Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 10:01

«Yazıq millət nə hakimiyyətindən yarıdı, nə də müxalifətindən…»


«Qərbin hansısa abstrakt addımını müzakirə edincə millətin içinə gedin...»
«Qərbin hansısa abstrakt addımını müzakirə edincə millətin içinə gedin...»
«Yeni Müsavat» qəzeti:


Qəzet yazır ki, «Amerika Azərbaycanla bağlı siyasətini dəyişir» fikri adamda artıq ironiya yaradır.


Azər Ayxan köşə yazısında belə yazır: «Müxalifət partiyalarının sədrləri, həmçinin funksionerləri tez-tez mətbuata deyirlər ki, Amerika Azərbaycan siyasətini dəyişir. Sadə dillə izah etsək, iqtidarı buraxıb demokratik qüvvələri dəstəkləyir... Canım nə dəyişiklik? Sadəcə, hər dəfə olduğu kimi, yenə də ABŞ başda olmaqla bir sıra aparıcı dövlətlər seçki öncəsi manevrlər edirlər. Əliyev iqtidarından daha çox şeylər qoparmağa çalışırlar. Məsələ bu qədər sadədir...».


«Müxalifət ən əsas və həlledici amili – xalqı kənara qoyub boş və perspektivsiz işlə məşğuldur. Qərbin hansısa abstrakt addımını müzakirə edincə birləşin, aranızdakı düşmənçiliyə son qoyun və millətin içinə gedin, onun dəstəyini, xeyir-duasını alın... Seçki qapını kəsdirib, bizim müxalifət hələ də boykot və seçkidə iştirak müzakirəsi aparmaqla məşğuldur. Bir də Amerikanın yerli-dibli olmayan, heç üfüqdə belə görünməyən dəstəyindən danışıb gün keçirirlər. Yazıq millət nə hakimiyyətindən yarıdı, nə də müxalifətindən…», - deyə A. Ayxan fikrini tamamlayır.




«Bizim yol» qəzeti:


«Ermənistan-Türkiyə gizli danışıqlarının nəticəsi necə olacaq?». Bu sualla qəzet politoloqlara müraciət edib.


Müsavatçı politoloq Qabil Hüseyn deyir ki, danışıqlarda beynəlxalq vasitəçilərin dəstəyi müəyyən rol oynayır: «Hər iki ölkəyə olan təzyiqlərdə əsas məqsəd bu ölkələr arasında sərhədi açmaqla münasibətləri yaxşılaşdırmaqdır. Uzun müddətdir Qərbdə belə bir fikir var ki, Cənubi Qafqazda möhkəmlənmək üçün ilk növbədə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq lazımdır. Bunun üçün də Qərb dəyərlərinin Ermənistana transfer edilməsi ilə yanaşı, həm də Avropa qapılarını sadə erməninin üzünə açmaq lazımdır. Bu məsələdə də Türkiyəyə xüsusi bir rol ayırıblar...».


Politoloq Zərdüşt Əlizadə isə bildirir ki, Ermənistanın Türkiyəyə xeyli iddiası olsa da, ikinci birincidən çox narazıdır: «Fəqət, hər iki ölkənin maraqları onları münasibətləri normallaşdırmağa sövq edir. Vaxtilə çox «göydən» gedən Ermənistanın hakim zümrəsi tədricən gerçəkliyə yaxınlaşır... Düzdür, Ermənistanda Rusiyanın adamı olmayan siyasətçi uğur qazana bilməz. İndi isə gerçəklik dəyişib, Ermənistanın iqtisadi qayğıları, xarici siyasət problemləri artıb və milli mənliyini yenidən qiymətləndirmək zərurəti yetişib. Belə olan şəraitdə Türkiyə ilə münasibətlərə yenidən baxmaq lazım gəlir... Əminəm ki, iki ölkənin iqtisadi münasibətlərinin güclənməsi Qarabağ probleminin də həllinə təsir göstərəcək».



«Ekspress» qəzeti:


«22.5 milyona 1 km yol!» başlıqlı yazıda deyilir ki, «dünya praktikasında birinci növ yolun 1 kilometrinin ən yüksək xərclərlə tikintisi 10 milyon dollara başa gəlir. Bu məntiqlə, uzunluğu 14 kilometr olan Əzizbəyov dairəsi-aeroport yolunun istifadəyə verilməsi üçün 120 milyon manat və yaxud 148 milyon dollar yetərli vəsait idi...


Ancaq Nəqliyyat Nazirliyi bu vəsaitlə kifayətlənməyərək hökumətdən əlavə maliyyə resursu istəyib və Baş nazir öz sərəncamıyla Əzizbəyov dairəsi-aeroport yolunun tikintisinə daha 135 milyon manat ayırıb. İndi uzunluğu 14 kilometr olan yolun tikintisi 315 milyon dollara - 1 kilometr yol 22.5 milyon dollara başa gələcək!».


Qəzet xatırladır ki, məbləği artan təkcə Əzizbəyov dairəsi-aeroport yolu deyil. Bakı-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinin aparılması üçün də əlavə maliyyə vəsaiti ayrılacaq. Təxminən 400 milyon həcmində əlavə maliyyənin ayrılması nəticəsində layihənin ümumi dəyəri 800 milyona çatacaq...


XS
SM
MD
LG