Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:25

«Parad olsun, kef olsun…»


«Azərbaycan ordusu 90-cı illərin ordusu deyil»
«Azərbaycan ordusu 90-cı illərin ordusu deyil»

«Yeni Müsavat» qəzeti:



… Mən 26 iyun paradımıza ciddi hadisə kimi baxmıram. Orada əslində maraqlı, fövqəladə bir şey də yox idi - televizordan seyr elədim. Parad göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri NATO sistemi ilə rus-sovet hərbi sistemi arasında girinc qalmış, hara getdiyini bilməyən, dumanlı perspektivə malik həftəbecər bir şeydir. Çağdaş dünyada çoxdan dəbdən düşmüş T-72 tankları, «Kamaz» maşınları, qeyri-dəqiqliyi ilə məşhur «Qrad» qurğuları ilə indi hansı düşmənə «xox» gələ bilərsən?


Yeri gəlmişkən, Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim yoldaş parad öncəsi çox maraqlı bir etiraf etmişdi: «Azərbaycan bu tədbirlə öz hərbi gücünü hər hansı xarici ölkəyə deyil, öz vətəndaşlarına göstərmək istəyir».


İkibaşlı ifadədir. Gücü görüb qorxdunuzmu, hörmətli zəhmətkeşlər? Mən hələ də əsirəm, bəlkə payızdakı prezident seçkisindən sonra da titrətməm keçmədi. Daxili Qoşunların, MTN-in xüsusi təyinatlıları Milli Orduya nisbətdə daha vahiməli təsir bağışlayırdı. Onları isə nə üçün hazırlayırlar - qosqoca «Azadlıq» meydanı unutmayıb...


Yəqin indən belə bu cür tədbirlərdən çox olacaq. Bir növ, ordumuz da şou-biznesə çevrilir, boş görüntülərə, mərasimlərə alət olur. Amma qeyd edim ki, bu paradda yeganə xoşladığım element hərbi təyyarəçilərimizin göydə Azərbaycan bayrağının şəklini çəkməsi idi...



«Yeni Azərbaycan» qəzeti:


Parada son illərdə aldığı ən müasir texnikalardan nümunələr çıxaran Azərbaycan bununla ölkənin hərbi gücünü layiqincə nümayiş etdirə bilir. Parad zamanı hər hansı bir problemin yaşanmaması, nizami keçidin uğurla baş tutması Azərbaycan ordusunun şəxsi heyətinin də hazırlıq səviyyəsinin yüksək olduğunu deməyə əsas verir...


Hərbi ekspert, ehtiyatda olan polkovnik İldırım Məmmədov isə paradın əhəmiyyətini şərh edərkən bildirib ki, bu tədbir xalq-ordu münasibətlərinin daha da inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir.


Ermənistan və Gürcüstanda keçirilən analoji tədbirlərlə müqayisə aparan ekspert bildirib ki, Azərbaycanın hərbi paradı həm piyadaların keçidi, həm də çıxarılan texnikaların say çoxluğu və müxtəlifliyi baxımından müsbət mənada fərqlənib:


«Ermənilərin paradı rusların təşkilatçılığı ilə keçirilməsinə baxmayaraq, çox gülünc görünürdü. Parada çıxarılan erməni əsgərinin üzünün ifadəsi, yerişi və digər hərəkətləri onların nizamsızlığından xəbər verir. Azərbaycanda isə bu, tamamilə fərqlidir. Hərbi məktəblərin müdavimlərinin, xüsusi təyinatlı bölmələrin keçidi bir daha deməyə əsas verir ki, Azərbaycan ordusu 90-cı illərin ordusu deyil. Milli zabit kadrlarla təchiz olunmuş milli ordumuz var».


Polkovnik qeyd edib ki, Azərbaycan parada ümumi qiyməti milyardlarla dollar olan hərbi texnikalardan nümunələr çıxarıb. Bu texnikaların bəziləri regionda yalnız Azərbaycanda var:


«Bu, Azərbaycanın aldığı texnikaların bir hissəsidir. Qeyd edim ki, Ermənistan ötən il keçirdiyi parada Rusiyanın bəxşiş etdiyi bəzi texnikaları çıxarmışdı ki, bunlar da əsasən ötən əsrin 60-cı illərində istehsal edilmiş və Rusiyanın silahlanmadan çıxardığı texnikalar idi».



«Azadlıq» qəzeti:


Yubiley-paradda İlham Əliyev maraqlı bir cümlə işlətdi: «İndi bizim hərbi büdcəmiz 2 milyard manatdır, yaxın vaxtlarda isə biz daha böyük rəqəmlər eşidəcəyik». Əlbəttə, bizə «rəqəmlər»dən başqa bir şey qalmır. Onsuz da bizim bütün inkişafımız rəqəmlərlə kağızların izdivacındadır.


Milli ordu tarixindən danışan oğul Əliyev 1992-93-cü illərdəki hərbi uğurlara toxunmadan, sonrakı tarixi təhriflərdən bəhs etdi. «Nizami ordu» mövzusunu anlatdı.


Bəli, bir il ərzində ciddi əməliyyatlar keçirmiş, işğaldan torpaqları azad etmiş ordu zəif ordu olub. Amma altı ayda yeddi rayonu verən sərkərdə ən güclü sərkərdə, 1995-ci ildə Qarabağda can qoyan cavanları qanına qəltan edib, qardaş qanı tökən ordu isə ən güclü ordudur. Bu nizami ordu hələ erməniyə bir güllə atmayıb...


XS
SM
MD
LG