Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:17

«Onsuz da bizim səsimizin mənası yoxdur»


«Vətəndaşlara yaşadıqları ərazilərdə səsverməyə imkan yaradılmalıdır»
«Vətəndaşlara yaşadıqları ərazilərdə səsverməyə imkan yaradılmalıdır»
«Bakıdakı inşaat şirkətlərinin hamısında rayonlardan gələnlər işləyir. Paytaxtda da qeydiyyatları yoxdur. Seçki günləri də rayonlara getmirlər. Deyirlər, onsuz da bizim səsimizin mənası yoxdur».

Bunu Mingəçevirdə qeydiyyatda olan, ancaq Bakıda tikintidə çalışan Fariz İmanov deyir. O bildirir ki, artıq neçə seçkidir səsvermədə iştirak etmir. Bunu həm seçkiyə inamının itməsi, həm də maddi problemlərlə izah edir:


«1988-ci ildən 1992-ci ilə qədər insanlar 40 günlə meydanlarda yatırdı. Çünki bilirdilər ki, 5-10 gün işləməsələr də çörək pulları olacaq. İndi işimizi ataq, rayona seçkiyə gedək?!»


Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyir ki, vətəndaşların qeydiyyatının olmaması və ya onların qeydiyyatda olduqları ərazilərdə yaşamamaları seçki saxtakarlığına yol açan başlıca problemlərdəndir. Onun sözlərinə görə, bəzi məntəqələrdə «karusel» - yəni bir nəfərin bir neçə dəfə səsverməsi əməliyyatına da məhz bu problem yol açır:


«İstər beynəlxalq, istərsə də yerli müşahidəçilərin hesabatlarında da qeyd edildiyi kimi, seçkidə belə şəxslərin səsindən saxtalaşdırma prosesində istifadə edilir».


Ancaq Bakıda qeydiyyat problemi ilə təkcə günəmuzd işləməyə gələn vətəndaşlar üzləşmirlər. Araşdırmalar göstərir ki, əyalətlərdən gəlib Bakıda hətta əyani təhsil alan tələbələrin də bir çoxunun qeydiyyatı olmur. Texniki Universitetin tələbəsi Hüseyn Qasımov deyir ki, onun tələbə yoldaşlarının 50 faizindən çoxu qeydiyyatsız yaşayır. Seçki günlərində onlar da səsvermədə iştirak etmək üçün qeydiyyatda olduqları rayonlara getmirlər:


«Əlimizdən başqa heç nə gəlmir. Nə qədər uşaq var, kirayədə qalırlar. Səsdən ötrü rayonlara gedə bilmirik».


Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyir ki, qeydə alınmamış seçicilər günəmuzd işçilər və tələbələrlə bitmir. Onun sözlərinə görə, son illər Bakıda və ona bitişik ərazilərdə çoxsaylı yeni qəsəbələr salınıb. Əksər qəsəbələrdəki bir çox həyat evlərinin sakinlərinin isə nə evlərinin sənədləri, nə də yaşadıqları yerə qeydiyyatı var.


Bakının Masazır qəsəbəsinin sakinlərindən Allahverdi Kərimovun isə qeydiyyatı var. Amma Masazırda yox, Əhmədli qəsəbəsində. Səsvermə məntəqəsi yeni evindən uzaq olduğundan seçkilərə getmir. Allahverdi Kərimov deyir ki, onun əksər qonşuları elə doğulduqları rayonlarda qeydiyyatda qalıblar. Seçki günü onlardan birinin də rayona səsverməyə getdiyi halı ilə qarşılaşmayıb:


«Kim çörək pulunu atıb, rayona gedər? Nə var-nə var seçkidi!..»


Əslində Seçki Məcəlləsinə görə, vətəndaş qeydiyyatdan çıxmadan da yaşadığı ərazidə səsvermədə iştirak edə bilər. Bundan ötrü isə o seçki ərəfəsində qeydiyyatda olduğu rayona gedib yaşadığı ərazidə səsvermədə iştirak üçün müvafiq sənəd almalıdır. Hafiz Həsənovun sözlərinə görə, təcrübə göstərir ki, bir çox yaşayış yerini dəyişən insanlar qanunun bu imkanlarından istifadə etmirlər. Ona görə seçki mütəxəssisi deyir ki, Məcəllədə yenidən dəyişikliklərə ehtiyac var.


Hafiz Həsənovun fikrincə, həm vətəndaşlara yaşadıqları ərazilərdə səsverməyə imkan yaradılmalı, həm də yeni salınan qəsəbələrdə sənədlər qaydasında olmasa belə, sakinlər seçici kimi qeydiyyata alınmalıdırlar.


Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı isə deyir ki, bu, səsvermə prosesində əməlli-başlı xaos yarada bilər:


«Əsas məsələ məsuliyyətdir. Elə Türkiyə vətəndaşı var ki, Almaniyada işini atıb gəlib seçkidə iştirak edir. Deməli, məsuliyyətlidir. İnandırıram sizi vətəndaş məsuliyyətli olmasa, seçki qutusunu onun evinin qabağına qoysan da səs verməyəcək».


Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev isə deyir ki, qanuna görə, yaşayış yerində qeydiyyatı olmayan vətəndaş son 6 ayı daimi bir yerdə yaşayırsa, həmin ərazidə səsvermədə iştirak edə bilər. Sarıyevin sözlərinə görə, onlar imkan daxilində belə vətəndaşları seçici siyahılarına salmağa çalışırlar. Ancaq sözçü deyir ki, gecəqondu və sənədsiz həyət evlərində yaşayan vətəndaşlar bu prosesdən kənarda qalır:


«Tutaq ki, Müşfiq qəsəbəsində düzəngahda yaşayır. Onu tapıb qeydiyyata almaq bizim üçün çətindir».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG