Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 13:30

Hakimiyyətin xarici dayaqları necə formalaşır?


Corc Buş və İlham Əliyev
Corc Buş və İlham Əliyev

Siyasətdə təbii fenomen hesab edilən lobbizm gündəlik təcrübədə həmişə müəyyən mübahisələrə səbəb olur. Bunun əsas səbəbi odur ki, bir çox hallarda lobbizm zamanı predmet ifrat dərəcədə siyasiləşir, hakim və milli maraqlar arasında tarazlıq pozulur. Təsadüfi deyil ki, İngiltərə mətbuatında Azərbaycanın da yararlandığı ABŞ lobbiçi təşkilatlarından biri haqqında dərc olunmuş məqalə böyük marağa səbəb oldu. Ekspertlərin məsələyə münasibəti müxtəlif oldu. Bir qrup ekspert bildirdi ki, əgər lobbizm milli maraqlar üçün həyata keçirilirsə bu, çox normal və təbii haldır. Digər qrup isə dedi ki, heç bir lobbizm ABŞ-la Azərbaycan arasındakı strateji maraqları dəyişə və üstələyə bilməz.


Sonuncu fikir həqiqətə daha yaxındır. Elə bu səbəbdən təbii sual yaranır: Azərbaycan hakimiyyətinin xarici dayaqları necə formalaşır?


Xarici dövlətlər və beynəlxalq təşkilatlar həmişə öz ölkəsindəki siyasi vəziyyətə nəzarət edə bilən siyasi qüvvələrə üstünlük verirlər. Bəzən onlar bunu «sabitlik» kimi sadə məfhum ilə ifadə edirlər. Artıq 15 ildir ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının idarəçilik sahəsində çox qüsurları var. Amma vəziyyətin nəzarətdə saxlanıla bilməsi danılmaz faktdır. Məhz bu amil hakimiyyətə qarşı beynəlxalq diqqəti formalaşdırır.



Demokratik hakimiyyətlərdə qərarlar bir qədər ləng qəbul olunur, onlar daha çox təftişə məruz qalırlar

Müxtəlif dövlətlər üçün bu münasibətlər fərqli çalarlar kəsb edir. Məsələn, belə bir faktı götürək. Bu yaxınlarda Rusiya prezidenti Bakıya səfər etdi. Amma Azərbaycan–ABŞ münasibətləri öz məzmununa görə Rusiya ilə münasibətlərdən kasad olmasa da, hələ də ABŞ prezidenti Azərbaycana səfər etməyib. Hətta bu yaxınlarda Gürcüstana səfər edən ABŞ Dövlət katibi Azərbaycana gəlmədi. Bu faktı müxtəlif cür yozurlar. Amma ekspertlərin fikrincə, bu amil bir daha onu göstərir ki, ABŞ üçün Azərbaycan enerji və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb etsə də, demokratiya və insan haqları məsələsi də heç də tamamilə arxa planda deyil. Elə bu səbəbdən ABŞ–Azərbaycan münasibətlərini dözümlülük həddində olan münasibətlər kimi qiymətləndirmək olar. Burada hələ də tükənməyən və müəyyən nəticələr verən balanslaşdırılmış xarici siyasəti də qeyd etmək lazımdır. Azərbaycanın GUAM çərçivəsində fəaliyyəti də Qərb dairələrində mövcud hakimiyyətə qarşı marağı artırır.


Burada Gürcüstanı xüsusilə qeyd etmək lazımdır. Rusiyanın «qaz müharibəsi»ndən sonra Azərbaycan faktiki olaraq Gürcüstanı xilas edib. Gürcüstana dəstək verməklə Azərbaycan dolayı yolla NATO-nun Cənubi Qafqazla bağlı planlarına dəstək verir. Bütün bunlar təbii ki, Qərbin siyasi dairələrində nəzərə alınır və bu siyasətin nəticəsində Azərbaycanın siyasi dairələri müəyyən dərəcədə dayaqlar qazanırlar. Hətta burada digər iki amili də qeyd etmək lazımdır. Bəzi məsələlərə görə, indiki hakimiyyət daha praqmatik hesab olunur. 15 ildir Dağlıq Qarabağ məsələsi həll olunmasa da, hakimiyyət ancaq daxili auditoriya üçün hərbi ritorikadan istifadə edir. Digər siyasi qüvvənin hakimiyyətə gələcəyi təqdirdə məsələnin bu cür davam edəcəyinə ümid yoxdur. Eyni məntiqlə neft layihələrini qeyd etmək olar. Demokratik hakimiyyətin dövründə qısa müddət ərzində, böyük sürətlə bu qədər neft layihəsinin imzalanmasını gözləmək çətin olardı. Demokratik hakimiyyətlərdə qərarlar bir qədər ləng qəbul olunur, onlar daha çox təftişə məruz qalırlar.


Amma təəssüf ki, beynəlxalq dəstək daha çox hakimiyyətin maraqlarını təmin etmək üçün istifadə edilir. BMT-də bu il keçirilən səsvermədə Azərbaycanın ərazi bütövlüyünü cəmi 38 dövlət müdafiə etdi. Amma indi Azərbaycanın 40 – dan çox dövlətdə səfirliyi var. Elə yerli diplomatlarla keçirilən müşavirədə səslənən tövsiyələr də daha çox hakimiyyətin maraqlarını təmin etmək məqsədi daşıyırdı. Bu da onun nəticəsidir ki, son illərdə ölkədə hakimiyyətin maraqları ilə milli maraqlar arasındakı sərhədlər silinib, bəzi hallarda hakimiyyətin maraqlarının milli maraqları üstələməsi prosesi gedir. Bu, diplomatik protokoldan tutmuş bütün digər səviyyələrin hamısında müşahidə olunur.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələrid ir.


XS
SM
MD
LG