Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Mitinqlər daxildən yoxsa xaricdən gələn sifarişdir?


Mübariz Əhmədoğlu
Mübariz Əhmədoğlu
«Panorama» verilişində suallara Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu və «Azadlıq» qəzetinin redaktor müavini Rahim Hacı cavab verir.

- Prezident İlham Əliyev cənub rayonlarında səfərdə olarkən müxalifətin etiraz aksiyaları ilə bağlı münasibətini açıqladı. İlham Əliyev dedi ki, hansısa ölkədə baş verən bir hadisə müxalifəti ruhlandırır. Onun fikrincə, xarici dairələrdən göstəriş alan ünsürlərə Azərbaycan xalqı çoxdan yox deyib. Siz bu aşıqlamanı necə qarşıladınız?

Mübariz Əhmədoğlu:

«MİTİNQLƏRƏ SOSİAL SİFARİŞ YOXDUR»

- Prezidentin verdiyi qiymət tamamilə düzgündür. İlham Əliyev ölkənin prezidentidir və seçiləndən sonra bəyan edib ki, pisə də, yaxşıya da mən cavabdehəm. Yəni, belə bir bəyanat müəllifinin hadisələrə məhz elə münasibəti olmalıdır. Burada əsas istiqamət odur ki, bu aksiyalar ölkənin daxilindən qaynaqlanmır. Ölkədə bu mitinqlərə sosial sifariş yoxdur. Haçansa, haradasa nəsə olur və onu kimlərsə götürüb Azərbaycan cəmiyyətinə ekstrapolyasiya etmək istəyir. İndi də konkret misal bu ərəb dövlətləridir. Müxalifət də, sosial şəbəkə iştirakçıları da, xaricdə olanlar da canlanmanın məhz ərəb dünyası ilə bağlılığını gizlətmirlər. Seçilən xarakterik terminlər – «Xalq Günü», «Qəzəb Günü» də göstərir ki, bizdə də ərəb inqilablarına bir istinad var. Hələ ki, ərəb ölkələrində baş verən inqilabların öz xalqlarına bir faydası yoxdur. Bu proses gedir. Hələ ki, bu proses başa çatmayıb ki, onun nə olduğunu deyək.
Rahim Hacı
Əslində, 5 il 6 il əvvəl narıncı inqilabların baş verdiyi ölkələrdə də bir inkişaf yoxdur. Ona görə də belə bir vəziyyətdə Azərbaycan cəmiyyəti xarici təsirlərdən qorunmalıdır...

Rahim Hacı:

«İNDİ AİLƏ HAKİMİYYƏTLƏRİNƏ SON QOYULUR»

- İlham Əliyevin qiymətləndirməsi inqilabların baş verdiyi ərəb ölkələrinin rəhbərlərinin ilkin qiymətləndirmələri ilə eynidir. Məsələn, Misirdə, Tunisdə meydanlara çıxan xalqı narkoman, xarici kəşfiyyatın əməkdaşları adlandırırdılar. Nəticədə narkoman, satqın deyilən xalq 10 illərlə onların haqlarını tapdayan ailə hakimiyyətlərinə son qoydu. Heç şübhə yoxdur ki, həmin ölkələrdə sabitlik də bərpa ediləcək. Əsas məsələ xalqın azadlığa qovuşmasıdır. Azadlıq bütün problemlərin həllinə imkan yaradır. Son vaxtlar Azərbaycan rəsmilərinin çıxışlarında bir isterika, qorxu var. Ona görə də azadlığa çıxmağa can atan xalqa qarşı, bütün qanuna, əxlaqa, mənəviyyata zidd yollara əl atılır. Ancaq başa düşmürlər ki, bu, qlobal bir prosesdir. Necə ki, ötən əsrin 80-ci illərində Şərqi Avropa ölkələri bir-birlərinin ardınca azadlığa qovuşdular. Onda rejimlər dəyişirdi, indi də ailə hakimiyyətlərinə son qoyulur. Adamlar bir saat, 2 saat dinc şəkildə toplaşar, sözünü deyər dağılıb gedərlər. Əgər sən doğrudan da xalq üçün böyük işlər görmüsənsə, nədən qorxursan?

XS
SM
MD
LG