Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:09

«Minalı sahə»lər…


İlk inhisarlar tikinti materialları, ərzaq məhsulları, dərman biznesinə sirayət edib
İlk inhisarlar tikinti materialları, ərzaq məhsulları, dərman biznesinə sirayət edib

Bir müddət əvvəl xaricdən kolbasa və kolbasa məmulatları gətirən sahibkar Bədrəddin Quliyev bir çox idxal sahələrini «minalı sahə»yə bənzədir. Onun sözlərinə görə, artıq sahibkarlar ölkəyə hansı malı gətirə biləcəyini, hansını isə gətirə bilməyəcəyini yaxşı bilir. Bədrəddin Quliyev deyir ki, onun da kolbasa ticarəti hansısa məmurun maraqlarına toxunub: «Ona görə də çəkilib durmuşam bir kənarda».


İdxalda inhisarçılıq sahibkarların yaralı yeridi. Əgər müstəqilliyin ilk illərində hər kəs azad şəkildə istədiyi məhsulu ölkəyə gətirə, sərbəst ticarət qura bilirdisə, 1990-cı illərin ortalarından yavaş-yavaş ticarət sahələri daralmağa başladı.


Bəzi sahibkarların sözlərinə görə, ilk inhisarlar tikinti materialları, ərzaq məhsulları, dərman biznesinə sirayət edib, sonra isə belə sahələrin sayı çoxalıb. Şahidlər danışırlar ki, Tbilisidən gələrkən yolda yemək üçün bir neçə banan alıblar. Azərbaycan sərhədində banan gömrükçülərlə onların arasında mübahisə yaradıb. İdman mallarının ticarətiylə məşğul olan Asif Səmədov isə deyir ki, onun fəaliyyət göstərdiyi sahə inhisarda olmasa da, qapısını gündə bir məmur açdığından axırda yüksək vəzifəli bir şəxsin himayəsinə sığınmağa məcbur olub. Bədrəddin Quliyev isə bildirir ki, inhisarda olmayan bir sahə axtarır ki, qulpundan yapışsın.


Sahibkarlar Konfederasiyasının baş katibi Ələkbər Məmmədov də iqtisadi inhisarçılıqdan narazılıq edir, amma deyir ki, bu problem əvvəlki illərdə olduğu kimi qabarıq deyil. Onun fikrincə, sahibkarların üzləşdikləri problemlərin əsas səbəblərdən biri qanunvericilik bazasının təkmil olmamasıdı: «Son iki ildə Rəqabət Məcəlləsi müzakirə edilsə də, qəbul olunmayıb. Antiinhisar qanunu da icra olunmur».


Parlamentin İqtisadiyyat Daimi Komissiyasının üzvü Əli Məsimov isə deyir ki, Rəqabət Məcəlləsinin layihəsi ciddi iradlarla üzəşdiyindən yenidən işlənir. Bu məcəllənin qəbulundan sonra sahibkarların rəqabət problemləri öz həllini tapacaqmı? Məsələn, bu qanun xaricdən 50 min dollarlıq şüşə gətirən, ancaq onu ölkə gömrüyündən keçirə bilməyən sahibkara nə cür yardım edəcək? Əli Məsimov:


«Belə hallarda cəza tədbirləri həyata keçiriləcək. Eyni zamanda bizim Dünya Ticarət Təşkilatına üzv olmağımız da bu prosesdə əhəmiyyətli rol oynaya bilər. İndiki qanunlar 10-15 il əvvəl qəbul edilib. Orda cəza tədbirləri nəzərdə tutulsa da, ziddiyyəti məqamlar var. Ona görə də Rəqabət Məcəlləsinin qəbulu zəruridir».


Sahibkarlar Konfederasiyasının baş katibi Ələkbər Məmmədov deyir ki, hüquqi cəhətdən sahibkarın qarşısında heç bir maneə yoxdur: «Amma de-fakto ayrı-ayrı sahələrdə inhisarlar var, bəzilərinin bazara girməsinə məhdudiyyət qoyulur».


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə hesab edir ki, mövcud qanunlarla da inhisarçılığın qarşısını almaq olar. Ekspert deyir ki, ölkədə biznes sahələri ayrı-ayrı məmurlar arasında bölünüb: «Ümumiyyətlə, ölkənin iqtisadi strukturlarında, biznesin təşkilində problemlər var. Bunu təkcə qanunlarla əlaqələndirmək düzgün deyil».


İqtisadi İnkişaf Nazirliyi isə ayrı-ayrı sahələrdə məmur inhisarının olmasıyla bağlı deyilənlərlə razılaşmır. Nazirliyin əməkdaşı Abbas Əliyev deyir ki, məsələn, ölkəyə az qala 50 şirkət taxıl gətirir. Bu yerdə isə inhisarçılıqdan danışmaq ədalətsizlik olardı.


Bəzi sahibkarlar deyirlər ki, gəlirli sahələrdə inhisarın olmadığını göstərmək üçün ayrı-ayrı firmalar yaradılır, amma əslində bu şirkətlərin hamısı bir nəfərə və ya bir qrupa tabe olur.


Tanınmış «Forbes» jurnalı isə bu günlərdə dünyada biznes şəraitinin yaxşı olduğu ölkəni müəyyənləşdirib. İqtisadi və şəxsi azadlıqların da nəzərə alındığı bu reytinq cədvəlində Azərbaycan 82-ci yerdədi. Qonşu Ermənistan 63-cü, Gürcüstan 68-ci pillədədi. Ötən il bu siyahıda Azərbaycan 110-cu yerdə qərarlaşmışdı.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG