Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:30

Ata Abdullayevin üzv olduğu İctimai Şura nədir?


Suala cavab tapıldı: Ata Abdullayev adlı mülki geyimli şəxs hansı adla, hansı səlahiyyətlə müxalifətin aksiyalarında etirazçıları saxlayır?

Ata Abdullayev
AzadlıqRadiosuna deyir ki, Polis yanında İctimai Şuranın üzvüdür. O Şura üzvlərinin konkret təlimat əsasında hərəkət etdiklərini deyir. Amma Şuranın fəaliyyəti haqda geniş məlumat vermir.

Ata Abdullayevin İŞ üzvü olmasını Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də təsdiqlədi. Həmin şəxsin Nəsimi rayonunda öz inzibati ərazisində Şura üzvü olduğunu söylədi.

O.MANSURZADƏ: “QANUNLA QADAĞAN OLUNMAYAN HƏR ŞEY QANUNİDİR”


- Yaşadığı ərazidə radikal müxalifət tez-tez qanunsuz aksiyalar keçirir. Ona görə də bu işlərə könüllü şəkildə qoşulursa, polisə müəyyən işlərdə, ictimai asayişin və əmin-amanlığın qorunmasında köməklik göstərirsə, burda qanunsuz və qeyri-adi heç nə yoxdur. Təkrar edirəm ki, burda söhbət könüllü fəaliyyətdən gedir. Bu insan deyir ki, dövlətimi, millətimi və Prezidentimi sevirəm. Ona görə də polisə kömək edirəm. Bu, bir vətəndaşlıq borcudur.

- Kütləvi aksiyaların dağıdılmasında mülki geyimliləri görürük. Onlar da İctimai Şura üzvləridir?

- Xeyr, mən bunu iddia edə bilmərəm. Söhbət konkret bir nəfərdən – Ata Abdullayevdən gedirsə, onun haqqında danışa bilərəm.

Ata Abdullayev etiraz aksiyası zamanı
- İctimai Şura üzvləri aksiyalarda iştirak edə bilərlərmi?


- Hüquq elmində belə bir termin var: Qanunla qadağan olunmayan hər şey qanunidir. Qanunvericilik vətəndaşa dövlət orqanlarına vəzifələrini yerinə yetirərkən yardım göstərməyi qadağan etmir. Əksinə, qanunlarımızda da öz xidməti vəzifələrini yerinə yetirən dövlət hakimiyyəti orqanlarının əməkdaşlarına lazımi köməkliyin göstərilməsi bir vətəndaşlıq borcu kimi öz əksini tapmışdır.

- Onlara maaş verilir?

- Xeyr, söhbət yalnız könüllü ictimai fəaliyyətdən gedir.

- Onlara konkret təlimat verilirmi?


- Şura iclaslarında sahə rəisi ilə nələrisə müzakirə edə bilərlər. Amma qanunsuz aksiyalardan söhbət gedirsə, təbii ki, həmin inzibati sahənin rəisi və digər əməkdaşları xidməti ərazidə ictimai asayişin təmini işlərinə cəlb olunurlarsa, İctimai Şura üzvlərinin də bu işlərdə könüllü iştirakları olduqca normal bir prosesdir.

NƏDİR İCTİMAİ ŞURA?

İctimai Şuralar 2010-cu ildə «Polis haqqında» qanuna dəyişiklik edildikdən sonra yaradılıb. Qanunun 10-cu maddəsinə 5-ci bənd əlavə edilib: “Yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb olunurlar”. Bunun ardınca da deyilir ki, həmin şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün yerli polis orqanlarının yanında ictimai şuralar yaradılır.

İCTİMAİ ŞURAYA KİMLƏR ÜZV OLA BİLƏR?

Qanuna görə, az qala hər kəs. Yəni dövlət, yerli idarəetmə və qeyri-hökumət təşkilatları və ya müəssisələrinin nümayəndələri, yaşayış yeri üzrə nüfuzlu şəxslər və o cümlədən 18 yaşı tamam olan başqa vətəndaşlar.

Orxan Mansurzadə
İctimai Şuranın üzvlərinin sayı ilə bağlı məhdudiyyətin olmadığını deyir. Onun sözlərinə görə, bu, müvafiq ərazinin Polis İdarəsinin və inzibati sahənin rəhbərliyindən asılı olan məsələdir.

Şura üzvlərinin işinə gəlincə, DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu haqda məlumat verir:

- Birincisi, hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədilə maarifləndirmə, təbliğat işinin aparılması. Sonra narkomaniyanın, alkoqolizmin, həmçinin yetkinlik yaşına çatmayanların, baxımsızlığının və hüquq pozuntularının profilaktikası, cinayətlərin qarşısının alınması və araşdırılması məqsədilə zəruri məlumatların polis orqanlarına verilməsi... Yəni göründüyü kimi, Şuranın işi konkret ərazidə hüquqpozmaların qarşısını almağa və önləyici tədbirlər görməyə xidmət edir.

- Bəs məhkum olunmuş şəxs İctimai Şuraya cəlb oluna bilərmi?

- Ağır cinayət törətmiş, məsuliyyətə cəlb olunmuş və cəza çəkmiş şəxslər təbii ki, Şura üzvləri ola bilməz.

- Amma yada salaq ki, Ata Abdullayevə bir qədər əvvəl 7 il müddətinə şərti cəza verilib. O cəzasını hələ başa vurmayıb.

Orxan Mansurzadənin cavabı:

- Bu şəxs bildiyim qədər, 2 il müddətinə şərti məhkum olunub. O, müxtəlif KİV-lərə verdiyi müsahibələrdə deyib ki, iki il əvvəl Dövlət Neft Akademiyasında baş vermiş faciəvi hadisəylə bağlı vətəndaşlıq borcunu yerinə yetirərək polisə ilkin məlumat verib. Görünür, bu şəxsin həmin xidmətini və yaşadığı ərazinin ictimai həyatında yaxından iştirakını nəzərə almaqla onu Şuraya üzv ediblər. Hər bir insanın səhvi, xətası ola bilər. Əsas məsələ odur ki, sonradan cəmiyyət və dövlət üçün layiqli vətəndaş olasan, faydalı, xeyirli işlər görəsən...

Mahmud Hacıyev
“ŞURA İSLAHAT ADIYLA YARADILSA DA”


Keçmiş polis rəisi Mahmud Hacıyevsə diqqəti ona çəkir ki, məhkumluğunu ödəməmiş şəxsin İctimai Şuraya üzvlüyü qətiyyən düz deyil.

“Həmin şəxs bəlkə də məxfi xidmətlərlə, şəbəkəylə əməkdaşlıq edə bilər”.

Mahmud Hacıyevə görə, məhkum olunan şəxsin İŞ üzvü olması təhlükəlidir, çünki qisasçılıq zəminində kütləvi aksiyalarda kiməsə xəsarət yetirə, öldürə bilər və sairə.
O ki qaldı İctimai Şuraya, Mahmud Hacıyev deyir ki, bu qurum islahat məqsədilə yaradılsa da, yaxşı məqsədlər üçün istifadə etmədilər, hüquq və azadlıqların boğulmasında yararlanırlar.
XS
SM
MD
LG