Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 12:41

Minlərlə adamı xilas edən siqnalın 100 ili tamam olur


«Titanik»in batması, 1908
«Titanik»in batması, 1908

Minlərlə adamı xilas edən SOS siqnalının 100 ili tamam olur.


Deyilənə görə, «Titanik» qəzaya uğrayanda operatorlardan biri Fran Yeoman «SOS göndər», deyib, «bu, yeni çağırışdır». Onun «yeni» adlandırdığı çağırışın indi yüz yaşı olur.


İlk dəfə 1908-ci il iyulun 1-də SOS dənizdə gəmilərin fəlakətindən xəbər verən siqnal kimi qəbul olunub.


«Times» yazır ki, o vaxt səslər radiodalğalar vasitəsilə yayımlana bilmirdi və dənizçilər morze əlifbasından istifadə edib, təhlükədə olduqlarını çatdırmağa çalışırdılar. SOS qlobal siqnal kimi qəbul olunana qədər fəlakət barədə xəbər vermək üçün CQD siqnalından istifadə olunurdu. Morze əlifbasıyla yazıldığından CQD siqnalını səhv başa düşmək mümkün idi. Amma SOS siqnalını çatdırmaq dəfələrlə asandır. Morze əlifbasıyla SOS yazmaq üçün üç nöqtə, üç xətt və yenə üç nöqtə yazılır.


Odur ki, xeyli müzakirələrdən sonra SOS-a üstünlük verildi. SOS yeni qlobal siqnal kimi qəbul olunandan az sonra uğur qazandı. 1909-cu ildə Azor adalarına çırpılan gəmidən SOS gəldiyi üçün hamının həyatını xilas etmək mümkün oldu.


Amma SOS həmişə xeyirli ola bilmədi.


1912-ci ildə «Titanik» gəmisi qəzaya uğrayanda operator həm CQD, həm də «yeni siqnal» adlandırdığı SOS-u göndərmişdi. Həmin vaxt yaxınlıqda olan gəmilər elə biliblər ki, «Titanik»dəkilər əylənirlər. Az sonra məlum oldu ki, SOS-u göndərən operator da, onunla gəmidə gedən 1500 sərnişin də okeana qərq olub. O vaxt SOS bir müddət siqnal kimi rədd olundu.


SOS-u ingilis dilində «Save Our Ship» («Bizim gəmini xilas edin») sözlərinin baş hərfləri kimi izah edirlər. «Dənizçiləri qurtarın», «bizim adamları xilas edin», «Kömək göndərin» çağırışlarının da ingiliscə baş hərfləri SOS olur. Rus dilində isə SOS-u belə açıqlayırlar: «Spasite ot smerti», yəni «Ölümdən qurtarın».


Bunlar sonrakı izahlardır. SOS siqnalı morze əlifbasıyla asan ifadə olunduğu üçün seçilmişdi. Hətta ingilislər deyirdilər ki, SOS alman sözünə oxşayır. Fransızlar isə ingilislərə məxsus heç nəyi qəbul etməzdilər. Amerikalıların və italyanlarınsa dənizdə fəlakətlə bağlı öz siqnal variantları var idi.


Amma SOS qısa, asan yazıldığı və tələffüz olunduğu üçün qlobal siqnal kimi yaşadı və yüz minlərlə adamı xilas edə bildi.


XS
SM
MD
LG