Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Müasirləşmək, yoxsa demokratikləşmək?


Ölkə sanki seçki ilində yaşamır
Ölkə sanki seçki ilində yaşamır

Avqust ayında seçki prosesinə rəsmi start veriləcək. Cəmi bir ay qalıb. Bu bir ay ərzində böyük siyasi tədbirlər həyata keçirmək mümkün olmasa da, seçkiyə münasibəti müəyyənləşdirmək, seçkidə iştirak məsələsinə aydınlıq gətirmək mümkündür.


Hakimiyyətin siyasəti isə öz ahəngində davam edir. Seçki qanunları Yeni Azərbaycan Partiyasını qane edəcək formada qəbul olundu. Gözlənildiyinin əksinə olaraq Avropa Şurası da bununla bağlı hər hansı bir təzyiq nümayiş etdirə bilmədi. Elə Avropa Şurasının Parlament Assambleyasının prezidentinin Bakıya səfəri də ciddi müzakirələrə və dəyişikliklərə səbəb olmadı. Müxalifətin sammitindən isə ancaq qəzetlər kiçik reportajlar verməklə kifayətləndilər, müxalifətlə bağlı informasiyaları efirə verməyən elektron KİV-lər isə bu məsələyə ümumiyyətlə toxunmadılar.


Beləcə, səfirlər və xarici ekspertlər bu il keçiriləcək prezident seçkisinin ölkə üçün möhtəşəm perspektivlər açdığını desələr də, reallıqda bunu hiss etmək çox çətindir. Ölkə sanki seçki ilində yaşamır. Amma bu yalnız iyulun sonuna qədər belə davam edə bilər. Növbəti aydan başlayaraq istər-istəməz hamı seçki haqqında informasiya eşidəcək, müəyyən mənada bu prosesə cəlb ediləcək.


Çox maraqlıdır ki, bütövlükdə Cənubi Qafqaz regionunda indi dinamik siyasi proseslər cərəyan edir. Azərbaycan bu baxımdan bir qədər fərqli durumdadır. Bunun səbəbini müxtəlif cür yozurlar. Hətta dünyada qlobal demokratiya böhranının yaşandığını deyənlər də var. Amma Azərbaycan rəsmilərinin çıxışlarını, hakim partiyanın ideoloqlarının yazılarını oxuduqda bir çox mətləblər aydınlaşır.



Əslində demokratiya və insan haqları heç bir dövlətin daxili işi deyil. Avropa Şurasına üzv olarkən Azərbaycan da bu siyasi fəlsəfəni rəsmən qəbul edib. Ancaq «suveren demokratiya» faktiki olaraq bundan imtina etmək deməkdir. Son illərdə ölkə rəsmilərinin davranışı buna canlı sübutdur

Azərbaycandakı siyasi proseslər müəyyən mənada Rusiyadakı proseslərə bənzəyir. Hakimiyyətə gələndən sonra sabiq Rusiya prezidenti Vladimir Putin demokratik və hüquqi dövlət anlayışını «effektiv dövlətçilik» anlayışı ilə əvəz etdi və bundan sonra ölkədə söz azadlığının və siyasi hüquqların məhdudlaşdırılması prosesi başlandı. İndi Rusiyada hökumətin siyasətini tənqid edən çox az nəşrlər var, siyasi partiyaların fəaliyyəti nəzərə çarpmır.


Azərbaycanda da demokratiya anlayışına alternativ axtarmaq və ya onu milli, yerli formada təqdim etmək cəhdləri çox olub. Milli demokratiya axtarışları hələ Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsindən əvvəl müşahidə edilib. Amma həmin dövrdə bu, daha çox ictimai diskussiyalarda təzahür edirdi. Yeni Azərbaycan Partiyası hakimiyyətə gələndən sonra isə bu, dövlət siyasətinin bir istiqamətinə çevrildi. Dövlət rəsmiləri demokratiyaya müxtəlif şərhlər, yozumlar verməyə başladılar. Əvvəlcə «məsuliyyətli demokratiya» anlayışı meydana çıxdı. Bununla ölkədə mövcud olan sərt avtoritar rejimə haqq qazandırmağa cəhd etdilər. Hakimiyyət daim xaricdən demokratiyanın vəziyyəti ilə bağlı tənqidlərə məruz qaldığından sonradan «suveren demokratiya» anlayışı yarandı. Bu, daha çox neftdən gələn gəlirlərin artmağa başladığı son dövrlərə aiddir.


Daxili maliyyə resursları qazanan hakimiyyət əldə etdiyi iqtisadi müstəqillikdən siyasi müqavimətini artırmaq üçün istifadə etməyə başladı. Əslində demokratiya və insan haqları heç bir dövlətin daxili işi deyil. Avropa Şurasına üzv olarkən Azərbaycan da bu siyasi fəlsəfəni rəsmən qəbul edib. Ancaq «suveren demokratiya» faktiki olaraq bundan imtina etmək deməkdir. Son illərdə ölkə rəsmilərinin davranışı buna canlı sübutdur. Demokratiya və insan haqları ilə bağlı hər hansı irad böyük etirazla qarşılanır, bunun qərəzli olduğu bildirilir və daxili işlərə qarışmaq kimi qiymətləndirilir. Amma hakimiyyətin ideoloji axtarışları təkcə bununla məhdudlaşmır.


Son aylar dərc olunan yazılarda «demokratiya, yoxsa müasirləşmə» dilemması gündəliyə gətirilir və bir qayda olaraq müasirləşməyə üstünlük verilir. Əslində demokratiyanı müasirləşmə olmadan və ya əksinə müasirləşməni demokratiyasız təsəvvür etmək mümkün deyil. Azərbaycan rəsmilərinin çıxışlarında isə bunlar alternativlər kimi səslənir. Bu da təbiidir. Ona görə ki, demokratiyaya alternativ ideya axtarılır. Amma tarixi təcrübə göstərir ki, heç bir ideya azadlıq və demokratiya ilə rəqabət aparmaq gücündə deyil. Belə axtarışlar müxtəlif dövrlərdə başqa ölkələrdə də olub və bir qayda olaraq uğursuzluqla nəticələnib.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələri olub « Azadlıq » radiosunun rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər.


XS
SM
MD
LG