Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 02:15

Namizədlik işini neçəyə yazdırmaq olar?


Hazırda Azərbaycanda 8 minə yaxın elmlər namizədi, 2 minə yaxın isə elmlər doktoru var
Hazırda Azərbaycanda 8 minə yaxın elmlər namizədi, 2 minə yaxın isə elmlər doktoru var

«Elmdə rəqabət yoxdu. Bəzi şeylər baş verir, amma onun adı rəqabət deyil. İndi elmə şan-şöhrət üçün gəlirlər». Hüquq elmləri namizədi Bəhruz Kərimli deyir ki, elm bazarında rəqabət olmadığından doktorluq işini yazmağa həvəsi qalmayıb. Həm də gecə-gündüz işləyib ailəsini dolandırmağa məcburdu: «Mən dörd yerdə işləyirəm».


Gənc alim deyir ki, əgər elmdə sağlam rəqabət olsaydı, alimlər arasında ortaya yaxşı tədqiqat əsəri qoymaq uğrunda əsl yarış gedərdi. Amma indi elmdə yarış yaxşı tədqiqat uğrunda yox, şan-şöhrət üstündə gedir:


«Məmurlardı, deputatlardı, gəlirlər, elmi işlərini kiməsə yazdırırlar. Nəticədə öz işini özü yazmış alimlər kənarda qalırlar».


Bəzi gənc alimlər deyirlər ki, indi kiməsə namizədlik və ya doktorluq işi yazmaq çörək ağacına çevrilib. Hər sahənin də öz qiyməti var. Məsələn, bu bazarda tarix üzrə namizədlik işini 3-4 min dollara yazdırmaq olar. Artıq bir neçə belə sifarişi yerinə yetirən, adının çəkilməsini istəməyən gənc alimin sözlərinə görə, elm əvvəllər onun üçün cəlbedici olsa da, sonradan ədalətsiz münasibətlə üzləşib:



«Təsəvvür edin ki, Azərbaycan elminə bütövlükdə kapital qoyuluşu bir körpünün tikintisinə ayrılan vəsaitdən azdı»

«İki yerdə işləyirdim, aldığım əməkhaqqı yol pulumu ödəmirdi. İlk dəfə sifariş alanda çaşdım, çünki əslində rəqibiydik, filologiyanın eyni qolundaydıq, amma sonra fikirləşdim ki, onsuz da mənə, biliyimə qiymət verən yoxdu. Dedim, heç olmasa pul qazanım. İndi hərdən bir sifariş olur, əsasən namizədlik üçün. Doktorluq mövzusu götürmüşəm. Amma onun üçün yox ki, elmdə nəsə edim. Elə bilirəm ki, elmlər doktoruna daha çox sifariş verən tapılar».


Bir çox ekspertlər hesab edirlər ki, son illərə qədər elm sahəsində regionçuluq amili qabarıq olub və bu, rəqabətin qarşısını alan əsas amillərdən biri kimi qiymətləndirilib. Onların fikrincə, indi bunun yerini siyasi mənsubiyyət və hakim ailəyə yaxınlıq amili əvəzləyib.


Vaxtilə Attestasiya Komissiyasının üzvü olmuş, professor Nurəddin Məmmədli deyir ki, elmə dövlət qayğısı hiss olunmur. Məsələn, o, diqqəti ötən il elm sahəsinə 53 milyon manat ayrıldığı halda, təkcə Əzizbəyov körpüsünün tikintisinə 77 milyon manat xərclənməsinə yönəldir:


«Təsəvvür edin ki, Azərbaycan elminə bütövlükdə kapital qoyuluşu bir körpünün tikintisinə ayrılan vəsaitdən azdı».


N.Məmmədli də hesab edir ki, Azərbaycan elmində rəqabətsizlik hökm sürür. O, alimlərin maaşının azlığını, güzəran çətinliyini bunu doğuran səbəblərdən sayır. Məmmədlinin fikrincə, imkanlı, yüksək vəzifəli şəxslərin pulla elmi ad almaq hərisliyi, elm adamlarının ictimai nüfuzunun zəifləməsi və elmi bazanın müasir dövrün tələblərinə cavab verməməsi də rəqabəti pozan şərtlərdəndi.


Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov isə hesab edir ki, gənclərin elmə marağı azalıb və bunun əsas səbəbi maaşların azlığıdı. Onun sözlərinə, elmin maliyyələşdirilməsi, maddi-texniki bazanın yeniləşdirilməsi məqsədilə hökumətə təkliflər paketi hazırlayırlar.


Hazırda Azərbaycanda 8 minə yaxın elmlər namizədi, 2 minə yaxın isə elmlər doktoru var.


XS
SM
MD
LG