Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:48

Süleyman Sani Axundov. Şeytan


Bir pərdəli, uc şəkilli pyes

İŞTİRAK EDƏNLƏR

Ş e y t a n -iblis libasında.
M a r z a v a n
C u r c a n cinlər
T e y m u r - dəmirçi.
Ə l i - onun oğlu, 12 yasında.
A s l a n - Teymurun yoldası.
D ə m i r ç i.
R i z v a n -kommunist.
S a d ı q k i ş i - qoca kəndli,
H ü s e y n q u l u - kəndli.
Q a r a H ü s e y n - kəndli.
G ü l p ə r i
Ş a h p ə r i - kəndli qızları
N a z p ə r i


BİRİNCİ ŞƏKİL

Səhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş, hüzurunda Marzavan durmuş.

Ş e y t a n. Marzavan, Avropadan nə xəbər var? Söylə.
M a r z a v a n. Baba can, səpdiyin toxumların barını tez görəcəksən. Firənglər
tərəfindən qovulmuş Əmir Feyzəli ingilislər İraqi-ərəbə sultan təyin etmişlər.
İngilislərin bu siyasətindən firənglər rəncidə olaraq türklərlə gizli müahidənamə
bağlamışlar.
Ş e y t a n. Ha-ha-ha, Marzavan, bu işin aqibətini öz gözünlə görəcəksən.
Şeytan babana əhsən deyəcəksən.
M a r z a v a n. Yaxın Şərq məsələsi əski Antantanı pozdu. Yeni Antanta Uzaq
Şərqə əl atır.
Ş e y t a n. Bu da iblis babanın insan qanı tökmək üçün bir tələsidir.
M a r z a v a n. Almanların ölmüş cəsədindən müzəffər firənglər qorxurlar.
Bilirsənmi, onlar nə tədbir etmişlər?
Ş e y t a n . Söylə görək.
M a r z a v a n. Almaniyada hərbə lazım nə şey varsa, toplayıb Firəngistana
göndərirlər.
Ş e y t a n. Türk-yunan müharibəsi nə haldadır?
M a r z a v a n. Kral Konstantin əhd etmiş ki, ta İstambulu alıb yenidən başına
tac qoymayınca, qılıncını qınına satmasın.
Curcan daxil olur.
Ş e y t a n. Söylə görüm, ulu Qafqazda nə xəbər var, Curcan?
C u r c a n. Səni şad edəcək bir xəbər yox, baba can.
Ş e y t a n. Söylə görək.
C u r c a n. Ulu Qafqaz unutmuş tanrısını...
Ş e y t a n. Bu xəbər şad edir iblisini.
C u r c a n. Səni də yad edən yoxdur, baba can.
Ş e y t a n. Buna mən heç inanmaram, Curcan. Bəşəriyyət arasında olmaz elə
zaman ki, şeytanı unutsun insan.
C u r c a n. Gördüyümü söyləyirəm, baba can.
Ş e y t a n. Demək ki, ulu Qafqazda tökülmür daha qan?
C u r c a n. Xeyr, baba can.
Ş e y t a n. İnanmaram, Curcan, erməni, gürcü, azərbaycanlı qan tökməsinlər?
Bu nə halət? Bəs bəylər, xanlar, knyazlar necə olmuşlar? Qoçular, burjuylar,
qolçomaqlar nə edirlər?
C u r c a n. Cümləsini hökmdarlıqdan endirmişlər.
Ş e y t a n. Kimlər?
C u r c a n. Kommunistlər. Ulu Qafqazda başqa bir halət: büxl, həsəd, kin,
kədurət, ədavət büsbütün yox olmuş. Orada can deyib can eşidirlər.
Ş e y t a n. Nə pis xəbər gətirmişsən, Curcan! Yerüzündə sevgili bir məskənim
vardisə o da Qafqazdı. Kommunistlər onu məndən ala bilməzlər. Mənə iblis, mənə
şeytan deyərlər. Erməni, gürcü, müsəlman qardaş olmuşlar? Ha, ha, ha. Rahat
yaşayıb can deyib, can eşidirlər? Ha, ha, ha. (Ayağa qalxıb.) Curcan, Marzavan,
mən onların içərilərinə elə bir fitnə salım ki, yenidən bir-birini atəşə yaxsın, çapsın,
talasın, qırsın, oda atsınlar. Analar bətnindən balaları çıxarıb nizəyə taxsınlar.
Nəhrlər su yerinə qanlar axıtsın, Bəhri-siyah ilə Xəzərin içləri qızıl qan ilo dolsun.
Kəndlər, şəhərlər, meşələr, çöllər od alıb məşəl kimi yansın, cəhənnəmə dönsün!
Ulu Qafqaz hazır ol! Şeytan gəlir!

Pərdə


İKİNCİ ŞƏKİL

Səhnə dəmirçi dükanını göstərir. Əli körük basır, Teymur ilə Aslan dəmir döyürlər.

T e y m u r. Oğlum, körüyü bas, yoxsa yorulmusan?
Ə l i. Xeyr, babacığım yorulmamışam.
A s l a n. Yorulma, oğlum, sən zəhmətkeş balasısan, sən işdən qorxma, qoy iş
səndən qorxsun.
Şeytan səyyah libasında daxil olur.
Ş e y t a n. Atəş... cahanda varsa tərifə layiq bir şey, o da sənsən, Ey yandırıcı
od, səni gördükdə qəlbim şad olur, ruhum rahat. Ey qırmızı işıq, səni mən çox
sevirəm!
A s l a n. Yoldaş, sən kimsən?
T e y m u r. Nə soruşursan? Dediyindən görmürsənmi bu adam atəşpərəstdir.
Ş e y t a n. Doğru, mən atəşpərəstəm, çünki xamırım oddan yoğrulmuş, odu
mən çox sevirəm.
A s l a n. Yoldaş, bizim torpaq azadə bir yerdir. Hər kəs nəyə sitayiş edirsə
etsin. Burada din, məzhəb üstə qovğa yoxdur, müsəlman, xristiyan, büdpərəst,
atəşpərəst, hamısı insandır, bizə qardaşdır.
Ş e y t a n. Pəh, pəh, nə gözəl məslək! Ey azərbaycanlılar mən səyyaham,
dünyanı seyr edərək, buraya gəldim, belə səadətlə yaşayan insanlar görmədim. Siz
çox bəxtiyarsınız... Əfsus ki... qonşu düşmənləriniz bunu puç edəcəklər...
Rizvan daxil olur, Şeytan onu görmür.
T e y m u r. Kimlər?
Ş e y t a n. Gürcülər ilə ermənilər.
A s l a n. Səhv edirsən, yoldaş, onlar bizim dostlarımızdır. Köhnə ədavət, köhnə
hökumətlə getdi.
Ş e y t a n. Ha-ha-ha. Ey sadədil azərbaycanlılar! Siz qəflətdəsiniz, ermənilər,
gürcülər gecə-gündüz yatmayıb yeni hərb üçün silah hazırlayırlar. İntiqam, intiqam
deyərək, müharibə üçün plan çəkirlər. İndi burada siz nə qayırırsınız?
A s l a n. Kəndli qardaşlarımız üçün əkin aləti qayırırıq.
Ş e y t a n. Bu işləri buraxınız, gecə-gündüz siz də onlar kimi qılınclar,
xəncərlər qayırınız, fürsəti fövtə verən aqil deyil, divanədir. Keçmişinizi yada
salın. Siz eyş-işrətə məşğul olduqda, onlar top, tüfəng yığıb hazırlaşırdılar.
T e y m u r. Sən kimsən? Bunu haradan düzəltmisən?
Ş e y t a n. O zaman mən burada idim.
Rizvan pusqudan çıxıb irəli gəlir.
R i z v a n. Doğrudur, o zaman sən burada imişsən. Buna şəkkim yoxdur.
Yoldaşlar, bayaqdan bəri mən bu hərifi diniəyirəm. Bunun kim olduğunu
anlayırsınızmı?
A s l a n. Kim olduğunu bilmirəm, lakin sözlərindən, gözlərindən şərarət odu
yağır. Mən bunu görürəm.
R i z v a n. Doğrudur, yoldaşlar, insanı bir-birilə vuruşduranlar belə həriflərdir.
Bunlara provakator deyərlər. Bunların əsil adları Şeytandır. Yoldaşlar, bunlara
aldanmayınız, gürcü, erməni zəhmətkeşləri bizə düşmən deyillər. (Şeytan yox
olur.) Onları bizlərlə toqquşduranlar belə şeytanlar idi. Harada belə araqarışdıran
adam gördünüz, tutub bizə veriniz. (Donub baxır.) Bax, hərif giriz vermiş. Hərgah
düz adam idi, nə üçün qaçdı?
T e y m u r. Yoldaş Rizvan, qorxmayın. Belə fitnələrə aldanmarıq.
Qonşularımız ilə qardaşlığı pozmarıq.
R i z v a n. Elə də lazımdır, indi iş dalınca. (Cıxır.)
A s l a n. Oğlum, Əli, körüyü bas!

Pərdə


ÜÇÜNCÜ ŞƏKİL

Səhnə Sadıq kişinin komasını göstərir, həyətdə Nazpəri corab hörür, Gülpəri
paltar və Şahpəri də köynək tikirlər. Şeytan səyyah libasında, qoltuğun da bir qutu
həyətə daxil olur.
Ş e y t a n (qızları başıaşağı işləyən halda gordukdə oz-ozunə). Nə gözəl fürsət!
Bu Həvva övladlarını aldadıb buradan aparmalı. Sonra, qızlarınızı düşmənlər
aparmış, deyə fitnə salmalı... (Qızlara.) Ya rəb, bunlar nə gözəl qızlardır. Sanki göydən enmiş pərilərdir. İsminiz nədir, mələklər?
G ü l p ə r i. Mənimki Gülpəri.
N a z p ə r i. Mənimki Nazpəri.
Ş a h p ə r i. Mənimki də Şahpəri.
Ş e y t a n. Demədimmi siz pərisiniz? Simalarınız buna şahiddir. Siz kimi
pərilərə belə işlər yaraşarmı? Toxda, gözəlim. (Nazpərinin əlini əlinə alıb.) Bu
şümşad kimi barmaqlara nə yaraşar, gözəlim?
G ü l p ə r i. Xına yaxmaq.
Gülüşürlər.
Ş e y t a n. Bunların nə gözəl səsləri var? Sanki səma musiqisidir, bu sədalar.
(Bir yaqut uzuk Nazpərinin barmağına taxır.) İndi baxınız.
G ü l p ə r i. Ah, nə gözəldir? Necə parlaqdır? Kaş mənim elə bir üzüyüm
olaydı!
Ş e y t a n. Səbir et, gözəlim, sənin barmağına başqa bir qaş yaraşar, bax, o da
bu! (Almaz uzuyu onun barmağına taxır.)
Ş a h p ə r i. Doğrudanda nə yaraşıqlıdır!
Ş e y t a n. Mənim qutumda sizlərə layiq şeylər çoxdur. (Rəngbə-rəng şuşə
muncuqları gostərir.)
G ü l p ə r i. Ah, nə gözəl şeylərdir!
Ş e y t a n. İndi siz pərilərə nə lazımdır?
Ş a h p ə r i. O şey ki, bizim kəndli atalarımızda yoxdur. Pul lazımdır ki, bu
şeyləri sizdən alaq.
N a z p ə r i. Şahpəri düz deyir. Bizim atalarımız kasıbdır.
G ü l p ə r i. Kaş bu şeyləri bizə göstərməyəydin, baba!
Ş e y t a n. Gözəl şey görmək savabdır. Görürəm bunları almağa sizdə pul
yoxdur, lakin mən də sizin köməyinizə möhtacam. Hərgah mənim təklifimi qəbul
edərsinizsə, bu üzükləri sizə bağışlaram.
G ü l p ə r i. Mən qəbul edərəm.
N a z p ə r i. Mən də.
Ş e y t a n. Çox sağ olun! İndi dediyimə yaxşı fikir veriniz. Mən böyük
təbibəm. Qədim bir tibb kitabında oxumuşam ki, sizin bu dağlarda bir növ çiçək
bitir. Bu çiçək indiyə kimi müalicəsi tapılmayan vərəm xəstəliyinə dərmandır. Mən
bu məqsədlə uzaq vətənimdən buraya gəlmişəm. Bu daşları da satıb özümə yemək
və yol xərci düzəldirəm. Mən sizin bu dağlarınıza nabələdəm. Gözlərim də siz cavanlarınkı kimi iti deyil. Əgər mənə kömək edib, o çiçəyi tapa bilsək, göstərdiyim cavahirlərdən sizə peşkəş verərəm və yazdığım tibb kitabında siz pərilərin adlarını da qeyd edərəm. Görün, insanlara nə böyük xidmət edirsiniz? Adlarınız da min illərcə dillərdə söylənər. Razı olursunuzmu?
C ü m l ə s i. Razıyıq.
G ü l p ə r i. Ancaq atalarımızdan izin almaq lazımdır.
Ş e y t a n. Yox, onu etməyin. Qorxuram sizi qoymayalar və bu sirr öz aramızda
qalmalıdır. Çox gəzməyəcəyik. Bəlkə, bəxtimiz gətirdi, tez tapdıq. Gedək,
qızlarım.
Q ı z l a r. Gedək.
Ayağa qalxırlar. Bu halda Rizvan daxil olur.
Ş e y t a n. Yenə bu şiş papaq nə pis vaxtda gəldi!
R i z v a n. Bacılar, işlərinizi qurtardınızmı?
G ü l p ə r i. Xeyr, bir az qalıbdır.
R i z v a n. Yoldaşlar, tənbəllik etməyin. Özünüz bilirsiniz ki, alman proletarları
acından qırılırlar, çılpaq balaları sizin köməyinizə möhtacdır. Bir saat
gecikməyiniz neçə məsum uşaqların ölümünə bais olar. Bu barmaqlarınızdakı
üzüklər haradandır?
Ş a h p ə r i. Bu kişidən almışıq.
Rizvan diqqətlə Şeytana baxır.
R i z v a n. Hə, tanıdım, həmin hərif. Üzüklərinizə baxım. (Gostərirlər. Şeytan
qacır.) Bunlar qiymətli daşlar deyil, şüşədir.
G ü l p ə r i. Vay sənə lənət, şeytan kişi! Biz də elə bilirik ki, qiymətli daşlardır.
Nə yaxşı hələ pul verməmişik.
N a z p ə r i. O çiçək axtarması da hiylədir.
R i z v a n. Nə çiçək?
G ü l p ə r i. Deyirdi ki, bizim dağlarda vərəm naxoşluğuna dərman bir çiçək
bitir. Bizi, onu aramağa aparırdı.
R i z v a n. Onun tələsindən yaxşı qurtardınız. Bu sizə bir dərs olsun. Bundan
sonra belə şeytan şəxslərə aldanmayınız. Bu adam dəmirçi yoldaşları da aldatmaq
istəyirdi. Daha durmayın, iş dalınca. Bir azdan sonra gələcəyəm, ona kimi siz də
işlərinizi qurtarınız. Sadıq babaya deyin ki, ianə şeylərini buraya toplasın, gəlib
siyahı edəcəyəm. (Gedir.)
N a z p ə r i. Gedək, işlərimizi qurtaraq. Nazpəri və Şahpəri komaya girirlər.
Sadıq kişi həyətə daxil olur.
S a d ı q k i ş i. Gülpəri, Rizvan gəlmişdimi?
G ü l p ə r i. Bəli, gəlmişdi. İndicə getdi, dedi ki, bir azdan sonra gələcəyəm,
Sadıq baba şeyləri toplasın, gəlib siyahı edəcəyəm.
S a d ı q k i ş i. Yaxşı, get, gələn adamlar üçün çörək hazırla.
G ü l p ə r i. Baş üstə.
Komaya girir. Qara Hüseyn dalında bir çuval həyət qapısından girir.
S a d ı q k i ş i. Gətir, oğlum, gətir, ruzun bol olsun, bir əvəzinə min alasan.
Q a r a H ü s e y n. Sadıq baba, özün bilirsən ki, bu il taxılım az oldu. Özümüzə
çatmır.
S a d ı q k i ş i. Bilirəm, oğlum, sən də onu bil ki, Almaniyadakı qardaşlarımız
acından ələf yeyirlər, ağacların qabağını gəmirirlər. Allah kərimdir. Bizlər birbirimizə
kömək edib təzə məhsula çıxarıq, amma onlar acından tələf olurlar.
Həsənqulu dalında çuval daxil olur.
S a d ı q k i ş i. Oğlum, Həsənqulu, sənin bu ehsanın hamısından qiymətlidir;
çünki sən kasıbsan, el özü səni ianə ilə saxlayır.
H ə s ə n q u l u. Sadıq baba, o günü yoldaş Rizvan Almaniya aclığını elə halda
nağıl etdi ki, nə deyim? O vaxtdan bəri çörək boğazımdan getmir, zibil eşib çörək
arayan qardaşlarımız gözümün qabağında dururlar.
Q a r a H ü s e y n. Mənim balaca oğlum da çörək yeyəndə öz payından ayırır
ki, yığıb ac uşaqlara göndərəcəyəm.
H ə s ə n q u l u. Sadıq baba, bir şey yığa bilmisənmi?
S a d ı q k i ş i. Allah bərəkət versin, beş yüz puda qədər toplanmışdır. Hər
kənd bir belə yığsa, acların imdadına çatarıq.
Aslan və Teymur daxil olurlar.
A s l a n . Sabahınız xeyir.
S a d ı q k i ş i. Aqibətiniz xeyir. Mənə görə qulluq?
T e y m u r. Sadıq baba, bizi şəhərdən göndəriblər ki, kəndli qardaşlarımıza
kömək edək.
A s l a n. Dəmirçiyə möhtac nə işiniz var isə qayıracağıq.
H ə s ə n q u l u. Mənim baltam sınıbdır.
Q a r a H ü s e y n. Mənim də dəhrəm və dəryazım.
T e y m u r. Yoldaşlar, hamısını qayıracağıq, arxayın olunuz.
S a d ı q k i ş i. Övladlarım, mən bu yaşa çatmışam, belə qardaşlıq, yoldaşlıq
dövranı görməmişəm. Cümlə insanlar birdir - deyən çox olmuş, lakin indiki kimi,
bolşeviklərdən savayı əmələ gətirən olmamışdır.
Şeytan təbib libasında, qoltuğunda bir davacat qutusu daxil olur.
S a d ı q k i ş i. Kimsən? Sənətin nədir?
Ş e y t a n. Mən təbibəm.
H ə s ə n q u l u. Nə yaxşı vaxtda gəlmisən, mənim balaca qızım naxoşdur.
Q a r a H ü s e y n. Mənim də arvadım.
Ş e y t a n. Mən sağlara həkimlik edirəm.
T e y m u r. Qəribə təbibdir, sağları sağaldır...
Ş e y t a n. Bəli, sağları sağaldıram. Sağ mən o şəxsə deyirəm ki, bü dünyada
heç bir qəmi və qüssəsi olmaya. Hansınızın dərdi yoxdur? Hərəniz bir dərdə
mübtəlasınız. Mən ömrümü sərf edib bu dərmanları icad etmişəm. Bunların hər
birində başqa bir xasiyyət var. (Bir şuşə gostərir.) Bu dərmandan bir fincan içənin
bədəni qızışıb qüvvətə gəlir. Birin də içərsə, qəm-qüssəsi gedib şad və xürrəm olar.
Birisini də içərsə, qızmış şirə dönüb pəhləvan tək meydanda mübariz istər. Bu
dərman da yuxusuzlar üçündür. Bir həb atsa, şirin yuxuya gedib rahat olar. Lakin
dərmanlarımın şahı budur.
Bunu qəlyanın başına qoyub çəkəndə adam üçün bir başqa aləm açılır. Onu
tərif etməkdən özüm də acizəm. Bir sözlə, rəbbiniz vəd etdiyi cənnəti bu dünyada
görürsünüz.
R i z v a n (daxil olur.) Mən sən hərifi yenə də görürəm.
Ş e y t a n. Yenə bu şiş papaq!
R i z v a n. Yoldaşlar, bu hərifi əhatə ediniz. Qaçmağa qoymayınız.
Onun ətrafını alırlar.
R i z v a n (qutudakı şuşəni əlinə alır.) Bilirsinizmi bu nədir?
H a m ı. Xeyr.
R i z v a n. Bu şeytan icadı konyakdır. Bunu içib məst olanları və nə halda, nə
cür pis işlər tutduqlarını görmüşsünüz.
S a d ı q k i ş i. Hə, adamı qızmış aslana döndərdiyini anladım.
R i z v a n. Bu da tiryəkdir. Həbbini atanları nə hala salır, onu da görmüşsünüz.
A s l a n. Ey hərif, bizi bunlarla aldadırdın?
R i z v a n. Bu da əsrardır. Bunu çəkən adam bir hala duşür ki, at ləpiri kimi su,
onun gözündə bir böyük çay görünür. Paltarını soyunur ki, o çayı üzüb keçsin.
Gülüşürlər.
T e y m u r. Vay sənə lənət, hərif gör bizi nəyə öyrədirmiş?
A s l a n. Teymur, deyəsən o bizi aldadan şəxsə oxşayır.
R i z v a n. Onun özüdür, ancaq libasını dəyişdirmiş. Bir az bundan irəli başqa
surətdə qızlarınızı aldadıb dağlara aparmaq istəyirdi, mən qoymamışam.
Q a r a H ü s e y n. Bəs nə üçün bunu tutub həbsə almırsınız?
R i z v a n. Tutulacaqdır və cəzasını da alacaqdır. Qoyun görək kimdir.
H ə s ə n q u l u. Kim olacaqdır? Şərir fəsadçının biri.
Ş e y t a n. Rütbəmi azaltma.
R i z v a n. Bəs sən kimsən?
Ş e y t a n (ust libasını atır.) Şeytan.
C ü m l ə s i. Şeytan!
Ş e y t a n.
Ey vay, bu nə aləm, bu nə dövran, bu nə halət?
Nərdən yetib insanlara boylə mələkiyyət?
Bu bəndələrim-qullarım hər an mənə tabe,
Olsunmu o zəhmətlərim indi hamı zayə?
Qan yağdıraram fitnə ilə ərzə səmadən,
Qorxmam nə bəşərdən, nə mələkdən, nə qəzadən:
Beş guşəli yıldız məni məğlub edir ey vah,
Mənsə yenə öz qüvvəmi-naçizimə gümrah.
Qaçmaq, bunların əmri olubdur mənə mükül,
Etmək gərək ol Asiyadə fitnəni təşkil.
Ha, ha, ha!

Pərdə

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG