Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:09

Medvedevin qazlı diplomatiyası


Azərbaycan öz qazının nə qədərini satmağa razı ola bilər?
Azərbaycan öz qazının nə qədərini satmağa razı ola bilər?

Rusiya Azərbaycan qazının hamısını almaq istəyir, ancaq Azərbaycan qazın bir hissəsini satmağa razıdır. Rusiya prezidenti Dmitri Medvedev Bakı səfərinin ilk günü İlham Əliyevlə bu haqda müzakirə aparıb. Ancaq əsas sual odur ki, Azərbaycan öz qazının nə qədərini satmağa razı ola bilər? Bunu demirlər.


Keçən ay Fransada biznes konfrans keçirilirdi. Orda «Qazprom»un sədri Aleksey Miller Amerikanın və Avropanın Xəzər regionunun qaz istehlakçıları ilə sövdələşmələrini «səhv oyun» adlandırdı. O, dedi ki, indi hamı Xəzər regionunda qazı yerindəcə birbaşa sahibindən almağa çalışacaq, bu da qazın qiymətini artıracaq. Avropanın qaz təchizatında müxtəlifliyi isə yaratmayacaq. Yəni, Avropa məsələn, türkmən qazı alacaq, ancaq yenə həmin Rusiyadan. Bunu yazan «Financial Times» deyir ki, sonrakı hadisələr göstərir ki, bu, «Qazprom»un strategiyasıdır.


«Rusiyanın istədiyi odur ki, heç kim Avropaya qazı onun iştirakı olmadan sata bilməsin. Rusiya bunu Xəzər regionunda Qazaxıstanla, Türkmənistanla və Azərbaycanla edir, Yaxın Şərqdə isə Liviya və Əlcəzairlə».


Bunu isə Amerika Ordusunun Hərbi Kollecinin professoru Stefen Blank «Eurasia View»da yazır.


Dünyanın ən nüfuzlu qəzetlərindən olan «Financial Times» Rusiya prezidentinin üç Xəzəryanı ölkəyə, o cümlədən Azərbaycana səfərinin aparıcı motivinin məhz qaz diplomatiyası olduğunu yazır.


Qəzetin fikrincə, Medvedev Azərbaycana «Qazprom»un təklifini möhkəmləndirməyə gəlir ki, Bakı öz qazını Rusiyaya satsın.


Ancaq Azərbaycan buna gedəcəkmi? Qəzet hesab edir ki, Rusiyadan yan keçən mühüm qaz kəməri çəkən Azərbaycan öz qazının böyük hissəsini Rusiyaya satmağa çətin gedə. Çünki bu, Azərbaycanın Amerika ilə möhkəm enerji əlaqələrini laxlatmaq riskidir.


Milanda qərarlaşan equilibri.net enerji saytının təhlilçisi Federiko Bordonaro «Azadlıq» radiosuna deyir ki, Azərbaycan Rusiyanın strategiyasına əngəl olaraq qalır:


«Azərbaycan 1990-cı illərdə Rusiyanın nüfuz caynağından xilas ola bildi. Onun tikdiyi Bakı-Ceyhan və Bakı-Ərzurum kəmərləri Rusiya kəmərlərinə real alternativdir. Azərbaycanın uzaqlaşdığını Rusiya da başa düşür».


Rusiyanın problemi təkcə Azərbaycanla yox, Medvedevin iyulun 5-də gedəcəyi Türkmənistanla da yarana bilər. Öz qazını Rusiyaya satmağın riskini deyəsən, Türkmənistan da anlayır.


«Financial Times» yazır ki, «Qazprom»un sədri Miller qaz almaq təklifini Azərbaycan prezidentinə şəxsən deyə bildisə, keçən ay Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov Millerlə görüşmək istəmədi.


Culiya Nanay, «PFC Energy» adlı məsləhət şirkətinin direktoru qəzetə deyib ki, Xəzər regionunun bütün qaz kartları nəhəng qaz ehtiyatlarına malik Türkmənistanın əlindədir. Türkmənistanın həm Rusiya, həm də Çin üçün həlledici əhəmiyyəti var. Avropa Birliyi ilə enerji əməkdaşlığı sazişi bağlayan Berdımuxammedov başa düşür ki, «Nabukko» imkanını buraxsa, qaz satmaqda Rusiyadan tam asılı vəziyyətdə qalacaq.


İşlətdiyi qazın 40 faizini Rusiyadan alan Avropa narahatdır ki, Moskvadan enerji asılılığına düşər. Ona görə də alternativ qaz mənbələri axtarır və Xəzər qazını Türkiyədən keçməklə Avropaya çıxaracaq «Nabukko» kəməri ideyasını müdafiə edir. «Nabukko» Avropaya ildə 30 milyard kub metr qaz çatdıra bilər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG