Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:58

İkinci kürəkən - yeni varis?


Timur Kulibayev
Timur Kulibayev

Nazarbayevin varisi kim olacaq?

Bu sual müxalifətdə, mediada illərlə müzakirə olunsa da, bu ay ilk dəfədir ki, prezidentin öz ətrafından bu barədə xəbər gəlib.

Prezidentin siyasi məsələlər üzrə müşaviri Ermuxamed Ertısbayev deyib ki, Nazarbayev özündən sonrakı siyasi dövr üçün zəmin hazırlamaq istəyir.

Müşavirin sözlərinə görə, Nazarbayev ölkədəki siyasi sistemi “super prezident” idarəçilyindən “prezident-parlament” idarəçiliyinə dəyişmək variantlarına baxır.

Ertısbayev: “Yaxın 5 ildə biz elə bir siyasi sistem yaratmaq istəyirik ki, bu sistem yalnız bir adamın istəklərindən asılı olmasın, o şəxs olmayanda da bu sistem işləyə bilsin”.

Maraqlıdır ki, müşavir bu sözləri aprelin 3-dəki prezident seçkilərini Nazarbayev böyük üstünlüklə udandan az sonra deyib.

Ertısbayev Qazaxıstanın gələcək və daha səlahiyyətli olacaq parlamentinin təxmini mənzərəsini verib:
İndiki prezident partiyası olan Nur Otan hökumətdə və siyasi elitada əsas yeri tutacaq.
Dövlət rəsmiləri, elmi və akademik dairələr bu partiyada təmsil olunacaq.

Biznes dairələrini təmsil edən partiya isə hələ yaradılmalıdır.
Müşavirin fikrincə, hazırda biznes dairələrinə yönələn birlik var. Bu, Atameken biznes birliyidir. Yeni partiya bu biznes birliyi əsasında yaradılmalıdır.

MÜŞAVİRİN DEDİKLƏRİ ƏSLİNDƏ NƏDİR?

Atameken hazırda onlarla böyük korporasiyaların rəhbərlərini birləşdirən qeyri-hökumət qrupudur.

Bu birliyin rəhbəri Nazarbayevin ortancıl qızı Dinaranın əri Timur Kulibayevdir.
Forbs jurnalına görə bu ər-arvadın 1,3 milyard dollarlıq var-dövləti var.

(Yeri gəlmişkən, öz oğlu olmayan Nazarbayevin kürəkənlərlə bəxti gətirmir. Böyük qızı Dariqanın əri Rahat Əliyev sonradan dissident oldu.
Kiçik qızı Aliyanın əri Qırğızıstanın o vaxtki prezidenti Akayevin oğlu idi. Ancaq Akayev devrildi.
İndi Aliya Qazax biznesmeni Daniyar Xassenovla ailə qurub...)

(Yenə yeri gəlmişkən, 2-3 il əvvəl Sunday Times yazırdı ki, şahzadə Andrew öz XVİİİ əsrdən qalma malikanəsini satanda onun istədiyi qiymətdən 3 milıyon artıq verən qazaxıstanlılar məhz Dinara və Timur cütlüyü idi...).

Kulibayevin ulduzu son vaxtlar daha çox parlamağa başlayıb.
Prezident Nursultan Nazarbayev və ailəsi 1992-ci ildə


Prezident seçkiiləri ərəfəsi Kulibayev 80 milyard dollarlıq Samruk Kazyna Milli Rifah Fondunun rəhbəri təyin olundu.

Bu fond Qazaxıstan iqtisadiyyatının 60 faizinə nəzarət edir. O cümlədən enerji, nəqliyyat, kommunikasiya sektorları bu fondun nəzarətindədir.

44 yaşlı milyarder Kulibayev eyni vaxtda KazEnerjinin prezidentidir.
Bu özəl assosiasiya Qazaxıstanın neft, qaz və uran çıxaran 50 şirkətini birləşdirir.

VARİS KULİBAYEVDİRMİ?

Moskvadakı Post-Sovet Tədqiqatları Analitik Mərkəzinin direktoru Aleksey Vlasov deyir ki, yaxın gələcəkdə Nazarbayev öz varisini cəmiyyətə təqdim edəcək.

Onun fikrincə, varis o adam olacaq ki,
“Qazaxıstanı Nazarbayevsiz Nazarbayev üslubunda idarə edəcək”.

Hərçənd analitikin fikrincə, Nazarbayevin prezidentlikdən getmək fikri hələ yoxdur. Ancaq
“bu o demək deyil ki, Nazarbayev özünə 15 il vaxt qoyub. O, hakimiyyəti ötürməyi tam hazırlayandan sonra, yalnız bundan sonra, hakimiyyəti özü seçdiyi varisə təhvil verəcək”.

NAZARBAYEV İDARƏÇİLİYİ

Nazarbayev idarəçiliyi korrupsiyaya və demokratik islahatların yoxluğuna görə tənqid olunsa da, Amerikanın Beynəlxalq Respublikaçı İnstitutunun fevraldakı sorğusuna görə, qazaxların 70 faizi Nazarbayevi iqtisadi inkişafın təminatçısı hesab edir.

Qazaxıstan iqtisadiyyatı 2000-2007-ci illər arası ildə 7 faiz sürətilə artıb.
Qazaxıstana 150 milyard dollar xarici investisiya qoyulub.

Nazarbayevin tənqidçiləri isə deyirlər ki, onun rəhbər kimi heç bir unikallığı yoxdur. Sadəcə, Qazaxıstanın sərvəti çoxdur.

VARLI İQTİSADİYYATDA KASIB YAŞAYANLAR

Qazaxıstan ərazicə dünyada 9-cu yeri tutur.
Burda 40 milyard barrel neft və 1,8 trilyon kub metr qaz var.
Neftin indiki qiyməti ilə Qazaxıstanın 4 trilyon dollarlıq təkcə nefti var.

Qazaxıstanlı biznesmen və siyasətçi Bulat Abilov deyir ki, bütün bu sərvət xırda bir qrupun əlindədir.
Bu qrupa Nazarbayevin yaxınları, qohumları daxildir.

“Nazarbayev ən yuxarı vəzifələrə heç bir yeni sima gətirməyib. Siyasi sistem və iqtisadiyyat aşkarlıqdan çox uzaqdır. Heç kim bilmir ki, milyonlarla dollarlıq kreditlər və ya xarici investisiyalar hara gedir?”.

Abilov: “Var-dövlətin ədalətli bölünməsi əsas məsələdir və adamlar arasında əsas narazılıq mənbəyidir. Adamlar görürlər ki, varlı iqtisadiyyatda kasıb yaşayırlar”.

Qazaxıstanda indiki hakimiyyətdən razı olanlar da az deyil.
Almatıda xırda biznesi olan Erkin Asenbayev deyir ki, o çox varlı deyil, ancaq oğlunu Avropada dövlət proqramı hesabına oxuda bilir.

QAZAXISTAN MÜXALİFƏTİ

Təhlilçi Vlasovun fikrincə, Nazarbayev getsə belə, tezliklə demokratikləşmə olacağına ümid yoxdur.

Qazaxıstanda qeydə alınmayan Alqa partiyasının rəhbəri Vladimir Kozlov deyir ki, Qazaxlstanda hakimiyyətə “nə istəyir, danışa bilən müxalifət bəlkə də lazımdır”.

“Ancaq real iş görə bilən müxalifəti hakimiyyət heç vaxt parlamentə buraxmayacaq”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG