Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:50

Xarici qüvvələr kimdir?


Əli Kərimli
Əli Kərimli
AXCP sədri Əli Kərimli hansı xarici qüvvələrdən dəstək aldıqları barədə suallara cavab verir.

- Deyirlər ki, müxalifəti dəstəkləyən xarici qüvvələr var. Bu xarici qüvvələr kimdir?

- Azərbaycan hökuməti çağdan, zamanın tələblərindən geridə qalmış fəaliyyəti ilə günü-gündən beynəlxalq ictimaiyyətin təzyiqlərini öz üzərində daha da artan şəkildə hiss edir. İndi Azərbaycanın çoxlu beynəlxalq təşkilatlar qarşısında öhdəlikləri var, həmin o öhdəliklərin sahibləri Azərbaycan hökumətindən o öhdəlikləri yerinə yetirməyi tələb edir. Bu adamlar onu ya başa düşmürlər və ya qəsdən təhrif edirlər. Həmin o öhdəliklərin, Azərbaycan Konstitusiyasının yerinə yetirilməsi, Azərbaycan vətəndaşlarına insan hüquq və azadlıqlarının verilməsi barədə tələblər birbaşa hansısa siyasi qüvvənin dəstəklənməsi deyil. Bu, bir hüquq məsələsidir. Bu çağdaş, siyasi mədəniyyət, birgə yaşayış qaydasıdır. Mədəni dünyanın tələbidir. Azərbaycan hökuməti öz vətəndaşlarını saymamağa öyrəşib. BU ADAMLAR «PRİPİSKA» HÖKUMƏTİ VAXTINDAN QALMA ADAMLARDIR. O ənənələr yadlarında qalıb. Deyirlər, yerinə yetirmirlər, aldadırlar, məsuliyyət daşımırlar. İndi bütün beynəlxalq öhdəliklərin hamısına imza qoyublar. Bir dənə yaxşı bir öhdəlik, konvensiya yoxdur ki, Azərbaycan ondan imtina etsin. Maşallah hamısını qəbul edirlər dərhal və fikirləşirlər ki, yola verərik də birtəhər. Ölkədə azad, ədalətli seçki keçirilə bilmir, dərhal seçkilərlə bağlı öhdəliklər xatırladılır. Bu ölkədə insanların sərbəst toplaşmaq azadlığı yoxdur, bu öhdəlik xatırladılır. Bu ölkədə insanların ifadə azadlığı, söz, mətbuat azadlığı yoxdur, öhdəliklər yada salınır. Amma indi o öhdəliklər xatırladıldıqca, başlayırlar bu şəkildə şantaj siyasətinə.

- İndi Sizə dəstək var ya yoxdur?

- Məsələnin bu şəkildə qoyuluşu ilə razılaşmıram. O dəstək Azərbaycan insanına dəstəkdir... Hansısa bir liderə verilmiş dəstək kimi qəbul etmirəm mən bunu. Baxmayaraq ki, hökumət bunu məhz belə təqdim edir. Amma mən bunu Azərbaycan vətəndaşına verilən haqlı dəstək kimi, hüquqi əsası olan dəstək kimi qiymətləndirirəm. Hansı beynəlxalq təşkilatlardan söhbət gedir? Hansı qeyri-müəyyən qara qüvvələrdən gedir söhbət? Onu aydınlaşdıraq biz. Bu sırada yəqin ki, Azərbaycan hökuməti üçün ilk sırada Avropa Birliyidir. Avropa Birliyi artıq Azərbaycanla bağlı bəyanatların səviyyəsini bir az da qaldırıb. Bu sırada ATƏT-dir. ATƏT demək olar ki, Azərbaycanda gedən prosesləri dəqiq müşahidə edir və prosesə adekvat reaksiya verir. Bu sırada dünyanın ən böyük dövləti olan ABŞ-dır. Dövlət Departamenti, buradakı səfirlik münasibətini ifadə edir. Bu sırada bütün dünyanın nüfuzlu QHT-ləridir. Arabir bu hökumətin təmsilçiləri onları saymırlar, guya ki, öz aləmlərində. Amma biz bilirik ki, DÜNYANIN O NÜFUZLU QHT-LƏRİ AZƏRBAYCAN HÖKUMƏTİNDƏN AZADLIQ TƏLƏB EDİR. Azərbaycan uğrunda koalisiya yaradıblar. Bunların hamısı Azərbaycan vətəndaşına sahib çıxmağın tərəfdarıdır. Eyni zamanda, artıq bu sırada dünya mediası var. Dünyanın ən nüfuzlu media quruluşları, ən nüfuzlu agentliklər, qəzetlər Azərbaycan insanına dəstək verir. Bu dəstək Azərbaycan insanının insanca yaşaması üçündür. Bu dəstək ölkədə bir siyasi qüvvə o birisi ilə yerini dəyişsin mənasında həddindən artıq primitiv, bəsit anlaşılmamalıdır. Bu YAP-sayağı anlaşmadır əlbəttə ki.

- Deməli dəstək var. Amma onun ünvanı Siz deyilsiniz.

- Bəli. Azərbaycan xalqının demokratik mübarizəsinə ciddi dəstək var. Hətta əvvəllər olmadığı şəkildə mütəşəkkil diqqət var Azərbaycana.

- «Yeni Azərbaycan» qəzetində Sizin haqqınızda yazılmış «Əli Kərimlinin xaricdən yüz minlərlə pul aldığı təsdiqləndi» adlı məqalədə deyilənlərə münasibətinizi bilmək olarmı?

- Bu yazıda orijinal nəyə isə rast gəlmək olurmu? Qəddafinin, Bəşər Əsədin, Yəməndəki 32 illik prezidentin ətrafının apardığı kampaniyadan nə iləsə fərqlənir? Bunların hamısı necə də bir-birinə oxşayır.

- Tez-tez Sizin və İsa Qəmbərin adını çəkirlər. Ancaq xarici qüvvələrin adını çəkmirlər. Bizə maraqlıdır ki, o xarici qüvvələr kimdir?

- Bu sual onlara aiddir...

XS
SM
MD
LG