Məhkəmə iddiasıyla jurnalist Qənimət Zahidi tutduran qadın axtarışda imiş.
Bunu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu iddia edir. Təşkilat bildirir ki, Sevgiladə Quliyevanın fotoşəkli Bakı şəhər Baş Polis İdarəsinin qarşısında axtarışda olan cinayətkarlarla bir sırada asılıb. Təşkilat bununla bağlı videonu da öz saytına yerləşdirib.
Polis İdarəsinin qarşısına vurulan «Diqqət! Axtarış!» elanında yazılıb ki, Sevgiladə Quliyeva Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə – oğurluq ittihamı ilə axtarışdadır.
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidi bu ilin martında 4 il müddətinə azadlıqdan məhrum ediblər. İttihama görə, o, xuliqanlıq edib - küçədə Sevgiladə Quliyevaya sataşıb.
Jurnalistin vəkilləri deyirdilər ki, iş quramadır və siyasi sifariş səciyyəsi daşıyır.
İş günü başa çatdığı üçün məsələyə Daxili İşlər Nazirliyinin münasibətini öyrənmək mümkün olmadı. Məsələyə sabah təkrar qayıdacağıq.
![]() |