ürəyim deyir ki, taleyimiz xeyirli olmayacaq.

Sübh tezdən Ummu Rəşid üst-başını səliqəyə salmağa, daxmanı təmizləməyə və qonaqlar üçün nahar hazırlamağa başladı.

Yuxudan duranda daxmanın yaxınlığında toyuğun qanını və lələklərini görən Rəşidi sakitləşdirmək elə də asan olmadı.

Əbu Rəşid saqqalını qırxdı, ən yaxşı şalvarını geyindi, sonra çıxıb xırmana getdi və tikanlı süpürgə ilə oraları süpürdü.

Buğdanın qalıqlarını ələyi götürmədən səpələdi və xırmanın ortasındakı təpəciyə tərəf atdı.

Təpəciyin ətrafında fırlanaraq ürəyində təəssüflənirdi ki, bu dəfəki məhsul keçən mövsümdəkinin heç yarısı qədər də olmadı.

Ona lazım olanda göy üzü yağışa xəsislik etdi, lazım olmayanda isə əliaçıqlıq.

Quraqlıq oldu, buğdanı alaq otları basdı. Bütün bunlar onu göstərirdi ki, “müəllim”lə onların günləri atası ilə olduğu qədər uzun sürməyəcək. Kitabın məzmunu elə adından anlaşılır.

Əbu Rəşid buğdadan bir ovuc götürdü və bir bir saymağa başladı.

Öz-özünə dedi: “Əgər say cüt olsa, biz bu torpaqda qalacayıq, “müəllim” də bizdən mayanı tələb etməyəcək.

Yox, əgər tək gəlsə, deməli “müəllim” bizdən mayanı istəyəcək.

Mən də ödəyə bilməsəm məni ərazisindən qovacaq, özünə başqa şərik tapacaq.” Say tək gəldi, Əbu Rəşid çox həyəcanlandı, ancaq həyəcana təslim olmadı və özünü mahnı oxuyaraq təsəlli eləməyə başladı.

Əbu Rəşid evə qayıdanda gördü ki, arvadın başı dəmir qabları və taxta qaşıqları süfrəyə düzməyə qarışıb.

Döşəklər “stolcuq”un ətrafına həndəsi şəkildə səliqəylə yerləşdirilib. Bu arada Rəşid keçi ilə oynayırdı, əylənərək onu “İfrit” deyə səsləyirdi.

Sonra oğlan keçini buraxıb xoruzu çağırırdı, xoruza da “sultan” adı qoymuşdu. “Sultan” dərhal yanına qaçırdı.

Oğlan şəfqətlə xoruz üçün yeməyə bir şey gətirir, heyvan onun gətirdiyi yeməyi əlindən, hətta ağzından dimdikləyirdi.

Oğlan onu havaya atır, xoruz həyəcanla qanadlarını şappıldadaraq az qala sahibinin başına ya çiyninə düşür və nəğməkar səsiylə daha dərindən və ucadan banlayırdı.

Oğlan onu əlləri arasına alaraq gözlərindən birinin üstündən öpərək rahat buraxırdı.

Uşağın üz-gözündən xoşbəxtlik və sevinc yağırdı.

Saat ikiyə yaxınlaşırdı. Əbu Rəşidlə arvadı həyəcanla qonaqlarını gözləyirdilər. Budur maşının səsi uzaqdan eşidilir.

Bir neçə dəqiqədən sonra maşın əsas yolda daxmanın daş darvazasının qabağında dayanır.

Bir kişi, qadın, xadimə və balaca bir qız maşından enərək daxmaya tərəf gəlirlər. Əbu Rəşidlə Ummu Rəşid də onları qarşılamağa tələsirlər. İkisi də ucadan səslənir:

- Ay xoş gəlib səfa gətirmisiniz, xoş gördük sizləri cənab “müəllim”, “madam” və balaca gəlincik!

Qonaqlar bir də onu gördülər ki Əbu Rəşidlə arvadı “müəllim”lə “madam”ın önündə əyilərək əllərini öpüşə qərq edirlər.

Balaca qızı öpmək istəyəndə o qorxub qaçdı və xadiməyə sığındı. Rəşid isə gələnlərə məhəl qoymadan gah “İfrit”, gah da “Sultan”la əylənməkdə davam edirdi. “Madam” narahat olub bu hərəkətlərdən iyrənsə də Əbu Rəşid və Ummu Rəşid bir-birinin ardınca üzrxahlıq etməkdə idilər.

Hər kəsə daxmaya gəlib çatdıqda, madam qapının yanında dayanıb bir qədər əyildi və çaşqınlıqla əlini əlinə vurdu, bu arada ev sahiblərinin boğuq səsi eşidildi:

- Buyurun, buyurun... gərək bağışlayasınız... keçin taqsırımızdan. Sizə layiq bir şeyimiz yoxdur. Ev dar da olsa min dostu tutar... Buyurun, zəhmət olmasa...

Arvadı “müəllimə” üzünün çevirib aşkar bir istehzayla dedi:

- Hara axı? Bəs ev hardadır?

Ummu Rəşidin boğazı qurudu və donquldanaraq cavab verdi:

-Ev, bacı?! Ev budur – bu gördüyünüz daxma bizim bu dağdakı yay evimizdir.
Bu vaxt “müəllim” söhbətə qarışaraq fransızca arvadına dedi:

- Bizim dağlarda kəndlilər bu şəkildə yaşayırlar, bu daxmaya bənzər yay evlərində. Məhsulu topladıqdan sonra gələcək mövsüm üçün də tarlanı əkir və öz kəndlərinə qayıdırlar.

Kənddə də belə komalarda yaşayırlar, ancaq ora isti və təmiz olur. Bizim bu şəriklərimizin doğma kəndləri buradan 7 mil uzaqlıqdadır. Biz yolda onun yanından ötüb gəldik.

Arvadı da ona fransızca cavab verdi:

- Onlar qışda canavar, yayda ayı kimi yaşayırlar, eləmi?! Bəs, görəsən bu qarı bizi harada otuzdurmaq istəyir?

- Bu daxmada.

- Bu daxmanın içində?! Yerdə? Yox əzizim mən paltarlarımı xarab eləyə bilmərəm. Nə istəyirsən elə. Mən əsla bu daxmaya girməyəcəm.

- Axı onlar bizə nahar hazırlayıblar, biz də acıq, xüsusən də qızımız. Əgər biz onların yeməyini yeməsək bunu özlərinə həqarət bilərlər.

- Necə istəyirlər elə başa düşsünlər. Mən bu dəmir qablarda, taxta qaşıqlarla yemək fikrində deyiləm. Sən hardasan? Ağlınımı itirmisən?

- Ağlımı itirməmişəm, amma bu səmimi insanların xətrinə dəyə bilmərəm.

- De ki, biz yolda nahar etmişik, uzun müddət qalmayacayıq... heç bir stul da yoxdur ki oturum... Buradan mümkün olduğunca tez çıxıb gedək.

Belə də oldu. “Müəllim” onlardan üzr istədi, onun bu üzrxahlığı ər-arvadı ildırım vurmuşa döndərdi.

Çünki fransızca bilməsələr də, onların nə danışdıqlarını başa düşmüşdülər.

Üzləri elə ağardı ki, sanki ölüm xəbəri almışdılar. Axırda “müəllim” Əbu Rəşidi kənara çəkdi.

Atasına olan borcu xatırlatdı və ən azı son beş ilin mayasını verməyi tələb elədi. Əbu Rəşidin qəlbi sıxıldı və əsəbi şəkildə əlini əlinə vurub nə söylədiyini dərk etmədən danışmağa başladı:

- Mənim üç övladıma Allah rəhmət eləsin. Sənin də atana, müəllim... Mən borcumu unutmamışam, inşallah ki onu faizi ilə birlikdə ödəyəcəm. Ancaq bu ilki mövsümdən mənə qalan pay heç öz ailəmə çatmayacaq.

Bilmirəm heç haradan pul tapacam buğda ehtiyacımızı qarşılamaq üçün.

- Öz işini özün bacardığın kimi gör, Əbu Rəşid. Ancaq mənim haqqımdır ki, mənim pulum özümə qayıtsın.

- Haqqındır... Əlbəttə, ağam, haqqındır... Ancaq Allah Təalə bu ilki mövsümdə mənim zəhmətimin qarşılığını vermədi. Nə edim, savaşımmı onunla? Daşlayımmı onu?

- Bu sənin öz işindir, Əbu Rəşid. Mənim işim deyil. Sabah sürücümü göndərəcəm, xırmanı o bölüşdürər. İndi isə biz şəhərə qayıtmalıyıq, çox görüşümüz var. Bizdən inciməyin.

- Haşa, haşa, ağam... Biz sizin gəlişinizdən şərəf duyduq, layiq olduğumuzdan da çox. Sizinlə duz-çörək kəsmək bizim həddimiz deyil.

Bu arada “Nunu”nun başı Rəşidin keçi və xoruzla olan oyununa qarışmışdı. Valideynləri getmək üçün onu səsləyəndə anasına dönüb fransızca dedi:

- Ana, mən bu keçi ilə xoruzu istəyirəm!

Anası cavab verdi:

- Nə istəyirsən, sənin də olacaq Nunu.

Və Əbu Rəşidə buyurdu ki, keçi ilə xoruzu maşına aparsın. O, ürəyi hirsdən partlasa da, dinməzcə əmri yerinə yetirdi.

Rəşid əvvəlcə atasının onun sevimli dostlarını niyə yoldakı maşına tərəf apardığını anlamadı, heç anası da anlamadı. Maşın uğuldayaraq yeri qazımağa başlayanda Əbu Rəşid əliboş geri qayıtdı, nə xoruz vardı, nə keçi.

Bu an Rəşid nə baş verdiyini anladı. Sanki yuxudan ayıldı və var gücü ilə maşının arxasınca özünü atıb elə qışqırdı ki, sanki ətini kəsirdilər:

- İifriiit! Suultaaan!

Onun səsi səmada itərək vadidə əks-səda verdi.


Ərəb dilindən tərcümə edən Fəridə Baharlı


Mixail Noeymə (1889-1988) -
XX əsr ərəb mühacirət ədəbiyyatının görkəmli simalarından biri, mütəfəkkir, şair, nasir, dramaturq və ədəbi tənqidçidir.

Ərəb-Amerika yazıçısı olaraq tanınır.

Livanda dünyaya gəlmiş, ilk təhsilini burada tamamlamış, daha sonra Ukraynanın Poltava Universitetində, bunun ardınca da ABŞ-da təhsil alıb.

Ərəb və ingilis dillərində əsərlər yazmış, rus ədəbiyyatından çoxsaylı tərcümələr etmişdir. “Mərahil” (Dövrlər), “Əb’ad min Musku və Vaşinton” (Moskva və Vaşinqtondan uzaqda), “Liqa” (Görüş), “Bəyədir” (Xırmanlar), “Cübran Xəlil Cübran” kimi 20-dən artıq kitabın müəllifidir.

Bu hekayə onun 1956-cı ildə nəşr etdiyi “Böyüklər” adlı hekayələr kitabından eyni adlı hekayənin tərcüməsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG