FİFA prezidenti Kristiano Ronaldonun transferi ilə bağlı vəziyyəti şərh edərkən bunu «müasir quldarlığa» bənzədib. Onun sözləri həm UEFA, həm də «Mançestr Yunayted» futbol klubu rəsmilərinin narazılığına səbəb olub. UEFA-nın nümayəndəsi Vilyam Qailhard bildirib ki, klublarda futbolçuların hüquqları müdafiə olunur. O, Blatterə cavab olaraq deyib: «Onu da xatırlatmaq vacibdir ki, qullar heç vaxt maaş almayıb».
«Mançestr Yunayted»in nümayəndəsi isə öz etirazını belə bildirib: «Bizim bütün oyunçular digər klublarda olduğu kimi, komandaya qəbul olunmazdan əvvəl açıq və sərbəst danışıqlar aparıb müqavilə imzalayır. Onların əksəriyyəti hətta FİFA-da qeydiyyatdan keçən agentlərin məsləhətlərindən istifadə edir».
Mübahisənin əsas səbəbkarı Kristiano Ronaldo isə Zepp Blatterin tərəfini saxlayaraq jurnalitlərə bildirb: «Siz artıq mənim dediyimi, mənim ürəyimdən keçəni və nəyi arzuladığımı bilirsiniz. Mən FİFA prezidenti ilə tam razıyam».
Son vaxtlar «Mançestr Yunayted»in oyunçusu Kristiano Ronaldonun «Real»a keçəcəyi ilə bağlı çoxsaylı söz-söhbət yaranıb.