Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:08

«Onlar neft pulları hesabına qısa müddət üçün oynaya bilərlər»


K.Rays «Azadlıq» radiosunun Praqadakı baş ofisində qonaq olub
K.Rays «Azadlıq» radiosunun Praqadakı baş ofisində qonaq olub

«Liderlərə mesajım budur ki, əgər onlar öz xalqlarına azadlıqdan irəli gələn yaradıcılıq və innovasiya imkanı verməsələr, bu hakimiyyətlər öz imkanlarını tam reallaşdıra bilməyəcəklər. Sadəcə olaraq, bunu edə bilməyəcəklər».


ABŞ Dövlət katibi Kondoliza Rays «Azadlıq» radiosunun Praqadakı baş ofisində qonaq olarkən belə deyib. O, jurnalistlərin «Amerika Orta Asiya və Cənubi Qafqaz regionunda öz enerji maraqlarına görə demokratiyanı arxa plana keçirir tənqidlərinə Sizin cavabınız nədir», sualına cavabında aşağıdakıları deyib:


«Onlar neft pulları, ya da dəyişmək barədə kənar təzyiqlərə davamlı olmaq qabiliyyətləri hesabına qısa müddət üçün oynaya bilərlər, hətta orta müddət üçün də. Amma onlar 18-ci əsrə məxsus sistemləri ilə heç vaxt beynəlxalq ictimaiyyətə, müasir dünyaya tam qoşula bilməyəcəklər».


Xalqlara mesaja gəlincə, xanım Rays deyib ki, Birləşmiş Ştatlar vətəndaş cəmiyyəti ilə işini davam etdirir, tələbələri Amerikaya dəvət edir, onlarla xalq arasında körpü yaradır:


«Dəyişiklik dərhal baş vermir, bəzi yerlərdə kifayət qədər asta gedir. Amma siz Türkmənistan kimi ölkələrə baxsanız, görərsiniz ki, məsələn, daha Niyazov hakimiyyətdə deyil. Və biz təzyiqləri aşağıdan yuxarı və yuxarıdan aşağıya qədər davam etdirəcəyik».


ABŞ Dövlət katibi bildirir ki, hakimiyyətlər xalqların öz azadlıqlarını qazanacaqları günə hazır olmalıdırlar:


«Adam heç vaxt bilmir, dəyişiklik nə zaman baş verəcək. Odur ki, belə hakimiyyətlər xalqların öz azadlıqlarını qazanacaqları günə hazır olmalıdırlar. Azadlıq məğlub edilməyəcək, bu, bir az vaxt apara bilər, ancaq arxa plana keçə bilməz».


Kondoliza Rays deyib ki, həqiqətən də Amerika bəzən avtoritar rejimlərlə əlaqələr qurmalı olur. Bu, onlara bəzi təhlükələrdən müdafiə olunmaq üçün gərək olur. Məsələn, Birləşmiş Ştatlar İsrail və Fələstin arasında sülhə nail olmaq üçün demokratik olmayan bəzi rejimlərlə əlaqə qurmalı olur, amma bu, israillilər və fələstinlilərə kömək etmək üçündür:


«Amma Amerika Birləşmiş Ştatları - mən də, prezident də həmin əlaqələr qurulanda, görüşlər keçiriləndə demokratiya haqda danışırıq. Demokratiya yalnız Amerika xalqına verilən bir bəxşiş deyil. Bütün insanlar bundan faydalana bilər. Azadlığa malik olmaq xoşbəxtliyi prezidentin dediyi kimi, insan ləyaqətinin inkar edilə bilməyən bir ehtiyacıdı. Hər bir kişi, qadın və uşaq azad olmağa layiqdi».


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli K.Raysın «hakimiyyətlərin xalqların azadlıq qazanmasına hazır olması» mesajını dünyada azad olmayan xalqlara yönəlmiş ismarıc kimi qiymətləndirir. Onun fikrincə, Azərbaycan hakimiyyəti xanım Raysın müsahibəsindən özünə pay götürməli və hesab etməməlidir ki, neft pulları hesabına sona qədər dayana biləcək:


«Ola bilsin ki, hansısa səbəblərdən ABŞ qeyri-demokratik dövlətlərə adekvat reaksiya vermir, amma onlar nə baş verdiyini bilirlər. Bu gün də olmasa, sabah reaksiya veriləcək. Bu mesaj həm də onu göstərir ki, ABŞ qeyri-demokratiyadan, avtoritar liderlərdən məmnun deyil. Bu ölkələrdə azadlığın həyata keçəcəyini, xalqların azadlıq mübarizəsinə qalxacağını gözləyir».


Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Mübariz Qurbanlı isə deyir ki, Kondoliza Rays öz mesajını daha çox Orta Asiya respublikalarına ünvanlayıb, nəinki Azərbaycana. Onun fikrincə, Azərbaycan demokratik dəyərlərin daha çox təmin edilməsinə çalışır:


«Bunu ona görə etmir ki, ABŞ-ın xoşuna gəlsin. Bu, Azərbaycanın seçimidi. Biz demirik ki, hər şey Avropa standartlarına uyğundu. Amma buna doğru gedirik».


«Məqam» Gənclər Təşkilatının keçmiş sədri Emin Hüseynli isə hesab edir ki, ABŞ və Qərb ölkələrində təhsil alan tələbələrin Azərbaycana verəcəyi töhfə təxminən 10-20 ildən sonra görünəcək:


«Xaricdə oxuyan tələbələrin internet şəbəkələri yaradılır. Bu şəbəkələrdə demokratik fikirlər yayılır. Şəbəkələşmə yavaş-yavaş da olsa gedir, bunun az da olsa xeyri var. Amma hələ ki, bu insanlar qorxu içindədi, öz potensiallarını reallaşdıra bilmirlər».


Politoloq Zərdüşt Əlizadə isə deyir ki, onsuz da dünyada gedən siyasi proseslər qeyri-azad dövlətləri demokratiyaya qovuşduracaq. Ona görə də, o, Kondoliza Raysın açıqlamalarını əhəmiyyətli saymır. Z.Əlizadə hesab edir ki, neft-qaz ehtiyatları tükənənə qədər ABŞ Azərbaycanın indiki hakimiyyətilə əməkdaşlığını saxlayacaq:


«Bəzi hallarda onları dəstəkləyəcək. Seçkilərin nəticələri rəsmi elan olunmadan seçkini saxtalaşdıran şəxsi təbrik edəcək. Biz ABŞ-ın Əliyev hakimiyyətinə gizlədilməyən dəstəyinin şahidiyik».


Politoloq ABŞ-ın Azərbaycan müxalifətinə, vətəndaş cəmiyyəti strukturlarına göstərdiyi dəstəyi inkar etmir. Amma bildirir ki, hakimiyyətə göstərdiyi münasibətlə müqayisədə bu, çox azdı.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG