Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Bəxtiyar Hidayət. Ac Pələyevin bazarlığı


Səhər-səhər ola və sən də Saz-söz yurdunun bazarının ağzında rahatca marşrutdan düşmək istəyəsən, bu mümkün olan bir şey deyil.

Çün toyuq alverçiləri kəsir bütün marşrutların qabağını.

Vay ola ki birinin əlində bir toyuq marşrutdan düşə-o saat alverçilər toyuğu qapacaqlar. Yazıq toyuq kəsilməmişdən əvvəl yolunacaq.

Həmçının pendir alverçiləri də öz ovlarını gözləyirlər.

Vay onda olur ki toyuq satmaq istəyən kəs toyuğu qoya bir torbaya –onun torbasını pendir alverçiləri də əlindən ala bilərlər.

Bax belə bir basırıq olur buraların bazar dairəsi səhər-səhər.

Bu hekayənin qəhrəmanları özlərini bir az mədəni saydıqlarına görə və bu basırığa düşmək istəmədiklərinə görə bir başqa üsula əl atıblar.

Onların üçü də-Əhməd müəllim də, Kamil (ona da müəllim demək olar) də, Elşad (ona da müəllim demək olar) da toyuq alveri edirlər.

Hər üçü gedib kəndlərdən toyuq-cücəni yığıb gətirib satırlar bazarda.

Əhməd müəllim vaxtilə maarifdə işləyirdi.

Prezident seçkiləri öncəsi müxalifətin mitinqinə qatıldığı kadrlarla sübut olduğuna görə-haram olsun hökumətin çörəyi sənə-deyilib atıldi bayıra-kollegiya iclasının qərarı ilə.

Elşad ixtisasca tarix müəllimidir və o da müxalifətçi olduğuna görə iş üzünə həsrətdir.

Kamil isə maarif müdürünə yol tapacağına əmindir. Çünki müdürün sürücüsü ona söz verib ki darıxma. Müdürün sürücüsü Kamilin həm qonşusu , həm də uşaqlıq dostudur.

Toyuq-cücənin (Kamilin bir qazı da vardı) ayağı bağlı idi və Elşad onları qul bazarının sakinləri adlandırırdı.

Bu üç nəfərin söhbəti siyasətə aid idi. Əhməd müəllim deyirdi-

-A kişi, başa düşə bilmirəm-iki ağacın kəsilməsinə dözə bilməyən millət indi bu boyda itkiyə necə dözür?

Bu yerdə Elşad ağıllı bir söz dedi:

-Əhməd müəllim, bax bu kibrit qutusunun bircə dənəsinnən dəhşətli bir yanğın törətmək olar. Amma onu suya salsaq, nəinki bir dənəsi heç hamısı ilə də bir iş görmək olmaz.

Kamil:

-Əə səndə ki bu kəllə var, niyə Pələyevlə dil tapa bilmirsən?

Əhməd müəllim:

-Ay bala, görmüsən də Pələyevin qapısının üstünə nə yazılıb- müdür A. C. Pələyev. Yəni ac Pələyev. Onu bu boyda rayon doydura bilmir, bir cüllüt Elşad necə doyduracaq?
Hər üçü möhkəm güldülər. Kamilnən Elşad heç bu yazılara fikir vermədiklərini dedilər.
Sonra Kamil yana-yana dedi:

-Bizim günümüzə bax dəə. Diplom evdə qolboyun yatır baxtımıznan, biz də burda toyuq satırıq. O biri alverçilər heç imkan da vermir adama. Gələni özlərinə tərəf çəkirlər.
Elşad-

-Darıxma, hər qışın bir baharı var

Əhməd müəllim:

- Bizim baharımız deyəsən Antarktidanın baharına dönüb.

Kamil də öz ixtisasına uyğun bir söz işlətdi:

-Azərbaycanın cəmi qanunları bir Paskal qanunu qədər yoxdu. Çünki Paskal qanununa görə qazın və mayenin üzərinə düşən təzyiq qazın və mayenin hər bir nöqtəsinə verilir. Amma Azərbaycan qanununa görə Vətənin üzərinə düşən təzyiq ancaq kasıb-küsuba aid olur. Qalanlara aidiyyəti olmur. Neçə il torpaq qoruyasan, axırı da bir Pələyevin əlində girinc olasan. Rayonu ermənilər toplayanda birinci qaçanlardan idi Pələyev.
Elə bu arada bir hay-küy qopdu bazarda. Bu hay-küy polislə arvadların davası deyildi. Bir az aralıda xoruz döyüşdürürdülər. Kamil malı tapşırıb döyüşə baxmaq istəyirdi ki qaza bir müştəri çıxdı. Qaz bir az arıq idi və müştəri bunun fərqinə varmadı:
-Onsuz da aparıb bayrama kimi bordayacam yenşikdə.

Əhməd müəllim təəccüblə:
-Necə yəni yenşikdə?

-Qazı qoyursan yenşiyə. Yalnız başı bir də dalı qalır yenşikdən kənarda. Beləcə də yemini, suyunu verirsən, ta ki yenşiyə sığmayana qədər. Sonra da ki –yeyirsən qaz ətini, görürsən ləzzətini.

-Day denən bizim məmurlar kimi bir şey olur qaz. Əvvəl yenşik –kabinetində bordanıllar. Sonra da kabinetlrinə söğmayanda, dərilərinə sığmayanda yenşikdən azad edilirlər. Qaz kimi yolunmaq başlayır. Ha, ha, ha...

-A kişi , mən o boyda qaz satanı qoyuib burdan aldım ki xeyiri müəllimlərə verim, siz də demaqoqluq edirsiniz. Elə yaxşı eləyib səni qovublar işdən.

Kişi qazı qoltuğuna vurub donquldaya-donquldaya getdi.

Elşad kövrəlmiş Əhməd müəllimə təsəlli verdi:

-İt səni dişləyəndə sən də dönüb onu dişləyəsi deyilsən ki. Səviyyəsiz adamdı. Baş qoşma.

***

Xoruz döyüşündə Papışdı Xoruz meydan oxuyurdu. Döyüşdüyü xoruzları elə döyürdü elə bil polis mitinqçi döyürdü.

Döyüşü qoyaq bir kənara, görək toyuq-cücə öz dillərində nə danışırdı
Qoca Çil Toyuq deyirdi:

-Övladlarım, qardaşlarım, bacılarım bu günə də şükür oxuyun. Hələ kəsilməmisiniz. Mən iki gündü burdayam. Mənimlə bazara çəkilənlərin indi sümüyü də yoxdu.
Qara Toyuq dedi:

-Düz deyir Çil Toyuq. Ola bilər təzə ev quranlar, toyuğunu tülkü daşıyanalar , nə bilim daha kimlər gəlib bizdən hansımızısa damazlıq alar. Görürsünüz də ümümmilli düşmənimiz olan tülküdən də bizə xeyir dəyə bilər.

Bu damazlıq söhbəti Qoca Çil Toyuğun lap yaralı yerinə toxundu:

-Allah vurmuşdu damazlıq alanları. Bəxtimdən yumurtadan kəsiləndən sonra bazara çıxardıldım. Məni satan da dünən ölüsünə, dirisinə and içdi ki bu toyuq yumurtalayır.Dalımı alıcılar barmaqlamaqdan yara elədilər. Ağrıdan ölürəm Amma buna da şükür. Bəlkə biri yoxlamayıb aldı. Gedib nə yolnan olur olsun yumurtalayaram

Qara beçə acıqlı-acıqlı dedi:

-Çil toyuq, sən birinci yumurtalayıb qurtarmısan. İkincisi sənə bu da azdı . Bir gündə beş dəfə dalını barmaqlayırlar, ayağın bağlı, öldünlə qaldının fərqi yox, yenə şükür oxuyursan. Hələ onu demirəm ki gözünün önündə bacını, qardaşını, balanı neçə dəfə boğazlayıblar. Bəsdi dəə, bəsdi.

-Beçəbala, tərbiyəsizlik eləmə, nənənin nənəsi yaşdayam. Nə də bəzi şeyləri qarışdırma. Artıq bizim tayfa özünü çoxdaan bu insan tayfasına təslim eləyib. Onlar olamdan da yaşayıb nəslimizi artıra bimərik. Onlar olmasa hamımız cücəykən xəstəlikdən ölərdik. Bit qırardı hamımızı. Ildə iki dəfə dərmanlayırlar bizi. Naşükür olma.

-Bunu bizə görə yox özlərinə görə edirlər.

Tomağallı Sarı Xoruz Qara Beçəyə dəstək verdi:

-Qara Beçə düz deyir. Mən bir qapıda beş il xoruzluq etdim. Beş ildə bir yumurta xoruzsuz çıxmadı. Axırda bir cıppılı Yapon xoruzu gətirdilər həyətə. Məni də satdılar alverçılərə. Hələ caynaqlarımı kəsməklərini demirəm. Caynaqlarımı da kəsdilər ki guya cavanam. Buna şükür düşmür. Quqqulu-quuuuuuuuuu.

Ağ hökumət toyuğu dedi:

-Vallah düz deyirsən. Nə qədər qızışıb kürt düşdümsə hökumət məni suya basıb soyutdu. Bala üzünə həsrət qaldım. Sonda da ferma dağıldı. Bizi verdilər qaçqınlara yardım. Kəsilənimiz kəsildi qalanımız da sürüldük bazara. Qaradan o yana rəng yoxdu. Bu günə şükür düşmür.

Saqqallı Narpipik Xoruz dedi:

-Ta bəsdi. Yeddi ildi yaşayıram. Hər dəfə su içəndə başımı qaldırıb şükür eləmişəm. Aqibətim də bu. Mənim də caynaqlarım kəsilib Tomağallı Sarı Xoruz kimi. Mənim nə vecimə ki kəsiləndə başım qibləyə tutulacaq? Rədd olsun belə həyat. Quqqulu –quuuu.

***

Toyuq-cücə söhbətində olsun görək xoruz davası necə oldu.

Kamil Papışdı Xoruzun davasına baxdıqca elə qışqır-bağır salmışdı səsinə Elşad də gəlmişdi. Və Elşad bu döyüşü qladiator döyüşünə bənzədirdi.

Elə bu an Kamil qışqırığını kəsib Elşada dedi:

-Əə kefdəyik, bu gələn Pələyevin maşınıdı.

-Noolsun, qoy o ac köpəyoğlu da 3-4 toyuq alsın. Hardan bilirsən ki onu da bizdən alacaq. Qurddu it kimi şeydi o. Bütün bazarı iyləndirəcək.

-Əə bizdən almağı mənnikdi. Odey, şoferi də yanındadı. Iş ondadır ki qonaqlar nazirlikdən gəlib. Onlar da ki ancaq toyuq döşü yeyirlər.

-Day denən müəllimlərin aylığı batdı ki. Həm nazirlikdən gələnlərin pulu, həm qonaqlığın pulu.

-Əcəb eləyir Pələyev, qoyun yığını qoyun , kartnan çıxardığı pulu da gətirib direktora verirlər.

Pələyevin sürücüsünü yanladı

Kamil. Düz Əhməd müəllimin yanına getdilər.

Pələyev özü bir qıraqda durmuşdu. Elşad onu elə bil təzə görürdü - kopoluda bir qram millilik yoxdu, sifət erməni kömbəsi, qarın rus boçkası.

Xülasə hər üçünün bütün malları satıldı. Pələyev də bilirdi ki –müəllim xaylaqları təmiz mal satırlar. Xəstə-məstə mal olmaz onlarda.

Hətta başqa alverçılərdən də mal alındı. O cümlədən Papışdı Xoruz da alındı.
Bayaqdan Papışdı Xoruzun döyüşünə baxan bir uşaq ordan təsadüfən keçən atasının üstünə düşdü ki gərək o xoruzu mənə alasan. Uşaq elə bağırırdı elə bil naşı həkim dişini çəkirdi:

-Al deyirəm sənəə, yoxsa özümü öldürərəm.

-Ay bala , xalx pul verib xoruz alıb, onu mən necə ala bilərəm? Sənə qoy başqasını alım.
Uşağın qışqırtısı Pələyevi ləngitdi. O qayğıkeşcəsinə uşağa yaxınlaşdı:

-Adın nədi, balaca.

-Atamandı, əmi.

-Əə biz ki adaşıq. Verdim o xoruzu sənə.

-Sağ ol əmi, sən yaxşı əmisən.

Uşaq xoruzu qoltuğuna vurub elə götürüldüq sanki xoruzu kimsə əlindən alacaqdı.
Əhməd müəllim Elşadnan Kamilə dedi:

- Bizim millətin xoruzu qoltuğuna çox verilib. Amma bu uşağın xoruzu qoltuqlaması ayri şeydi. O qalib gəldi.

Pələyev tozlandıra-tozlandıra getdi.

Əhməd müəllim Kamildən soruşdu:

-Əə qonaqlıq harda olacaq?

-Pələyev həmişə Cüyür bulağına gedir.

-Bəs o toyuqların qalan yeri noolacaq.

-Pələyevə nə var-qoyacaq orda

-Day denən Cüyür bulağında təkcə Pələyevin dəstəsinin yox , çaqqalların da bayramıdır.

Kamil:

-Doğrudanda çaqqalların Allahı bu gün verib. Amma bizə Allah bir gün vermədi ki vermədi.

Elşad:

-Yaxşı, daha naşükürlük etmə. Alver pis olmayıb, iki “Xan” məndə.
Əhməd müəllim:

-Adama iki lülə də məndə

Kamil:

-Qalanlar da mənlikdi. Gedək biz də bayram eləyək.

Hər üçü bazarın kababxanasına üz tutdular.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG