Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48

Eynulla Fətullayevin həbsinin 4-cü ili, məmurların baqajının oğurlanması və...


Mətbuat icmalı
Mətbuat icmalı
«DİQQƏT! HƏBSİN 5-Cİ İLİ BAŞLADI!»

«Azadlıq» qəzeti Eynulla Fətullayevin həbsinin 4 ilinin tamam olması ilə əlaqədar jurnalistlərin birgünlük aclıq aksiyasına başladığını yazır. Aksiya «Diqqət! Həbsin 5-ci ili başladı!», «Eynulla Fətullayevə azadlıq!» şüarlarıyla keçirilir:

«Bir müddət əvvəl Eynulla Fətullayev özü də vəkili vasitəsilə bəyan etmişdi ki, aprelin 20-də həbsinin «yubiley» günü ilə bağlı birgünlük aclıq aksiyası keçirmək niyyətindədir».

«RADİKAL MÜXALİFƏT NƏİNKİ GÜMÜŞ, HEÇ PASLANMIŞ DƏMİR DƏ DEYİL»

«Yeni Azərbaycan» qəzeti Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlının müsahibəsini dərc edib. M. Qurbanlı hesab edir ki, müxalifətin radikal qanadının arxasında faktiki olaraq heç kim dayanmır. «Onlar öz mətbuatlarında yalançı görüntü yaratmaq istəyirlər ki, guya Qərb dövlətləri onları müdafiə edir. Hansısa səfirlərlə görüşlərini şişirdərək bundan özlərinə siyasi qazanc kimi, təbliğat parçası kimi istifadə etmək istəyirlər».

Jurnalistin «ictimaiyyətin bütün üzvlərinin təmsil olunmadığı bir təşkilatın «İctimai Palata» adlandırılması nə dərəcə düzgündür?» sualına M. Qurbanlının cavabı belə olub:

«Orada nəinki ictimaiyyətin, orada Azərbaycanın ictimai-siyasi həyatının 0.1 faizi təmsil olunmayıb. Adını böyük qoymaqla deyil ki? Adına Koroğlu qoymaqla Koroğlu olmursan ki, kor kişinin oğlu olursan. Hər adamın Koroğlu ola bilmədiyi kimi, hər böyük adın altında hər hansı bir qüvvə dayanmır. Rusiyada belə bir palata var. Radikal müxalifət də bu ad altında hərəkat yaratmaq istədi. Amma belə bir hərəkat nəinki yarana bilmədi. Elə ölü doğuldu, ölü doğulduğunda da onun yaşamaq qabiliyyəti olmadığı üzə çıxdı».

MƏMURLARIN PULLARI TƏYYARƏDƏN NECƏ OĞURLANIB?

«Bizim Yol» qəzeti Bakı beynəlxalq aeroportunda oğurluq hadisəsi törətməkdə təqsirləndirilən Müzəffər Ələsgərovun cinayət işi üzrə məhkəmədən yazıb. Məhkəmədə aviabaqajların soyulması ilə bağlı yeni faktlar açıqlanıb:

«İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 27 fevral 2008-ci il tarixdə Fidan Axundovaya məxsus çamadandan qızıl əşyaları oğurlayaraq, ona 904 manat dəyərində ziyan vurub.

Bundan başqa, təqsirləndirilən Əhməd Ağayevin 101 min 856 manat pulunu oğurlayıb. Həmin oğurluqdan bir həftə sonra Ə. Ağayev Londona təkrar pul yükü göndərərkən Müzəffər Ələsgərov yükün arasında olan 42 min 828 manat pulu da çırpışdırıb... Məhkəmədə ifadə verən M. Ələsgərov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Lakin Ə. Ağayevə məxsus pulların oğurlanmasından xəbərsiz olduğunu bildirib:

«Bu işdə müəmma var. Çünki Əhməd Ağayev deyir ki, ona məxsus «baqaj» itib və bir neçə gün sonra tapılanda, pulun oğurlanmasını müəyyən edib. Mən bu şəxsin pulunu oğurlamamışam».

Təqsirləndirilən şəxs qeyd edib ki, Azərbaycan vətəndaşının ölkədən 20 min manatdan artıq pul çıxarmasına icazə verilmir:

«Lakin bu şəxs milyonlarla pulu ölkədən çıxardığını iddia edir. Hansı yolla çıxardığı isə müəyyən edilməyib. Bu qədər pulu vətəndaş ölkədən bank vasitəsi ilə çıxara bilərdi. Belə olan halda həmin vətəndaş dövlətə rüsum ödəməlidir».

«KORRUPSİYAYA QARŞI MÜBARİZƏ AZƏRBAYCAN DÖVLƏTİNİN PRİORİTET VƏZİFƏLƏRİNDƏNDİR». «Azərbaycan» qəzeti yazır ki, korrupsiya halları ilə üzləşmiş vətəndaşların 161 nömrəli «qaynar xətt»ə müraciətləri azalıb:

«Fəaliyyətə başladığı bir aydan artıq müddət ərzində «qaynar xətt» əlaqə mərkəzinə 1200-dən artıq müraciət daxil olmuş, korrupsiya ilə əlaqədar olmayan 3700-dən artıq müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və s. hüquq sahələrində pozulmuş hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilmişdir.

Daxil olmuş müraciətlər və onlara baxılmasının nəticələri üzrə aparılan təhlillər göstərir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının rəhbərliyi altında həyata keçirilən qətiyyətli və düşünülmüş tədbirlər öz müsbət bəhrəsini verməkdədir. Belə ki, bir tərəfdən «qaynar xətt» əlaqə mərkəzinə daxil olan zənglərin sayının azalması tendensiyası müşahidə olunur. Digər tərəfdən isə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində 237-dən artıq vətəndaşın müraciətinin müsbət həll olunması təmin edilmiş, zəruri qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. 7 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, istintaq aparılır».
XS
SM
MD
LG