Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:55

Mətbuatın tarixi, yoxsa tarixin mətbuatı?


Vəziyyət bu cür davam etsə, azad mətbuatı da siyasi partiyaların aqibəti gözləyir
Vəziyyət bu cür davam etsə, azad mətbuatı da siyasi partiyaların aqibəti gözləyir

Hər il mətbuat günü mətbuat sözün əsl mənasında artıq tarixə qovuşmuş fenomen kimi yada salınır. Səbəbi budur ki, çağdaş durum xeyli ağırdır. Yeni uğurlarla öyünmək üçün əsas çox azdır. İldən-ilə azad sözün sərhədləri daralır, qəzetlərin sayı və dövriliyi azalır, mətbuata qarşı təqiblər və məhkəmələr isə artır. Bunu beynəlxalq təşkilatların və böyük dövlətlərin münasibətindən, hesabatlarından da duymaq olar. Ölkə artıq «jurnalist həbsxanası» kimi səciyyələndirilib. Avropa Şurasının təmsilçiləri Azərbaycanda jurnalistikanın və jurnalistlərin vəziyyəti ilə bağlı həyəcanlı bəyanatlar verməkdə davam edirlər. Amma özlərini «məsuliyyətli» və «suveren demokratiya», «etik jurnalistika» tərəfdarları kimi təqdim edən dövlət rəsmiləri bu bəyanatlara çox etinasız yanaşır, ölkədə mətbuatın fəaliyyəti üçün heç bir problemin olmadığını iddia edirlər.


Həbs olunmuş jurnalistlərlə bağlı rəsmi dairələr onların başqa maddələrlə həbs olunduğunu, məhkəmələrin müstəqil olmasını bəhanə gətirir və bununla da əfv fərmanını yubadırlar. Amma Azərbaycanda insanların qeyri-siyasi maddələrlə təqib olunması adi haldır

Bunun əksini sübut edən faktlar isə göz önündədir. Təkcə son bir ildə iki baş redaktor həbs olunub, iki aparıcı qəzetin fəaliyyəti dayandırılıb.


Bütövlükdə isə ölkədə azad sözə qarşı ikili münasibət hiss olunur. Bu hal daha çox hakimiyyətin davranışında müşahidə edilir. Bir tərəfdən iddia olunur ki, azad sözə və mətbuata qarşı ictimai diqqət yox dərəcəsindədir, insanlar qəzetləri izləmirlər, onlarla maraqlanmırlar. Dövlət rəsmiləri bunu bəhanə edərək müstəqil qəzetlərə demək olar ki, müsahibə və informasiya vermirlər. O biri tərəfdən də mətbuata qarşı təqiblər səngimək bilmir, jurnalistlər biri-birinin ardınca həbs olunmaqda davam edir, üzücü məhkəmə prosesləri jurnalistlərə işləməyə imkan vermir. Həbs olunmuş jurnalistlərlə bağlı rəsmi dairələr onların başqa maddələrlə həbs olunduğunu, məhkəmələrin müstəqil olmasını bəhanə gətirir və bununla da əfv fərmanını yubadırlar. Amma Azərbaycanda insanların qeyri-siyasi maddələrlə təqib olunması adi haldır. Bu, ona görə belə edilir ki, sonradan bu adamlar siyasi məhbus kimi qiymətləndirilməsinlər, baxmayaraq ki, beynəlxalq təşkilatlar artıq bu təcrübəni bilir və öz hesabatlarında qeyri-siyasi maddələrlə həbs olunmuş jurnalistləri vicdan məhbusları kimi dəyərləndirirlər. Məhkəmələrin müstəqilliyinə gəldikdə isə bu tezis heç də həqiqəti əks etdirmir. Azərbaycan məhkəmələrinin vəziyyəti və onların çıxardığı qərarlar dəfələrlə ən müxtəlif səviyyələrdə, xüsusən də beynəlxalq təşkilatlar tərəfindən tənqid edilib. Hətta mətbuatla bağlı ölkə qanunvericiliyinin özü qınaq obyektlərindən biridir. Böyük səylərə və tələblərə baxmayaraq hələ də «Diffamasiya haqqında» qanun qəbul edilməyib.


İş o yerə çatıb ki, ekspertlər müstəqil mətbuatın ümumiyyətlə taleyi ilə bağlı çox pessimist proqnozlar səsləndirirlər. Müstəqil mətbuat ancaq jurnalistlərin fədakarlığı və əzmkarlığı sayəsində hələ ki fəaliyyət göstərə bilir. Əgər vəziyyət bu cür davam etsə azad mətbuatı da siyasi partiyaların aqibəti gözləyir, onlar da partiyalar kimi formal mövcudluqla barışmalı olacaqlar. Buna qarşı müqavimət imkanları içə çox məhduddur. Prinsipcə, azad mətbuat nümayəndələri təşkilatlanaraq öz hüquqlarını müdafiə edə bilərdi. Amma ölkədə mövcud olan jurnalist təşkilatları demək olar ki, hakimiyyətin təsiri altına keçməyə üstünlük verir. Yeni təşkilatlanma üsulları tapmaq və onları indiki çətin dövrdə yaratmaq isə ağır məsələdir. İş o yerə çatıb ki, hətta jurnalistlər azad piket və aksiyalar keçirə bilmirlər. Bu isə jurnalistləri müdafiəsiz bir vəziyyətlə barışmağa vadar edir. Təbii ki, bütün bunlar ölkədə son vaxtlar demokratiyanın xeyli məhdudlaşdırılması ilə bağlıdır. Azad mətbuat da demokratik institutlardan biridir. Bütövlükdə demokratik proseslər və institutlar məhdudlaşdırılırsa bu, mətbuatdan yan keçə bilməz. Son illərdə siyasi partiyaların fəaliyyətinin zəifləməsi də mətbuata qarşı təzyiqləri artırır, hakimiyyət bütün diqqətini mətbuata qarşı yönəldir.


Hakimiyyətə yaxın jurnalist təşkilatları uzun müddətdir ki, mətbuata dövlət yardımı ilə bağlı proqram üzərində işləyirlər. Amma bu gün üçün daha böyük hədiyyə «Diffamasiya haqqında» qanunun qəbul edilməsi, jurnalistlərin qeyri-siyasi maddələrlə həbsinə və təqib edilməsinə son qoyulması, ölkədə sözün əsl mənasında azad söz mühitinin yaradılması olardı.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələrid ir.


XS
SM
MD
LG