Bakıda Azərbaycanın xaricdəki səfirləri və konsulluq rəhbərlərinin iştirakı ilə müşavirə başlayıb. Beş gün davam edəcək tədbirdə məqsəd ölkənin xarici siyasət kursunu yenidən nəzərdən keçirməkdir.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Xəzər İbrahim deyir ki, tədbirdə xarici siyasətin gələcək strategiyası da müəyyənləşəcək:
«Prezident İlham Əliyev diplomatlar qarşısında çıxış edəcək, bəzi tapşırıqlar verəcək».
Müşavirə mətbuat üçün qapalıdır.
Con Hopkins Universitetinin Qafqaz və Orta Asiya regionları üzrə tədqiqat direktoru Svante Kornell deyir ki, Azərbaycan diplomatiyasının vahid konsepsiyası olmalıdır:
«Ölkənin beynəlxalq siyasət, Dağlıq Qarabağ problemi və enerji ilə bağlı öz strategiyası, planı olmalıdır».
Yerli tənqidçilər diqqəti ona yönəldirlər ki, Azərbaycanın xarici siyasət konsepsiyasının yaradılması yubadılır.
Onların fikrincə, bu cür müşavirələr sırf təlimat xarakteri daşımamalı, daha böyük suallara aydınlıq gətirməlidir.
Belə ki, tənqidçilərə görə, ölkə impulsiv xarici siyasət yürüdür. Qərblə Rusiya arasında aydın seçim edə bilmir.
Azərbaycanda səfirlərin müşavirəsi 2004-cü ildən keçirilir. Budəfəki müşavirədən sonra diplomatlar münaqişə zonasına - Fizuli rayonuna gedəcəklər.