Bu ilin 5 ayı ərzində Azərbaycanda hüquq mühafizə orqanları 550 kiloqramdan çox narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar. Bunun 397 kiloqramı həşiş, 94 kiloqramı tiryək, 36 kiloqramı marixuana, 23 kiloqramı isə heraindir. Ancaq beynəlxalq narkotiklərin tranzitinə çevrilən bir ölkədə dövryyədə məhz bu qədər mal olduğu çoxlarında şübhə doğurur.
Astara Gömrük İdarəsində Qaçaqmalçılıqla Mübarizə şöbəsinin keçmiş rəisi Elman Hüseynov deyir ki, statistik rəqəmlər real mənzərə ilə səsləşmir:
«Statistika olsa-olsa reallıqla 10-15 faiz üst-üstə düşür. Yəni ölkəyə daxil olan malın yalnız 15-20 faizi saxlanır».
Təqribən bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyi Gömrük Komitəsi ilə birgə əməliyyat keçirərək Astara rayonu ərazisində 42 kiloqrama yaxın heroini qanunsuz dövriyyədən çıxarıb. Bu işlə bağlı saxlanan şəxslər isə Türkiyə vətəndaşlarıdır. Artıq bir neçə gündür yerli telekanallar bu hadisədən ağız dolusu danışsalar da Elman Hüseynov həmin əməliyyatı uğursuz sayır:
«Onu gərək nəzarətə götürəydilər. Mal hara gedir. Bunlar isə elə burda tutdular. Bilinmədi ki, mal kimə gedir, onu himayə edən kimdir. Bu qəhrəmanlıq deyil».
Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Arif Babayev isə Azərbaycanda narkotik vasitələrin qanunsuz ticarətinə qarşı mübarizəni effektli sayır:
«Təkcə Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlər barədə sizə danışım. 2005-2008-ci illər arası 1 ton 100 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb. Bu zaman 70-dən çox cinayət işi qaldırılıb, 240 şəxs məsuliyyətə cəlb olunub. Onlardan 25 nəfəri əcnəbi vətəndaşlardır».
Azərbaycanda hüquq mühafizə orqanlarının narkotik vasitələrin ticarətinə qarşı effektiv mübarizə aparmaları xeyli mübahisəli məsələdir. Hər halda «Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov deyir ki, sərhəd rayonlarında narkotik aludəçiləri istənilən vaxt mal tapa bilirlər. Üstəlik əhali arasında belə bir fikir var ki, məsuliyyətə ya narkotik aludəçiləri ya da xırda «kurier»lər cəlb edilirlər. İri həcmli əməliyyatlarda iştirak edənlər və narkotik ticarətinin himayəçiləri isə bir qayda olaraq məsuliyyətdən kənarda qalırlar. Hərçənd təqribən bir neçə ay əvvəl Cəlilabad rayonunda hüquq mühafizə orqanlarının «narkobaron» kimi təqdim etdiyi İqbal Həsənov adlı bir şəxs həbs edilib. Biz onun klassik «narkobaron» anlayışına nə qədər cavab verib-vermədiyini deyə bilmərik, ancaq Cəlilabad rayonunda danışırlar ki, son illər cənub rayonlarında güc orqanlarının rəhbərləri məhz bu şəxsin xeyir-duası ilə təyin edilib. İstintaq materiallarında qeyd edilər ki, onun maşınına baxış keçirilərkən, ordan 1 kiloqrama yaxın həşiş, 1 kiloqrama yaxın tiryək, 20 qram isə heroin götürülüb. Bundan başqa maşında gecə görmə cihazları da aşkar edilib. İqbal Həsənovun istintaqın gedişində televiziyalarla yayılan ifadəsindən:
«Biz maşınla gedirdik. DYP bizi saxladı. Götürüb gətirdilər baş idarəyə…»
İqbal Həsənovun özünü «narkobaron» sayıb-saymadığı, bu işdə günahkar olub-olmadığı bizə məlum deyil. Bunu məhkəmə müəyyən etməlidir. Ancaq sual olunur. O necə «narkobaron»dur ki, öz maşınında 1 kiloqram həşiş, 1 kiloqram tiryək, 20 qaram heroin və gecə görmə cihazı saxlayır? Cəlilabad rayonunda danışırlar ki, İqbal Həsənov güc orqanları arasında gedən mübarizənin qurbanı oldu. O, kimlər üçünsə «narkobaron», kimlər üçünsə də sadəcə icraçı idi.
Cənub rayonlarından birinin keçmiş polis rəisi Əlövsət Əliyev deyir ki, Azərbaycanda istər insan, istər silah, istərsə də narkotik vasitələrin ticarəti nəzarətdə olan bir prosesdir. Onun sözlərinə görə statistikada ancaq dövriyyədən çıxarılan mallar öz əksini tapır:
«Nə üçün bizdə belə cinayət işləri birtərəfli aparılır. Nə mənbə, nə də himayəçilər məsuliyyətə cəlb edilmirlər. Çünki ya bu iş hüquq mühafizə orqanları ilə birgə həyata keçirilir, ya da hüquq mühafizə orqanları üçün onlar toxunulmaz qalırlar».
Əlövsət Əliyev deyir ki, indiyə qədər Azərbaycanda narkotik vasitələrin ticarətinə görə bir nəfər belə olsun yüksək çinli şəxsin məsuliyyətə cəlb edilməməsi təsadüf deyil.
Tutulanlar bir qayda olaraq «balaca adamlardır». Cəlilabad rayonunda narkotik vasitələrin satışına görə həbs edilən Şücaət Abbasov kimi. İndi onun həyat yoldaşı deyir: «Adamı olmadı getdi. Necə gündü fikirləşirəm. Bilmirəm uşaqları hara verim…»