Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:06

Alimlərin evləri alınır


Mənzillərə su, elektrik enerjisi, təbii qaz verilişi də dayandırılıb
Mənzillərə su, elektrik enerjisi, təbii qaz verilişi də dayandırılıb

«Bizim etirazlarımıza baxmayaraq Bakının Hüseyn Cavid prospektində yerləşən qanuni evlərimizi əlimizdən alırlar». Bu sözləri «Azadlıq» radiosuna Bakı sakini Lalə Əfəndiyeva deyib. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov və Baş nazirin müavini Abid Şərifov bina sakinlərinə bildirib ki, qəzalı olduğuna görə bütün kvartal köçürüləcək.


Sakinlər dəfələrlə tələb etsələr də, binanın qəzalı olmasını sübut edən ekspert rəyi onlara verilməyib.


Lalə Əfəndiyeva bildirir ki, bina sakinləri əsasən Milli Elmlər Akademiyasında çalışanlardır:


«Bu binada akademiklər, elmi işçilər yaşayır. Biz şəxsi təşəbbüsümüzlə bütün kvartalı iki dəfə ekspertizadan keçirtdik. Müasir avadanlıqlar vasitəsilə binanı yoxlayan mütəxəssislər bildirdilər ki, binalar qəzalı deyil, onların sökülməsinə heç bir ehtiyac yoxdur. Yalnız bəzi yerlərdə təməlbərkitmə işləri aparılmalıdır».


Buna baxmayaraq, artıq üç gündür polislər binanın iki blokunu möhürləyib, sakinləri içəri buraxmırlar. Sakinlər prezident İlham Əliyevə müraciət edəndən sonra BŞİH-in başçısı Hacıbala Abutalıbov və Baş nazirin müavini Abid Şərifov onlarla görüşüb. Rəsmilər kvartalın köçürüləcəyinin birmənalı olduğunu deyiblər.


Bundan sonra ərazidə polis postları qurulub. Hətta şəxsi əşyalarını götürmək üçün mənzillərinə buraxılmayan sakinlər Hacıbala Abutalıbovdan duruma aydınlıq gətirilənə qədər kirayədə qalmaq üçün vəsait istəsələr də, BŞİH başçısı dövlətin bunun üçün vəsaiti olmadığını bildirib.


İyunun 27-də sakinlərlə polislər arasında bir neçə dəfə toqquşma baş verib. Axşama yaxın sakinlər mənzillərinə daxil ola biliblər. Onlar bildirirlər ki, iyunun 27-i səhərdən mənzillərə su, elektrik enerjisi, təbii qaz verilişi də dayandırılıb.


XS
SM
MD
LG