Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

«Bizi ehsan süfrəsindən polisə apardılar»


Ölkə konstitusiyasında vətəndaşların ölkə ərazisində sərbəst hərəkət etmək hüququ təsbit olunub
Ölkə konstitusiyasında vətəndaşların ölkə ərazisində sərbəst hərəkət etmək hüququ təsbit olunub
«Ehsan yeyirdik. Birdən 7-8 nəfər girdi içəri, basqın elədilər ki, tez-tez, durun ayağa və bizi apardılar polisə».

Salyan rayon sakini Vidadi Səmədov aprelin 17-də 15 nəfərlə birlikdə Gəncədəki «İmamzadə piri»ni ziyarət zamanı üzləşdikləri problemdən danışır. O deyir ki, ziyarətgaha apardıqları ehsanı Gəncədəki yeməkxanaların birində yeyərkən onları elə süfrə arxasından birbaşa polisə aparıblar.

UŞAQLARIN QIŞQIRTISI ƏTRAFI GÖTÜRMÜŞDÜ

V. Səmədov deyir ki, 14 nəfər və 4-8 yaşlı iki uşaqla 6 saatdan çox polisdə sorğu-sual ediliblər. Onlara Gəncəyə ziyarətə yox, mitinqə gəldiklərini deyiblər:

«Yeni Azərbaycan Partiyasının bir nümayəndəsi də bizimlə idi. Bizə qarşı çox təhqiramiz ifadələr işlətdilər. Mənim uşaqlarımı əlimdən alıb atdılar otağın ortasına və başladılar bizim şəkillərimizi çəkməyə. Uşaqların da qışqırtısı ətrafı götürmüşdü. Biz necə dövlətdə yaşayırıq, ölkənin daxilində başqa yerə gedə bilmərik? Elə danışırdılar ki, guya biz Gəncəyə aksiya keçirməyə gəlmişik».

V. Səmədov deyir ki, hətta onlara hansısa təxribat törətməklə bağlı cinayət işi açmaq istəyiblər. Amma Salyan polisinə müraciətdən sonra dindarların hər hansı bir dini quruma və ya müxalifət partiyasına mənsub olmadıqları bəlli olub və sərbəst buraxılıblar. Amma bir daha Gəncəyə gəlməmək şərti ilə.

«ZİYARƏTƏ GƏLİBLƏRSƏ, GEDİB ONUN YANINDA DURSUNLAR»

Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev AzadlıqRadiosuna Salyan sakinlərinin polisə aparılmasını təsdiqləyib. Amma polis rəisi həmin şəxslərin süfrə başından yox, başqa ərazidən polisə gətirildiyini və 15 dəqiqə sorğu-sualdan sonra da sərbəst buraxıldıqlarını deyir:

««İmamzadəyə» ziyarətə gəliblərsə, gedib «İmamzadə»nin yanında dursunlar. Ziyarətgah şəhərdən 5 km qıraqdadır.
Emil Məmmədov
Onlar Sabir küçəsində bir ev var, 3-4 il bundan qabaq orda bir hadisə olmuşdu, həmin evin qabağında durduqları vaxt onları şöbə rəisi aparıb. Şəxsiyyət vəsiqələrinə baxıblar, görüblər Salyan rayonundandırlar. Onlardan soruşulmalıdır da Salyandan bura nəyə gəlmisiniz? Polis nə etməlidir ki?».

Polis rəisi pirə ziyarətgaha gələnlərin 6 saat idarədə saxlanmasını da təkzib edir:

«6 saat cinayətkar saxlanılır, onlar nə ediblər ki, onları o qədər saxlasınlar?».

«BU, ÇOX PİS QANUN POZUNTUSUDUR»

Həmin şəxslərlə görüşən Demokratiyaya Yardım İctimai Birliyinin rəhbəri Emil Məmmədov ölkənin bir yerindən digər yerinə ziyarətə gedən insanlara qarşı göstərilən bu münasibəti ciddi qanun pozuntusu sayır. Ölkə konstitusiyasında vətəndaşların ölkə ərazisində sərbəst hərəkət etmək hüququ təsbit olunub:

«Azyaşlı uşaqları aparıb polis bölməsində saxlamaq, bu, çox pis qanun pozuntusudur. Mən hətta deyərdim ki, polis vətəndaşa münasibətdə cinayətə yol verib. Bu baxımdan da Gəncə polisinin hərəkətlərinə hüquqi qiymət verilməlidir».

«SAKİT ADAMLA HEÇ KİMİN İŞİ YOXDUR»

Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev isə polis idarəsində Salyan sakinlərinə qarşı hər hansı zorakılığı təkzib edir. Həm də deyir ki, polisə gətirilən adamların yanında azyaşlı olmayıb:

«Bütün Salyan sakinləri gəlsin Gəncəyə, sərbəst hərəkət etsin, sakit adamla heç kimin işi yoxdur. Polisdə də o adamlara heç kim güldən ağır bir söz deməyib. Narazılıqları varsa, məhkəməyə müraciət etsinlər».

DİNDARLARIN QORXULU OBRAZI

Azər Rəşidoğlu
«Tolerant» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu hesab edir ki, ziyarətə gedən insanlardan şübhələnmək, onları polisə aparmaq son vaxtlar hakimiyyətdəki narahatlıqdan irəli gəlir, çünki Azərbaycanda narazılıq artmaqdadır:

«Hakimiyyət hansısa adamların bir yerə yığışmasından təşvişə düşür. Bu gün ziyarətə gedən adamlar həbs edilirsə, sabah rəssamlar saxlanıla bilər ki, onlar hansısa qanunun icazə vermədiyi rəsmi çəkiblər. Yaxud şairlər həbs oluna bilər ki, onlar ədəbsiz şerlər yazıblar. Azərbaycanda hər şey absurd həddinə çatdırılıb. Bununla cəmiyyətdə ümumi bir qorxu yaratmaq istəyirlər».

A. Rəşidoğlu xatırladır ki, son dövrlər hakimiyyət dindarların simasında Qərb ölkələri qarşısında qorxulu bir obraz yaratmaq istəyirdi:

«Qərbin qarşısına bir «xoxan» obrazı düzəldib atmaq istəyirdilər ki, biz gedəriksə, islamçılar gələ bilər hakimiyyətə, biz də həbsləri elə buna görə aparırıq deyə, bir imitasiya var idi».

Mərkəz rəhbərinin fikrincə, ərəb ölkələrində bu kimi faktorlar iflasa uğradığından indi hakimiyyət sadəcə, hamının nəzarətdə olması ilə bağlı cəmiyyətdə vahimə yaratmaq istəyir. Yəni etiraz haqqında düşünən belə cəzalandırıla bilər:

«Elə mühit yaratmaq istəyirlər ki, insanlar yalnız işə, ordan evə gedə bilsinlər, kənara bir addım belə ata bilməsinlər».

Ancaq A. Rəşidoğlu hesab edir ki, internet əsrində insanları cılız və primitiv üsullarla qorxu altında saxlamaq müsbət bir şey vəd etmir.
XS
SM
MD
LG